Accessibility links

Türkiyə Ukraynanın buğda ixracı ilə bağlı danışıqlarda irəliləyiş olduğunu deyir


Türkiyənin müdafiə naziri Hulusi Akar
Türkiyənin müdafiə naziri Hulusi Akar

Türkiyə rəsmiləri Rusiyanın Ukrayna ilə müharibəsi fonunda qlobal ərzaq qiymətləri yüksəldiyi üçün Ukrayna taxılının dünya bazarlarına çıxarılması səylərində potensial irəliləyiş olduğunu deyib.

Türkiyənin müdafiə naziri Hulusi Akar İstanbulda Rusiya, Ukrayna, Birləşmiş Millətlər Təşkilatı və Türkiyə rəsmiləri arasında çərşənbə günü keçirilən dördtərəfli danışıqlardan sonra razılaşma ilə bağlı məlumatın tezliklə elan ediləcəyini bildirib.

Türkiyənin müdafiə naziri Hulusi Akar çərşənbə günü danışıqlardan sonra verdiyi açıqlamasında milyonlarla ton Ukrayna taxılının bazarlara çıxarılmasına imkan verən razılaşmanın gələn həftə əldə oluna biləcəyini deyib.

Akarın bildirdiyinə görə, Türkiyə limanlarda yüklərin yoxlanılmasın və Qara dəniz ixrac marşrutlarının təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaq. Bundan əlavə o, Türkiyədə taxıl ixracı üçün Ukrayna, Rusiya və Birləşmiş Millətlər Təşkilatı ilə koordinasiya mərkəzi yaradılacağını bildirib.

BMT-nin Baş katibi Antonio Quterreş danışıqlar prosesini alqışlayaraq, çərşənbə günü bunun hələ tamamlanmış bir razılaşma olmadığı barədə xəbərdarlıq edib.

"İndi bugünkü tərəqqinin reallaşması üçün daha çox texniki işə ehtiyac olacaq. Lakin bunun tez baş verəcəyi aydındır" - deyə, Quterreş bildirib.

Razılaşmanın əldə edilməsi üçün aylarla davam edən diplomatik səylərdə əsas maneə güvən olub. Kyiv yük gəmilərinin taxıl ixrac etməsinə imkan vermək üçün limanlarını minalardan təmizləyəcəyi təqdirdə Rusiya qüvvələrinin bundan öz xeyrinə istifadə edərək, hücum edəcəyindən ehtiyat etdiyini bildirib. Taxılla dolu gəmilər Rusiyanın Ukraynaya müdaxiləsi fonunda limanlarda ilişib qalıb.

Moskva hələ İstanbul danışıqları ilə bağlı şərh verməyib.

Bu arada, BMT xəbərdarlıq edib ki, Ukrayna limanlarında ilişib qalmış on milyonlarla ton taxıl azad edilməsə, dünya ərzaq qiymətləri qalxmaqda davam edəcək və dünya boyu aclıq təhlükəsi yaranacaq.

20 milyon tondan çox Ukrayna taxılı Qara dəniz sahilindəki Odessa limanında elevatorlarda saxlanır və Rusiyanın blokadası səbəbindən onlarla gəmi dayanıb. Türkiyə bölgədə gözləyən 20 ticarət gəmisinin olduğunu, tez bir zamanda yüklənə və dünya bazarlarına göndərilə biləcəyini deyib.

Ukrayna arpa və taxıldan savayı qarğıdalı kimi buğdanın da əsas ixracatçısı olub. O, həmçinin günəbaxan yağının təxminən yarısının qlobal bazarlara ixracını təmin edib.

Ukrayna və Qərb Moskvanı nəzarəti altında olan bölgələrdə ukraynalı fermerlərdən oğurladıqları taxılı ixrac etmək cəhdində ittiham edib.

Plana həmçinin daşımalar edilərkən Rusiyanın atəşkəsə razı olması və Türkiyənin BMT-nin yardımı ilə Rusiyanın silah qaçaqmalçılığı qorxusunu aradan qaldırmaq üçün gəmilərə nəzarəti də daxildir.

XS
SM
MD
LG