Accessibility links

Rəsmi Bakı fransalı nazirin Qarabağ ermənilərinin taleyi ilə bağlı fikirlərinə cavab verib


Katrin Kolonna
Katrin Kolonna

Fransanın Avropa və xarici işlər naziri Katrin Kolona sentyabrın 20-si Nyu Yorkda BMT Baş Assambleyasının plenar iclası çərçivəsində keçirdiyi mətbuat konfransında Qarabağ bölgəsində baş verən son hadisələrlə bağlı danışıb. Kolona əməliyyatları pislədiyini, Azərbaycanın əhalinin taleyi ilə bağlı məsuliyyət daşıdığını deyib.

“Fransa Azərbaycanın Dağlıq Qarabağa qarşı hərbi əməliyyatlarını pisləyib. Qorxduğumuz kimi mülki insanlar həyatını itirib. Hazırda atəşkəsin elan olunduğu görünür, bunun davam edib-etməyəcəyini görəcəyik. Fransa Dağlıq Qarabağın erməni əhalisinin öz tarixinə və mədəniyyətinə hörmətlə, sülh şəraitində yaşamaq hüququnu təmin edəcək danışıqlar yolu ilə həlli həmişə dəstəkləyib və dəstəkləməyə davam edir. Təbii ki, bu zəmanət diqtə ilə əldə edilə bilməz. Azərbaycanın əhalinin taleyi ilə bağlı məsuliyyət daşıyır. Əhalinin mümkün kütləvi köçü ilə bağlı bizə çatan məlumatlar olduqca narahatedicidir”, fransalı nazir qeyd edib.

BMT Təhlükəsizlik Şurasından bu məsələyə dair aydın mövqe gözlədiyini deyən Katrin Kolona həmçinin Ermənistanı faciəvi vəziyyətə sürükləyə biləcək ritorikalardan və suverenliyinə qarşı ola biləcək təhdidlərdən narahatlığını ifadə edib.

Sentyabrın 21-i BMT Təhlükəsizlik Şurası Fransa və Ermənistanın müraciəti əsasında keçirəcəyi növbədənkənar iclasında Qarabağda son vəziyyəti müzakirə edəcək.

Rəsmi Bakı Fransa Xarici İşlər Nazirinin fikirlərinin bölgədə mövcud reallıqların təhrif edilməsinə yönəldiyini, yerli antiterror tədbirlərinin beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə reallaşdırıldığını bildirib.

“Azərbaycan heç vaxt dinc erməni sakinləri hədəf almayıb, erməni əsilli sakinlərin cəmiyyətimizə reinteqrasiyası prosesini həyata keçirməyə və Azərbaycan Respublikasının Konstitusiyası çərçivəsində onların hüquq və təhlükəsizliyinin təmin edilməsinə sadiqdir. Bu xüsusda Fransanın erməni sakinlərin mövcud olmayan "kütləvi deportasiyası" ilə bağlı iddiası yalnız bu ölkənin Azərbaycana qarşı növbəti ittihamları səsləndirməsi üçün mövcudluğuna ümid bəslədiyi bir düşüncədir”, Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilir.

Azərbaycan prezidenti İlham Əliyev ötən gün xalqa müraciətində Qarabağ ermənilərinin bütün hüquqlarının təmin ediləcəyini deyib.

Sentyabrın 21-də Yevlax şəhərində Azərbaycan rəsmiləri ilə Qarabağ regionunun erməni icmasının nümayəndələri arasında görüş baş tutub. Azərbaycan Prezidentinin Administrasiyasının məlumatında görüşün “konstruktiv və müsbət şəraitdə” keçdiyi bildirilib və görüş zamanı Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələr aparıldığı qeyd edilib.

Ermənistan mətbuatının məlumatına görə, Qarabağ ermənilərinin nümayəndələri görüş barədə bəyanat yayıb.

“İşgüzar şəraitdə keçən görüşdə hər iki tərəf üçün əhəmiyyət kəsb edən bir sıra məsələlər müzakirə olunub. Tərəflər, xüsusilə, bütün mövcud məsələlər sülh şəraitində müzakirə edilməli olduğunu, görüşləri davam etdirməyə hazır olduqlarını vurğulayıblar”, bəyanatda vurğulanıb.

Ermənistan baş naziri Nikol Paşinyan bugün xalqa müraciətində 40 min insanı qəbul edə biləcəklərini, ancaq Ermənistanın əhalinin köçürülməsi siyasəti yürütmədiyini bildirib.

“Biz hesab edirik ki, Dağlıq Qarabağ erməniləri öz evlərində, öz vətənlərində ləyaqətli və təhlükəsiz şəraitdə yaşamalıdırlar. Bu gün bizim qiymətləndirməmiz ondan ibarətdir ki, Dağlıq Qarabağın mülki əhalisinə birbaşa təhlükə yoxdur. Üstəlik, biz onu da bilirik ki, Rusiya sülhməramlı qüvvələrinin qərargahında onların himayəsində olan 1200-1300-ə yaxın vətəndaş var. Biz də mümkün tədbirlər görməyə hazırıq. Problem Laçın dəhlizinin bağlanmasındadır”, Nikol Paşinyan qeyd edib.

Forum

XS
SM
MD
LG