Accessibility links

Azərbaycan və Rusiya Qarabağ regionundakı durumu müzakirə edib


Ceyhun Bayramov və Sergey Lavrov (Mənbə: Azərbaycan Xarici İşlər Nazirliyi)
Ceyhun Bayramov və Sergey Lavrov (Mənbə: Azərbaycan Xarici İşlər Nazirliyi)

Sentyabrın 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına görə, görüşdə Azərbaycan və Rusiya arasında əməkdaşlıq məsələləri, habelə bölgədə son vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov, Azərbaycanın Qarabağ bölgəsində "həyata keçirilən antiterror tədbirləri zamanı Rusiya sülhməramlı kontingentinin üzvlərinin həlak olması ilə bağlı" Rusiya Federasiyası və həlak olan şəxslərin ailələrinə dərin hüznlə başsağlığı verib. Məsələ ilə bağlı araşdırma aparıldığı və istintaq tədbirləri barədə məlumat verilib.

Məlumatda bildirilir ki, Nazir Bayramov Qarabağ bölgəsindəki “qeyri-qanuni erməni silahlı birləşmələrə qarşı görülən antiterror tədbirləri” barədə qarşı tərəfi məlumatlandırıb.

“24 saatdan az bir zaman çərçivəsində həyata keçirilən antiterror tədbirlərinin 30 ilə yaxın işğal dövründən qalma, sonrakı mərhələlərdə, hətta post-münaqişə dövründə belə Ermənistan tərəfindən maliyyələşdirilən və dəstəklənən qanunsuz hərbi mövcudluğun varlığına son qoyulması ilə uğurla yekunlaşdığı qeyd olunub. Hazırda isə bölgədə müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingenti ilə koordinasiya edilərək, ciddi şəkildə hərbiləşmiş erməni silahlı qüvvələrinin silah-sursatının müsadirəsi istiqamətində tərəfimizdən əməli addımların atıldığı diqqətə çatdırılıb”, məlumatda qeyd edilir.

Mətbuat xidməti bidlirir ki, silah-sursatın müsadirəsi ilə paralel olaraq, Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə reinteqrasiya prosesi istiqamətində dialoqun irəlilədildiyi qeyd edilib.

“Bu xüsusda sentyabrın 21-də Yevlax şəhərində Azərbaycan Hökuməti və yerli erməni sakinlərin nümayəndələri arasında keçirilmiş görüşün nəticələrinə uyğun olaraq, bölgədə yaşayan dinc əhalinin ehtiyaclarının qarşılanması istiqamətində işlərin görüldüyü diqqətə çatdırılıb. Bu baxımdan, nazir Ceyhun Bayramov, antiterror tədbirlərinin həm bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi, həm də erməni sakinlərin reinteqrasiyası baxımından görülən işlərin intensivliyini artıracağına inandığımızı, bundan sonra da qeyd olunan istiqamətlərdə səylərimizi davam etdirəcəyimizi bildirib”, Xarici İşlər Nazirliyi qeydb edib.

Öz növbəsində Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, görüşdə Azərbaycan nümayəndə heyəti Rusiya sülhməramlı kontingentinin hərbçilərinin sentyabrın 20-də Qarabağda faciəvi şəkildə həlak olması ilə bağlı Rusiyadan bir daha üzr istəyib, Rusiya tərəfini əmin edib ki, hərtərəfli araşdırma aparılır, artıq nəticə var və bütün məsul şəxslər layiqli cəzasını alacaq.

“Tərəflər humanitar komponentə diqqət yetirməklə regiondakı vəziyyəti, eləcə də bir sıra aktual beynəlxalq problemləri müzakirə ediblər,” məlumatda bildirilir.

Forum

XS
SM
MD
LG