Accessibility links

Ukrayna taxılı ilə yüklənmiş daha 17 gəmi yola çıxmaq üçün növbəsini gözləyir


Rusiyanın fevralın sonunda işğala başlamasından sonra ilk dəfə Ukraynadan taxıl ixrac edən yük gəmisi çərşənbə günü İstanbulda yoxlamadan keçib və yolunu təyinat yeri Livana davam edəcək.

Rusiya, Ukrayna, Türkiyə və BMT rəsmilərindən ibarət birgə mülki təftiş qrupu Razoni ticarət gəmisinin göyərtəsində təxminən üç saat vaxt keçirib.

Komanda iyulun 22-də imzalanmış Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində İstanbulda yaradılmış Birgə Koordinasiya Mərkəzinə (JCC) daxildir. O, sazişin icrasına nəzarət edəcək.

Birgə Koordinasiya Mərkəzi bildirib ki, komanda ekipaj və yüklə bağlı hər şeyin qaydasında olduğunu təsdiqləyib. Mərkəz bu sazişin icrası üçün ilkin “konseptin sübutu” əməliyyatının sona çatdığını göstərdiyini bildirib.

Kyivin İnfrastruktur Nazirliyi daha 17 gəminin yükləndiyini və cənubdakı Odessa, Çornomorsk və Yujnı limanlarından yola düşmək üçün icazə gözlədiyini bildirib.

Razoni Tripoliyə 26 min tondan çox qarğıdalı aparır. Müharibə səbəbiylə Ukraynada təxminən 20 milyon ton taxıl ilişib qaldığı üçün prezident Volodimir Zelenski çərşənbə günü avstraliyalı tələbələrlə video görüşündə ilk taxıl daşınmasının “hələ az” olduğuğu, lakin davam edəcəyinə ümid etdiyini deyib.

ABŞ dövlət katibi Antoni Blinken inkişafı alqışlayıb və bunun yalnız ilk addım olduğuna dair xəbərdarlıq edib. O, Rusiyanı razılaşmaya əməl etməyə çağırıb.

“Qara dəniz limanlarından kənd təsərrüfatı məhsullarının maneəsiz ixracını asanlaşdırmaq da daxil olmaqla, Rusiya öz öhdəliklərini yerinə yetirməlidir” Blinkenin bəyanatında deyilib.

XS
SM
MD
LG