Accessibility links

Tanınmamış "Dağlıq Qarabağ Respublikası" buraxıldığını elan edib


Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədləri daxilində yerləşən və tanınmamış "Dağlıq Qarabağ Respublikasının" prezidenti Samvel Şahramanyan sentyabrın 28-də "Dağlıq Qarabağ Respublikasının (Artsax)" mövcudluğuna son qoyulmasını nəzərdə tutan “2023-cü il sentyabrın 19-dan sonra yaranmış vəziyyətdən irəli gələn tədbirlər haqqında” fərman imzalayıb. Sənədə görə, rejimin bütün "dövlət qurumları" və "təşkilatları" 1 yanvar 2024-cü il tarixinədək buraxılacaq.

Fərmanda deyilir ki, bu sənəd mövcud ağır hərbi-siyasi vəziyyətlə əlaqədar olaraq, Rusiya Silahlı Qüvvələri komandanlığının vasitəçiliyi ilə əldə edilmiş razılaşma nəzərə alınaraq, "Artsax xalqı"nın fiziki təhlükəsizliyinin və həyati maraqlarının təmin edilməsi prioritetinə əsaslanaraq, Azərbaycan Respublikasının nümayəndələri ilə sülhməramlı kontingentin Dağlıq Qarabağ sakinlərinin, o cümlədən silahı yerə qoymuş hərbi qulluqçuların əmlakını öz nəqliyyat vasitələri ilə Laçın dəhlizi ilə sərbəst, könüllü və maneəsiz keçməsinin təmin edilməsi barədə razılığa uyğun olaraq, "Dağlıq Qarabağ konstiusiyası" əsasında imzalanıb.

Sənəddə deyilir: "2024-cü il yanvarın 1-dək onların idarə tabeliyində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilsin və Dağlıq Qarabağ (Artsax) Respublikasının mövcudluğu dayandırılsın.

Dağlıq Qarabağın əhalisi, o cümlədən respublikadan kənarda yerləşən əhali bu fərman qüvvəyə mindikdən sonra gələcəkdə Qarabağda yaşamaq barədə müstəqil və fərdi qərar qəbul etmək üçün Azərbaycan Respublikasının təqdim etdiyi "Dağlıq Qarabağda qalma (qayıtmaq) mümkünlüyü haqqında" reinteqrasiya şərtləri ilə tanış olsunlar".

Tanınmamış "Dağlıq Qarabağ Respublikası" 10 dekabr 1991-ci ildə yerli sakinlər olan azərbaycanlıların boykot etdiyi və yalnız erməni sakinlərin qatıldığı referendumdan sonra 6 yanvar 1992-ci ildə elan edilib. Dağlıq Qarabağ Ermənistan da daxil olmaqla heç bir ölkə tərəfindən tanınmayıb.

Forum

XS
SM
MD
LG