Accessibility links

Azərbaycan hökuməti Qarabağda son hərbi əməliyyat zamanı ölən və yaralananların sayını açıqlayıb


Azərbaycanın sentyabrın 19-20-də Qarabağda keçirdiyi hərbi əməliyyatında 192 hərbçisi və 1 mülki şəxsi həlak olub, o cümlədən 511 hərbçisi və 1 mülki şəxsi yaralanıb. Bu barədə Azərbaycan Səhiyyə Nazirliyi sentyabrın 27-də məlumat yayıb.

“Şəhid olmuş hərbçilərdən 180 nəfəri Müdafiə Nazirliyinin, 12 nəfəri Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan 1 nəfər mülki şəxsdir. 11 nəfərin şəxsiyyəti Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcəkdir”, nazirliyin məlumatında qeyd edilir.

Azərbaycan Müdafiə Nazirliyi isə həlak olan hərbi qulluqçuların hər birinin fotoları əks olunmaqla siyahısını dərc edib.

Qarabağda erməni separatçı döyüşçülərinin verdiyi itkilər haqda dəqiq rəqəmlər məlum olmasa da, sosial şəbəkələrdə ölən və yaralıların sayının yüzlərlə olduğu bildirilir.

Azərbaycan ordusunun son hərbi əməliyyatı zamanı verdiyi itkilərin ictimailəşdirilməsi ölkədə qeyd olunan Anım Gününə təsadüf edib. Çoxsaylı insanlar paytaxtda və ölkənin bütün regionlarındakı Şəhidlər Xiyabanlarına gələrək həlak olan insanların xatirəsini yad edir.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamına əsasən, ikinci Qarabağ müharibəsində həlak olanlara ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.

2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən müharibədə Azərbaycanın 3000-ə yaxın, Ermənistanın isə 4000-ə yaxın hərbçisinin həlak olduğunu bildirilir.

Forum

XS
SM
MD
LG