Accessibility links

Robert Hamilton: Azərbaycan və Ermənistan arasında barışıq hər iki tərəfin xeyrinədir


Robert Hamilton: Azərbaycan və Ermənistan arasında barışıq hər iki tərəfin xeyrinədir
please wait

No media source currently available

0:00 0:04:39 0:00

ABŞ-da qərargahlanan Xarici Siyastə Araşdırma İnstitutunun Avrasiya Proqramının Avrasiya Araşdırmaları şöbəsinin rəhbəri Robert Hamilton Amerikanın Səsinə müsahibədə etnik ermənilərin Qarabağda qalmaq ehtimalını, tanınmamış "Dağlıq Qarabağ respublikasının"buraxılmasını, Azərbaycanla Ermənistan arasında döyüşlərin təkrarlanması ehtimalını, habelə azərbaycanlılarla ermənilər arasında barışıq perspektivini şərh edib.

Amerikanın Səsi: Cənab Hamilton, cümə günü səhərə olan məlumata görə, 80 mindən çox etnik Erməni Qarabağdan Ermənistana gedib. Siz yerdəki vəziyyəti necə qiymətləndirirsiniz? Siz əhalinin hər hansı bir hissəsinin geridə qalıb Azərbaycana reinteqrasiya edəcəyini gözləyirsinizmi?

Robert Hamilton: Məncə mən vəziyyəti, əksər insanlar kimi, insan facisəsi kimi dəyərləndirərdim. Nə zaman ki, on minlərlə və ya yüz minlərlə insan məcburi və ya qorxu səbəbilə özləri köçürlər, bu, insan faciəsidir. Kimin qalacağına gəldikdə isə, mən əminəm ki, bəzi insanlar qalacaq. Bəlkə də, yaşlı insanlar və ya köçməyə imkanı olmayan və ya getməyə yeri olmayan insanlar. Mən hesab edirəm ki, Dağlıq Qarabağdakı insanların çoxunun Ermənistanda qohumları və ya ailələri var. Amma mən əminəm ki, köçmək üçün çox yaşlı və ya zəif olan insanlar var və məncə bu insanlar, güman ki, onların bəziləri qalacaq.

Amerikanın Səsi: Özünü Dağlıq Qarabağ Respublikası adlandıran qurumun prezidenti cümə axşamı elan edib ki, qurum 2024-cü ilin yanvarın 1-dək buraxılacaq. Bu, münaqişənin gələcəyi üçün nə məna kəsb edir?

Robert Hamilton: Məncə bu, münaqişəyə son qoyur. Məncə münaqişə Azərbaycanın hərbi qələbəsi ilə başa çatdı. Bu münaqişə 1988-ci ilə qədər gedib çıxır. 1988-1994-cü illərdəki birinci mərhələdə Erməninstan hərbi qələbə əldə etdi. Amma ən azından son 10 ildə aydın idi ki, Azərbaycanın münaqişənin nəticəsini dəyişmək üçün imkanı var idi və ya hərbi imkan toplayırdı, çünki son on-on beş ildə böyük müdafiə xərcləri edirdi. Və münaqişəni həll etmək üçün real diplomatik irəliləyiş olmadığı üçün, olduqca aydın idi ki, sabiq Sovet İttifaqının süqutundan sonra çıxan münaqişələr arasında təkrar başlamaq və gördüyümüz kimi hərbi kampnaiya yolu ilə həll olunması ehtimalı yüksək olan münaqişə bu idi.

Amerikanın Səsi: Siz Qarabağda və ya Ermənistanla Azərbaycan sərhədində döyüşlərin yenidən başlaması ehtimalının olduğunu düşünürsünüzmü?

Robert Hamilton: Məncə ikinicisinin ehtimalı daha yüksəkdir və bu, daha təhlükəlidir. Ümid edirəm ki, olmaz. Bilirsiniz, Azərbaycan artıq onillərdir istədiyi şeyi əldə etdi və bu da Dağlıq Qarabağın Azərbaycana reinteqrasiyasıdır. Mən Azərbaycan hökumətinin bəyanatlarında bir növ Ermənistan daxilində iddiaların mümkünlüyündən bəhs edildiyini eşitmişəm. Ümid edirəm ki, bu baş verməz. Mən ümid edirəm ki, beynəlxalq sərhəddə müharibə təkrarlanmaz. Ümid edirəm ki, bununla da bitər. Amma bununla da məsələnin bitdiyini dəqiq deyə bilmərəm.

Amerikanın Səsi: Və son olaraq, son hadisələr 2020-ci ildə baş verən İkinci Qarabağ Müharibəsinin üçüncü ildönümünə təsadüf edir. Tələfatların sayını, münaqişənin səbəb olduğu itki və əzab-əziyyətləri nəzərə aldıqda, sizin ermənilərlə azərbaycanlıar arasında yaxın gələcəkdə barışığın ola biləcəyinə dair ümidiniz varmı?

Robert Hamilton: Bu yaxşı sualdır. Bu, cavablaması çətin bir sualdır. Dediyiniz kimi, tələfatların sayı və 1988-ci ildən, Sovet hakimiyyəti zəifləməyə və ermənilərlə azərbaycanlılar arasında etnik gərginlik artmağa və ardınca zorakılıqlar olmağa başlayanban bəri bu müharibədəki vəhşilik və qəddarlığı nəzərə aldıqda hər iki tərəfdə zorakılığa dair o qədər tarixi yaddaş var ki, zənnimcə, hər iki hökumətin xalqları arasında etnik və milli təəssübkeşliyi basdırmaq və iki xalq, iki millət, iki ölkəni barışdırmaq üçün real davamlı səy göstərməsi tələb olunacaq. Onların barışması hər ikisinin xeyrinədir. Azərbaycan, Ermənistan, Türkiyədən keçən tranzit dəhliz, Mərkəzi Asiyadan Avropaya uzanan bütöv orta dəhliz. Onlar barışsalar, bunun iqtisadi qazanc potensialı o qədər böyükdür ki, mən ümid edirəm ki, bu, onlara bir stimul verər. Amma bunun kimi onlarla il davam edən qanlı və qəddar müharibələrdən sonra, təəssüf ki, bu kimi iqtisadi stimullar insanları etnik və milli təəssübkeşlik və nifrət qədər motivasiya etmir.

Forum

XS
SM
MD
LG