Almaniyanın xarici işlər naziri Annalena Berbok Qarabağda humanitar vəziyyətlə bağlı narahatlıq ifadə edib, bölgəyə beynəlxalq müşahidəçilərin olmasının vacibliyini vurğulayıb.
“Dağlıq Qarabağda minlərlə uşaq, qadın və kişi öz həyatları üçün o qədər qorxu içindədirlər ki, onlar Ermənistana yollanmaqdan başqa alternativ görmürlər. Heç kim Dağlıq Qarabağda əhalinin necə yaşadığını bilmir. Şəffaflıq əsasdır. Bizə yerdə beynəlxalq ictimaiyyətin gözü və qulağı lazımdır. Biz tərəfdaşlarımızla birlikdə müşahidəçilərimizi ən qısa zamanda göndərməyə çalışırıq”, Berbok bildirib.
Almaniyalı nazir qeyd edib ki, Azərbaycanın beynəlxalq müşahidəçilərə icazə verəcəyi təqdirdə Dağlıq Qarabağda insanların təhlükəsizliyi və rifahı ilə bağlı öhdəliklərinə ciddi yanaşdığına əminliyin sübutu olardı.
İnsanların hələ də hər şeylə bağlı məhrumiyyət yaşadığını vurğulayan Annalena Berbok, Laçın yolu ilə yardımın yalnız hissə-hissə deyil, etibarlı və ardıcıl şəkildə çatdırılmalı olduğunu əlavə edib.
Almaniya Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistan Ofisi vasitəsilə bölgəyə humanitar yardım üçün maliyyə dəstəyini 2 milyondan 5 milyon avroya artırdığını elan edib.
Bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann yazıb. Səfir, həmçinin Azərbaycan və Ermənistan arasındakı münaqişədə həlak olanların ailələrinə başsağlığı ünvanlayıb. “Biz münaqişənin sülh yolu ilə və davamlı həllinə çağırışımızı davam etdiririk”, Horlemann X səhifəsində yazıb.
ABŞ dövlət katibi Antoni Blinken çərşənbə axşamı sentyabrın 26-da Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı zamanı Qarabağda durumu müzakirə edib.
Telefon danışığı barədə jurnalistlərə məlumat verən ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller qeyd edib ki, “Prezident Əliyev daha heç bir hərbi əməliyyat olmayacağını və müşahidəçi missiyası ilə razılaşacağını deyib və biz buna əməl ediləcəyini gözləyirik”.
Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, İlham Əliyev Antoni Blinkenlə telefon danışığı zamanı Azərbaycanda yaşayan digər etnik azlıqlar kimi Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquqlarının ölkə qanunvericiliyi və beynəlxalq öhdəliklər çərçivəsində təmin edilməsi məqsədilə hazırda müvafiq iş aparıldığını vurğulayıb.
“Erməni sakinlərə yardımların göstərilməsi istiqamətində Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə əməkdaşlığın həyata keçirildiyi, ölkəmizdə akkreditə olunmuş BMT-nin Rezident Əlaqələndirici Ofisinin yaxın zamanda Azərbaycanın Qarabağ bölgəsinə səfərinin təşkilinə Azərbaycan tərəfinin hazır olduğu diqqətə çatdırılıb”, məlumatda qeyd edilir.
Digər tərəfdən, Qarabağ ermənilərinin Ermənistana köçü davam edir. TASS xəbər agentliyinin Ermənistan rəsmilərinə istinadən bildirdiyinə görə, yerli vaxtla saat 11:00-a qədər Laçın sərhəd buraxılışı məntəqəsi ilə ölkəyə keçən Qarabağın erməni sakinlərinin sayı 50 min nəfəri keçib.
Forum