Accessibility links

Putin Soçidə Ərdoğanla görüşüb


Rusiya prezidenti Vladimir Putin avqustun 5-də Qara dəniz sahilindəki Soçidə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlara başlayıb, bu iki lider arasında bir aydan az müddətdə ikinci görüş olub.

Ukraynadakı müharibənin sona çatması və Türkiyənin Suriyaya müdaxiləsi perspektivinin danışıqlarda üstünlük təşkil edəcəyi gözlənilir. Bu görüş Ərdoğanın Qara dənizdən Ukraynanın taxıl daşımalarını bərpa etmək üçün BMT-nin vasitəçiliyi ilə əldə edilmiş razılaşmanın təşkilində köməklik göstərdiyi diplomatik uğurdan sonraya təsadüf edir.

Görüşün əvvəlində çıxış edən Putin Ərdoğana ticarət və iqtisadi əlaqələri gücləndirmək üçün saziş imzalamağı gözlədiyini bildirib.

"Ümid edirəm ki, bu gün biz ticarət-iqtisadi əlaqələrimizin inkişafına dair müvafiq memorandum imzalaya biləcəyik" - deyə, Putin iki liderin danışıqlar üçün əyləşdiyi vaxtda bildirib.

Fevralın 24-də Kremlin başlatdığı müharibənin sona çatmasında rol oynamaq üçün həm Ukrayna, həm də Rusiya ilə isti münasibətlərindən istifadə etməyə çalışan Türkiyə lideri ev sahibinə ikitərəfli əlaqələrdə hər ikisinin "fərqli səhifə açacağına ümid etdiyini" deyib.

Türkiyənin dövlət televiziyası TRT-nin məlumatına görə, Ankaranın Suriyanın şimalında kürd silahlılarına hücum etmək üçün planlaşdırdığı hərbi müdaxilə də əsas müzakirə mövzularından biri olacaq.

Suriyadakı vətəndaş müharibəsində prezident Bəşər Əsədi dəstəkləyən Moskva bu yaxınlarda belə bir hücuma qarşı çıxmışdı.

Ankara ABŞ-ın dəstəklədiyi Suriya kürdlərinin Xalq Müdafiə Birliklərini (YPG) terror qruplaşması hesab edir və onun yerli üsyançılarla əlaqəsi olduğundan şübhələnir.

Vaşinqton və Rusiyanın vasitəçiliyi ilə əldə edilən iki atəşkəs razılaşmasından sonra Türkiyənin Suriyanın şimalındakı hücumu 2019-cu ildən bəri dayandırılıb.

Kremlin məlumatına görə, NATO üzvü Türkiyədən Rusiyaya potensial pilotsuz döyüş aparatlarının satışı da gündəmdədir.

Putin bu yaxınlarda Rusiyanın Türkiyənin "Baykar" dronlarının istehsalçısı ilə əməkdaşlıq etməyini təklif edib. Bu barədə Yerli CNN Türk ötən ay Ərdoğana istinadən bildirib.

Ukrayna Ordusu fevral ayında işğal başlayandan bəri Baykarın Bayraktar TB2 pilotsuz təyyarələrini Rusiya qüvvələrinə qarşı istifadə edir.

XS
SM
MD
LG