Sentyabrın 22-də Azərbaycan hökuməti Qarabağda yaşayan erməni sakinlərə növbəti humanitar yardım göndərib.
Humanitar yardıma xüsusi paketlərdə istehsal olunan un, çörək, yağ, şəkər tozu, çay, müxtəlif çeşidli konfetlər, makaron, vermişel, bulqur, düyü məhsulları və gigiyenik məhsullar daxildir.
Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin rəisi Mirəli Feyziyev deyib ki, sentyabrın 22-də hər birinin tutumu 20 ton olan iki ədəd yük avtomobilində zəruri ərzaq məhsulları və gigiyenik vasitələr, eləcə də çörək dolu 2 ədəd avtomobil Xankəndi istiqamətinə yola salınıb.
"Yük karvanı Ağdam - Xankəndi yolu ilə hərəkət edəcək. Karvan təyinat nöqtəsinə çatdıqdan sonra əhaliyə paylanacaq", o qeyd edib.
Bu arada isə özünü "Artsax Respublikası" kimi təqdim edən qurumun prezidenti Samvel Şahramanyanın müşaviri David Babayan Reuters xəbər agentliyinə deyib ki, cümə günü Ermənistandan Laçın dəhlizi ilə Qarabağa humanitar karvanın hərəkəti ilə bağlı razılıq əldə olunub.
"Vəziyyət çox ağırdır: camaat acdır, işıq yoxdur, yanacaq yoxdur – bizdə çoxlu qaçqın var," o deyib.
Reuters-in bölgədə olan müxbirinin verdiyi məlumata görə, Rusiyanın 7 sülhməramlı maşını, o cümlədən iri yük maşınları cümə günü Ermənistandan Qarabağa doğru gedən nəzarət-buraxılış məntəqəsindən keçib.
Xatıraldaq ki, bundan öncə sentyabrın 18-də Laçın-Xankəndi və Ağdam-Xankəndi yolu ilə eyni vaxtda Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə humanitar yardım çatdırılıb. Humanitar yardıma Azərbaycanın göndərdiyi 40 ton un məmulatları da daxil idi.
Azərbaycan sentyabrın 19-da Qarabağda “lokal antiteror tədbirlərinə” başlayıb. Sentyabrın 20-də Qarabağda hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə edilib.
Razılığa əsasən Qarabağın erməni nümayəndələri Azərbaycan hökumətinin əsas şərtlərini qəbul edib.
Sentyabrın 21-də Yevlax şəhərində Azərbaycan rəsmiləri ilə Qarabağ regionunun erməni icmasının nümayəndələri arasında görüş baş tutub. Görüşün nəticələri ilə bağlı Azərbaycan Prezidentinin Administrasiyasının açılamasında deyilir ki, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər.
“Onların xahişi müsbət qarşılanıb. Xüsusilə bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın tezliklə təchiz edilməsi və humanitar dəstək həyata keçiriləcək”, açıqlamada qeyd edilir.
Forum