Azərbaycanın Qarabağ bölgəsində sentyabrın 20-də Rusiya Sülhməramlı Kontingentinin 6 hərbçisi həlak olub.
Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatında deyilir ki, sentyabrın 20-də Azərbaycanın Tərtər rayonunun Canyataq kəndi ərazisində lokal xarakterli anti-terror tədbirlərində iştirak edən Azərbaycan Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu tərəfindən mürəkkəb relyef və dumanlı-yağışlı hava şəraiti səbəbindən qanunsuz erməni silahlı birləşmələrinə məxsus olduğu zənn edilərək Rusiya Sülhməramlı Kontingentinin (RSK) həmin əraziyə dislokasiya olunmuş hərbi qulluqçularının olduğu avtomobil odlu silahlarla atəşə tutulub. Hadisə nəticəsində RSK-nın 5 nəfər hərbi qulluqçusu həlak olub.
Baş Prokurorluq həmçinin bildirir ki, həmin gün qeyd olunan yaşayış məntəqəsinin ərazisində Rusiya Sülhməramlı Kontingenrinə (RSK) məxsus Kamaz markalı avtomobil qanunsuz erməni silahlı birləşmələrinin naməlum üzvləri tərəfindən odlu silahlarla atəşə tutulub. Hadisə nəticəsində RSK-nın 1 əsgəri ölüb, 1 nəfər hərbi qulluqçu yaralanıb.
Hər iki faktla bağlı Azərbaycan Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.
Bu gün Azərbaycan və Rusiyanın baş prokurorları telefonla danışıblar.
"Hadisə ilə bağlı Rusiya tərəfinə dərin hüznlə başsağlığı verilib. Tərəflər baş vermiş cinayət hadisəsi ilə bağlı hərtərəfli və sıx təmasda olmaqla araşdırmanın aparılacağı barədə razılığa gəliblər. Hazırda cinayət işi üzrə prokurorluq orqanları tərəfindən istintaq və əməliyyat tədbirləri həyata keçirilir", Mətbuat xidməti bildirir.
Xatıraldaq ki, bu gün Prezident İlham Əliyev Rusiya Prezidenti ilə telefon danışığı zamanı Qarabağda Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularının faciəli şəkildə həlak olması ilə bağlı üzrxahlıq ifadə edib və dərin hüznlə başsağlığı verib.
Forum