Accessibility links

Blinken Qarabağda hərbi əməliyyatın dərhal dayandırılmasına və tərəflər arasında dialoqa çağırır


ABŞ Dövlət katibi Antoni Blinken
ABŞ Dövlət katibi Antoni Blinken

ABŞ Dövlət katibi Antoni Blinken bəyanat yayaraq, Azərbaycanın Qarabağda həyata keçirdiyi hərbi əməliyyatdan dərin narahatlığını bildirib və bu əməliyyatın dərhal dayandırılmasına çağırıb.

“Bu addımlar Dağlıq Qarabağda onsuz da ağır humanitar vəziyyəti daha da pisləşdirir və sülh perspektivlərini sarsıdır,” Dövlət katibi bəyanatda bildirib.

Mübahisələrin həllində gücdən istifadənin qəbuledilməz olduğunu və regionda ədalətli sülh üçün şəraitin yaradılması səylərinə mane olduğunun daha öncə qeyd edildiyini vurğulayan Blinken rəsmi Bakını və Qarabağ ermənilərinin nümayəndələrini dialoqa çağırıb.

Vaşinqton vaxtilə 14:06-da yazdığı tvitdə (X platforması) Blinken Azərbaycanın "qəbuledilməz hərbi əməllərinin Dağlıq Qarabağda humanitar situasiyanı pisləşdirmək riski" daşıdığını qeyd edib.

Reuters xəbər agentliyinn məlumatına görə, Antoni Blinken növbəti 24 saat ərzində Azərbaycanla Ermənistan arasındakı gərginliklərin aradan qaldırılması üçün diplomatik təmaslara qatılacaq.

Ermənistan baş naziri Nikol Paşinyanla söhbətində ABŞ-ın baş diplomatı situasiyanı müzakirə edib və de-eskalasiyanın vacibliyini vurğulayıb.

Azərbaycan ordusu sentyabrın 19-da Qarabağ regionunda "lokal xarakterli antiterror tədbirlərinə" başladığnı elan edib.

Ermənistan xarici işlər nazirliyi bəyanat yayaraq Azərbaycanı Qarabağda "etnik təmizləmə" siyasətini bitirməyə cəhd etməkdə günahlandırıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Anar Eyvazov hərbi əməliyyat zamanı Ermənistan silahlı qüvvələrinin 60-dan çox döyüş mövqeyinin Azərbaycan Ordusunun nəzarətinə keçdiyini bildirib.

Tanınmamış Dağlıq Qarabağ Respublikasının informasiya mərkəzi Azərbaycanın keçirdiyi hərbi əməliyyat nəticəsində 25 nəfərin həlak olduğunu və 128 nəfərin yaralandığını bildirib. Məlumatda əlavə edilir ki, ölənlər arasında 2 nəfər mülki şəxs, yaralananlar arasında isə 12 nəfər uşaqdır.

Azərbaycan rəsmiləri mülki əhali və infrastruktur obyektlərinin hədəfə alınmadığında israr edir. Keçirilən əməliyyatlar barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyinin məlumatlandırıldığı bildirilir.

Forum

XS
SM
MD
LG