Accessibility links

Ukrayna taxılını daşıyan gəmi Türkiyədə yoxlamadan keçib


Rusiyanın fevralın sonunda işğala başlamasından sonra ilk dəfə Ukraynadan taxıl ixrac edən yük gəmisi çərşənbə günü Türkiyə sahillinə çatıb və yoxlamadan keçib.

Türkiyənin Müdafiə Nazirliyi müfəttişlərin İstanbul yaxınlığında lövbər salan Syerra-Leone bayrağı altındakı Razoni gəmisində təxminən 90 dəqiqə qaldıqlarını bildirib.

Syerra-Leone bayrağı altındakı yük gəmisi Razoni Ukraynanın Odessa limanından Livana 26 min tondan çox qarğıdalı ilə yola düşüb.

Onun ilk dayanacağı İstanbul olub. Burada qlobal ərzaq böhranı fonunda Ukraynanın taxıl ixracını bərpa etmək üçün iyulun sonunda əldə olunmuş razılığa əsasən, xüsusi müştərək koordinasiya mərkəzinin əməkdaşları silah və ya digər qeyri-ərzaq məhsullarının olub-olmadığına əmin olmaq üçün gəmidə təftiş aparacaq.

Mərkəzə razılıqda iştirak edən dörd tərəfin - Ukrayna, Rusiya, Türkiyə və Birləşmiş Millətlər Təşkilatının rəsmiləri daxildir.

BMT-nin Baş katibi Antonio Quterreş bazar ertəsi Razoni-nin “ehtiyac duyulan iki çox vacib yüklə: qarğıdalı və ümidlə” yükləndiyini deyib. “Bu, bütün dünyada Ukrayna limanlarının dayanmadan işləməsindən asılı olan milyonlarla insanın ailələrini doyura bilməsi ilə bağlı ümiddir” - deyə, o bildirib.

“Bu gün Odessada şahidi olduğumuz mühüm başlanğıc nöqtəsidir. Bu, qlobal ərzaq bazarlarına rahatlıq və sabitlik gətirən bir çox kommersiya gəmilərindən birincisi olmalıdır,” o əlavə edib.

Quterreş deyib ki, “taxıl, gübrə və digər ərzaq məhsullarının inkişaf etməkdə olan ölkələrə münasib qiymətlərlə təmin edilməsi çox vacib humanitar şərtdir. Aclıq astanasında olan insanların sağ qalmaq üçün bu müqavilələrə ehtiyacı var”.

Quterreşin bildirdiyinə görə, yüklərin yenidən daşınmasının bir hissəsi olaraq, BMT-nin Ümumdünya Ərzaq Proqramı tezliklə Ukraynadan 30 min metrik ton buğda almağı və BMT-nin icarəyə götürdüyü gəmi ilə ölkədən çıxarmağı planlaşdırır.

Gəmi daşınmaları ilə bağlı müqavilə Ukraynanın cənubundakı limanlardan hərəkət edən yük gəmilərinin Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra nəzarət etdiyi Qara dəniz sularından təhlükəsiz keçməsini nəzərdə tutur.

XS
SM
MD
LG