Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev sentryabrın 21-də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı Ofisinin rəhbəri, həmçinin Azərbaycanın digər beynəlxalq tərəfdaşları ilə görüşüb.
Bu barədə Hikmət Hacıyev X (keçmiş twitter) platformasında yazıb.
O, BQXK ilə görüşdə Azərbaycan tərəfinin dərman, qida və digər məhsulların Laçın-Xankəndi və Ağdam-Xankəndi yolları ilə çatdırılması üçün bütün zəruri şərtləri təmin etdiyini və edəcəyinin diqqətə çatdırıldığını qeyd edib.
“23 saat 51 dəqiqə davam edən lokal antiterror tədbirləri zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən Beynəlxalq Humanitar Hüquqa ciddi əməl olunması və bütün vasitələrlə zərərin qarşısının alınması təqdir edilib. BQXK ilə görüşdə bildirdik ki, dərman, ərzaq və digər malların BQXK tərəfindən Laçın-Xankəndi və Ağdam-Xankəndi yolları vasitəsilə çatdırılması üçün bütün lazımi şərait yaradılıb və təmin ediləcək”, o qeyd edib.
Hikmət Hacıyev Azərbaycan tərəfinin BQXK vasitəsilə erməni əsilli yaralı hərbçilərə tibbi yardım göstərməyə və ya onlara kömək etməyə hazır olduğunu deyib.
“Müraciət nəticəsində yaralı hərbçilərin toplanması üçün BQXK-nın tibbi maşınlarının hərəkətinə dəstək verilir. Bu məqsədlə biz də təcili tibbi yardım maşınları ayırmağa, tibbi yardım göstərməyə hazırıq. Ermənistana tibbi təxliyə üçün tibbi maşınlar Ermənistandan da gələ bilər. Meydanda qalan döyüşçülərin meyitlərinin toplanması üçün Rusiya sülhməramlıları ilə iş aparılır”, Prezidentin köməkçisi bildirib.
O, rəsmi Bakının BQXK-nın Cenevrə ofisindən əlavə heyətin qəbulunu dəstəklədiyini bəyan edib.
“Biz həmçinin Bakı ofisindən Xankəndi şöbəsinə əlavə heyətin göndərilməsinin tərəfdarıyıq. Biz könüllü və fərdi seçim əsasında Xankəndi-Laçın yolu ilə mülki şəxslərin şəxsi avtomobilləri ilə hərəkətinin təhlükəsizliyini təmin edirik. Getmək istəyənlər əsasən hərbi qulluqçuların ailə üzvləridir. Könüllü surətdə silahı yerə qoyan hərbçilər açıq şəkildə bəyan etdiyimiz kimi azaddırlar. Mülki-hərbi əməkdaşlıq konsepsiyası çərçivəsində Azərbaycanın hərbi və mülki şəxsi heyəti mülki şəxslərə yardım edir və bundan sonra da edəcək”, Hacıyev qeyd edib.
Sentyabrın 22-də sosial şəbəkələrdə BQXK-nin 6 ədad xüsusi avtomobilinin Xocavənd şəhəri istiqamətində hərəkəti əks olunan videolar yayımlanıb. Müşahidəçilər BQXK-nin avtomobillərinin Xocavənddə Azərbaycan Müdafiə Nazirliyinə məxsus hospitaldakı erməni yaralılarının evakuasiyasını və ərazidəki erməni hərbçilərin cəsədlərinin yığılmasını həyata keçirəcəyini güman edir.
Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) cümə günü yaydığı press-rezilində bildirib ki, komitənin komandası tərəfindən son döyüşlər nəticəsində yaralanan 9 nəfər təxliyə edilib.
Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı ofisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova da Amerikanın Səsinə bildirib ki, sentyabrın 22-də BQXK-nin avtomobilləri ilə 9 nəfər yaralı müalicə müəssisəsinə çatdırılıb. O əlavə edib ki, müalicə müəssisəsinə həmçinin tibbi ləvazimatlar da çatdırılıb. Öz növbəsində, BQXK-nin Stepanakert (Xankəndi) ofisinin ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı Eteri Musayelyan “Armenpress” agentliyinə Qırmızı Xaç vasitəsi ilə Martunidən (Xocavənd) Stepanakertə (Xankəndi) 9 yaralının 6 maşınla daşındığını təsdiqləyib.
Eyni zamanda Azərbaycan Prezidentinin köməkçisi Hacıyev “Reuters” agentliyinə deyib ki, rəsmi Bakı Qarabağda silahı yerə qoyan ermənilər üçün amnistiya nəzərdə tutur.
“Keçmiş hərbçilərə və döyüşçülərə gəldikdə isə, əgər onlar bu cür təsnif edilə bilərsə, hətta onlar üçün belə amnistiya nəzərdə tutulur. Hazırda biz bəzi fərdi silahlı qrupların və zabitlərin bizim şərtlərimizlə razılaşmayacaqları və müqavimətə davam edəcəklərinə dair ictimai bəyanatlarını görürük. Biz həmçinin bəzi kiçik qrupların meşələrə getdiklərini görürük. Lakin biz bunun ən böyük problem və ya təhlükəsizlik problemi olacağını düşünmürük. Əlbəttə, bu müəyyən problemlərə və çətinliklərə səbəb olacaq, lakin o qədər də geniş miqyasda yox”, Hikmət Hacıyev əlavə edib.
Öz növbəsində, özünü “Artsax Respublikası” adlandıran qurumun prezidenti kimi təqdim edən Samvel Şahramanyanın müşaviri David Babayan Reuters agentliyinə hələlik razılığın əldə olunmadığını bildirib.
"Bu suallar hələ də həll olunmalıdır" David Babayan deyib. “Hələlik konkret nəticə yoxdur”.
"Onlar hər an bizi məhv edə, soyqırımla məşğul ola bilər. Siz Reuters bunu başa düşürsünüzmü? Qərb susur, Rusiya susur, Ermənistan susur. Biz nə etməliyik?” o sual edib.
Ermənistan mətbuatı isə özünü Dağlıq Qarabağ Respublikası kimi təqdim edən qurumun məlumatına istinadən bildirir ki, “Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Dağlıq Qarabağın nümayəndələri ilə Azərbaycan tərəfi arasında qoşunların çıxarılması prosesinin təşkili və hərbi təcavüzdən sonra təxliyə edilmiş vətəndaşların öz yaşayış məntəqələrinə qayıtmasının təmin edilməsi ilə bağlı danışıqlar aparılır.”
Azərbaycan sentyabrın 19-da Qarabağda lokal antiteror tədbirlərinə başlayıb. Sentyabrın 20-də Qarabağda hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə edilib.
Razılığa əsasən Qarabağın erməni nümayəndələri Azərbaycan hökumətinin əsas şərtlərini qəbul edib.
Sentyabrın 21-də Yevlax şəhərində Azərbaycan rəsmiləri ilə Qarabağ regionunun erməni icmasının nümayəndələri arasında görüş baş tutub. Görüşün nəticələri ilə bağlı Azərbaycan Prezidentinin Administrasiyasının açılamasında deyilir ki, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər.
“Onların xahişi müsbət qarşılanıb. Xüsusilə bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın tezliklə təchiz edilməsi və humanitar dəstək həyata keçiriləcək”, açıqlamada qeyd edilir.
Forum