Accessibility links

Blinken Azərbaycan və Ermənistan liderləri ilə Qarabağda durum haqda danışıb


İlham Əliyev, Antoni Blinken və Nikol Paşinyan
İlham Əliyev, Antoni Blinken və Nikol Paşinyan

ABŞ Dövlət katibi Antoni Blinken sentyabın 19-da Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ayrı-ayrı telefon danışığı zamanı Qarabağda hərbi əməliyyatları müzakirə edib.

Dövlət Departamentinin sözçüsü Metyu Millerin açıqladığı bəyanatda dövlət katibi Antoni Blinkenin Azərbaycan prezidenti İlham Əliyevlə telefon söhbəti zamanı Azərbaycanı Dağlıq Qarabağda hərbi əməliyyatları dərhal dayandırmağa və gərginliyi azaltmağa çağırdığı bildirilir.

“Dövlət katibi hərbi yolla həllin olmadığını və tərəflərin Bakı ilə Dağlıq Qarabağdakı etnik ermənilər arasında qalan fikir ayrılıqlarını həll etmək üçün dialoqu bərpa etməli olduğunu vurğulayıb. Dövlət katibi Prezident Əliyevin hərbi əməliyyatları dayandırmağa və Azərbaycan nümayəndələri ilə Dağlıq Qarabağ əhalisi arasında görüş keçirməyə hazır olduğunu ifadə etdiyini bildirib və bunun dərhal həyata keçirilməsinin vacibliyini vurğulayıb” – deyə, bəyanatda bildirilir.

Dövlət Departamentinin sözçüsü həmçinin dövlət katibi Blinkenin bu gün, sentyabrın 19-da Ermənistanın baş naziri Nikol Paşinyanla telefon söhbəti zamanı Azərbaycanın Dağlıq Qarabağda hərbi əməliyyatları barədə danışdığını bildirib.

“Dövlət katibi ABŞ-ın Dağlıq Qarabağdakı vəziyyətlə bağlı dərin narahatlığını ifadə edib və ABŞ-ın Azərbaycanı dərhal hərbi əməliyyatları dayandırmağa və dərhal dialoqa qayıtmağa çağırdığını vurğulayıb. O, baş nazir Paşinyana ABŞ-ın Ermənistanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü tam dəstəklədiyini bildirib” -deyə, Metyu Millerin açıqladığı bəyanatda bildirilir.

Bundan öncə dövlət katibi Blinken bəyanat yayaraq, Birləşmiş Ştatların Azərbaycanın Qarabağda həyata keçirdiyi hərbi əməliyyatlardan dərin narahatlığını ifadə edib və bunun dərhal dayandırılmasına çağırıb.

“Bu addımlar Dağlıq Qarabağda onsuz da ağır humanitar vəziyyəti daha da pisləşdirir və sülh perspektivlərini sarsıdır,” Dövlət katibi Blinken bəyanatda bildirib.

Mübahisələrin həllində gücdən istifadənin qəbuledilməz olduğunu və regionda ədalətli sülh üçün şəraitin yaradılması səylərinə mane olduğunun daha öncə qeyd edildiyini vurğulayan Blinken rəsmi Bakını və Qarabağ ermənilərinin nümayəndələrini dialoqa çağırıb.

Eyni zamanda, ABŞ-ın Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrien Vatson verdiyi açıqlamada Birləşmiş Ştatların Azərbaycanın Dağlıq Qarabağda hərbi əməliyyatlarından dərin narahatlığını ifadə edib.

“Biz Azərbaycanı onsuz da ağır olan humanitar vəziyyəti daha da pisləşdirən və sülh perspektivlərini sarsıdan bu hərbi əməliyyatları dərhal dayandırmağa çağırırıq. Biz gərginliyin dərhal azaldılmasına çağırış etmək və Azərbaycanı Dağlıq Qarabağ nümayəndələri ilə birbaşa dialoqa təşviq etmək üçün müttəfiqlərimiz və tərəfdaşlarımızla əlaqə saxlayırıq,” bəyanatda deyilir.

Forum

XS
SM
MD
LG