Accessibility links

Aİ Qarabağ ermənilərinə humanitar yardım məqsədi ilə əlavə maliyyə ayırıb


Avropa İttifaqı Qarabağ ermənilərinə dəstək məqsədi ilə 5 milyon avro humanitar yardım səfərbər etdiyini açıqlayıb. Humanitar yardım son günlərdə Qarabağdan Ermənistana üz tutan köçkünlərə, həmçinin Qarabağda qalan əhaliyə çatdırılacaq.

“Münaqişənin gərginləşməsi və sonrakı atəşkəsin Dağlıq Qarabağdan insanların kütləvi şəkildə Ermənistana köçməsinə səbəb olacağı gözlənilir və təxminən 13 500 qaçqın artıq sərhədi keçib. Eyni zamanda, Dağlıq Qarabağ anklavında böyük ərzaq qıtlığı, elektrik enerjisi və suya çıxış yoxdur”, Avropa Komissiyasının məlumatında vurğulanır.

Avropa İttifaqı ötən həftə Qarabağda son hərbi əməliyyatlardan zərərçəkmiş əhalinin sığınacaq, ərzaq kimi əsas ehtiyaclarının qarşılanması məqsədi ilə 500 min avroluq təcili humanitar yardım ayırdığını açıqlamışdı.

“Biz Dağlıq Qarabağı tərk etmək qərarına gələn minlərlə insanı dəstəkləməyə hazır olmalıyıq, xüsusən də qarşıdan gələn qış aylarında qaçqınlar əlavə çətinliklərlə üzləşəcək. Aİ həm Dağlıq Qarabağ anklavı daxilində ehtiyacı olan insanlara, həm də hazırda Ermənistanda köçkün düşmüş insanlara təcili yardım göstərmək üçün regionda humanitar yardımını kəskin şəkildə artırır”, Aİ-nin böhranların idarə edilməsi üzrə komissarı Yanez Lenarçiç qeyd edib.

Əlavə 4,5 milyon avroluq humanitar yardım fondunun bir hissəsi İttifaqın Ermənistandakı humanitar tərəfdaşları tərəfindən köç etmiş əhaliyə çatdırılacağı, digər hissəsinin isə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) vasitəsilə Qarabağdakı həssas qruplara yardıma sərf ediləcəyi bildirilib. Aİ həmçinin böhranın tez bir zamanda aradan qaldırılmasını təmin etmək üçün regiona humanitar ekspertlər göndərəcini qeyd edib.

Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrel ötən gün Xankəndində yanacaqdoldurma məntəqəsində baş verən partlayışının qurbanlarına baş sağlığı verib və Aİ-nin humanitar yardım üçün hazır olduğunu qeyd edib.

“Düşüncələrimiz Stepanakert/Xankəndidə dünənki faciəli qaz partlayışının qurbanları və onların yaxınları ilədir. Dağlıq Qarabağa beynəlxalq humanitar yardımların maneəsiz çıxışına təcili ehtiyac var. Aİ əlavə yardımını açıqlayıb və daha çoxunu etməyə hazırdır”, Borrel X (keçmiş Twitter) səhifəsində yazıb.

Sentyabrın 25-də axşam saatlarında Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində partalyış olub. Rəsmi məlumatlara görə, çoxsaylı insan həyatını itirib, iki yüzdən çox insan xəsarət alıb.

Sentyabrın 26-da Azərbaycan hökuməti yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində yaralanan şəxslərə yardım məqsədilə 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları olan növbəti təcili tibbi yardım maşınını, həmçinin ümumilikdə 40 ton un, gigiyenik vasitələr və 500 nəfər üçün yataq dəsti olan 4 yük avtomobilini Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salıb.

“Biz bölgədə humanitar ehtiyacları qarşılamaq üçün BQXK və Qarabağ ermənilərinin nümayəndələri ilə müntəzəm təmasdayıq”, Azərbaycan prezidentinin müşaviri Hikmət Hacıyev qeyd edib.

Qarabağda yaşayan erməni əhalinin Ermənistana köçü isə davam edir. Ermənistan mətbuatının Ermənistanın baş nazirinin müavini Tiqran Xaçatryana istinadən yaydığı məlumata görə, artıq 19 min insan Ermənistana üz tutub.

Forum

XS
SM
MD
LG