Kyiv Moskva ilə bağlanmış müqaviləyə əsasən Ukraynadan ayrılan yük gəmisinin bazar ertəsi son təyinatı olan Türkiyə limanına yan aldığını, Livana yollanan yükün isə gecikdiyini bildirib.
Dünyanın ən böyük taxıl ixracatçılarından biri olan Ukrayna Rusiyanın hərbi müdaxiləsinən sonra demək olar ki, bütün tədarükləri dayandırmaq məcburiyyətində qalıb. Lakin BMT və Türkiyənin vasitəçiliyi ilə bu yaxınlarda Qara dəniz vasitəsi ilə ixracat yenidən başlayıb.
Türkiyənin yük gəmisi “Polarnet” keçən həftə 12 min metrik ton qarğıdalı ilə Ukraynanın Çernomorsk limanını tərk edərək, son təyinat yerinə yollanıb.
Kyivin verdiyi məlumata görə, gəmi keçən ay imzalanmış beynəlxalq müqavilə əsasında İstanbulda yaradılmış Birgə Koordinasiya Mərkəzi (JCC) tərəfindən yoxlanıldıqdan sonra planlaşdırıldığı kimi Türkiyəyə çatıb.
“Bu taxıl müqaviləsinin ilk daşınmasının uğurla başa çatması gələcək daşımalara nikbin baxmağın mümkünlüyü deməkdir” - deyə, infrastruktur naziri Oleksandr Kubrakov bildirib.
Açıqlamada gəminin təyinat yeri göstərilməsə də, vesselfinder.com saytı onun yan aldığı yerin Türkiyənin Derince limanı olduğunu yazıb.
Türkiyə və BMT-nin vasitəçiliyi ilə əld edlən razılaşmaya əsasən Ukrayna limanlarının Rusiya tərəfiindən blokadası qaldırılıb, elevatorlar və limanlardan milyonlarla ton buğda və digər taxıl növlərinin göndərilməsinə başlamaq üçün şərtlər qoyulub.
“Razoni” müqavilə çərçivəsində Ukraynanı tərk edən ilk gəmi olub.
Avqustun 1-də Odessa limanını 26 min ton qarğıdalı ilə tərk edən gəminin bu həftə sonu Livanın Tripoli şəhərinə çatması planlaşdırılsa da, lakin gəmi hələ təyinat yerinə çatmayıb.
Ukraynanın Livandakı səfirliyi sosial mediada gecikməyə səbəbin ilkin alıcınin yükün 5 ay gecikməsini əsas gətirərək, malı almaqdan imtina etməsi olduğunu yazıb.
Müqavilə imzalanandan bəri Ukrayna limanlarını səkkiz gəmi tərk edib. Kyiv bazar ertəsi iki həftə ərzində hər gün üç-beş gəminin yola düşə biləcəyinə ümid etdiyini bildirib.