Accessibility links

Aİ Qarabağ ermənilərinə humanitar yardım səfərbər etdiyini bildirib


Avropa Komissiyası Qarabağda son hərbi əməliyyatlar zamanı zərər çəkmiş əhaliyə dəstək məqsədi ilə əlavə 500 min avroluq təcili humanitar yardım səfərbər etdiyini açıqlayıb.

Bu ilin əvvəli bölgəyə humanitar yardım üçün 1,17 milyon avro yardım ayıran Avropa İttifaqı, son gərginlik nəticəsində minlərlə insanın köçkün düşdüyünü, əlavə təcili yardımın onların əsas ehtiyaclarını qarşılamaq məqsədi daşıdığını bildirib.

“Dağlıq Qarabağda münaqişənin kəskinləşməsi mülki əhaliyə ciddi təsir edib. Buna cavab olaraq Aİ məcburi köçkünlərə dəstək üçün təcili humanitar yardım üçün əlavə 500 000 avro səfərbər edir. Biz yerlərdə vəziyyəti yaxından izləyirik və daha çox yardım təklif etməyə hazırıq. Aİ atəşkəsi alqışlasa da, mən münaqişənin bütün tərəflərini humanitar təşkilatlara maneəsiz və dərhal çıxışı təmin etməyə çağırıram. Biz əmin olmalıyıq ki, humanitar işçilər ehtiyacı olan insanlara təcili yardım göstərə bilsinlər”, Aİ-nin böhranların idarə edilməsi üzrə komissarı Yanez Lenarçiç qeyd edib.

2020-ci ildə baş verən 44 günlük müharibədən sonra Azərbaycan və Ermənistana humanitar yardım məqsədi ilə ümumilikdə 21 milyon avrodan artıq dəstək verən Avropa İttifaqı, bölgədəki beynəlxalq tərəfdaşları ilə sıx təmasda olduğunu və artan humanitar ehtiyacları qarşılamaq üçün hazır olduğunu vurğulayıb.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel də sentyabrın 21-i yaydığı bəyanatda yenidən hərbi əməliyyatları pisləyib, bölgədə humanitar vəziyyətlə bağlı narahatlıq ifadə edib.

“Aİ Azərbaycanı ehtiyac içində olan əhalinin humanitar yardıma təcili və maneəsiz çıxışına icazə verməyə, o cümlədən Beynəxalq Ədalət Məhkəməsinin sərəncamlarına uyğun olaraq Laçın dəhlizinin yenidən tam açılmasına çağırır. Humanitar yardımla məşğul olanlar sərbəst fəaliyyət göstərə bilməlidirlər. Aİ və onun üzv ölkələri təcili humanitar yardım göstərməyə hazırdır”, bəyanatda vurğulanır.

Borrel həmçinin rəsmi Bakı və Qarabağ ermənilərini təcili şəkildə hərtərəfli və şəffaf dialoqa girməyə çağırıb.

“Azərbaycan Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini, o cümlədən onların öz evlərində qorxu və ayrı-seçkilik olmadan yaşamaq hüquqlarını təmin etmək üçün məsuliyyət daşıyır. Mülki əhalinin hərbi və ya digər vasitələrlə məcburi köçkünləşməsi Aİ tərəfindən sərt reaksiya ilə qarşılanacaq”, Borrel qeyd edib.

Azərbaycanın və Ermənistanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirən Cozep Borrel, hər iki ölkəni sülh müqaviləsinin bağlanması istiqamətində gündəmdə duran bütün məsələlərlə bağlı danışıqları bərpa etməyə çağırıb.

Azərbaycan Xarici İşlər Nazirliyi Cozep Borrelin son bəyanatının qeyri-adekvat olduğunu, regiondakı reallıqları təhrif etdiyini deyib.

“Azərbaycan hökuməti ilə erməni sakinlərin nümayəndələri arasında sözügedən sakinlərin reinteqrasiyası, infrastrukturun bərpası, Azərbaycan Konstitusiyası və qanunvericiliyi əsasında fəaliyyətin təşkili ilə bağlı Yevlaxda aparılan konstruktiv müzakirələrə Aİ-nin açıq şəkildə etinasızlığı özündə bir daha İttifaq daxilində mövcud müəyyən dairələrin dar siyasi məqsədlərini nümayiş etdirir”, Nazirliyin məlumatında qeyd edilir.

Rəsmi Bakı erməni sakinlərin sosial və humanitar vəziyyətinin yaxşılaşdırılması üçün lazımi yardım göstərəcəyini, Ermənistanla sülh gündəliyinə sadiq olduğunu və “qanunsuz erməni silahlı qüvvələrinin qalıqlarının” Azərbaycan ərazilərindən çıxarılması tədbirlərinin Ermənistanla sülh sazişinin bağlanmasına müsbət təsir göstərəcəyinə inandığını vurğulayıb.

Sentyabrın 22-də Azərbaycan hökuməti Qarabağda yaşayan erməni sakinlərə növbəti humanitar yardım göndərib.

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin rəisi Mirəli Feyziyev deyib ki, sentyabrın 22-də hər birinin tutumu 20 ton olan iki ədəd yük avtomobilində zəruri ərzaq məhsulları və gigiyenik vasitələr, eləcə də çörək dolu 2 ədəd avtomobil Xankəndi istiqamətinə yola salınıb.

Forum

XS
SM
MD
LG