Accessibility links

Silahsızlaşdırmanın davam etdirildiyi vaxt 1000-dən çox erməni sakinin Qarabağı tərk etdiyi bildirilir


Xankəndini tərk edən erməni sakinlər.
Xankəndini tərk edən erməni sakinlər.

Azərbaycan rəsmilərinin və Qarabağın erməni sakinlərinin yaşadığı bölgədə fəaliyyət göstərən Rusiya Sülhməramlı Kontingentinin məlumatına əsasən, bölgədə silahsızlaşdırma davam etdirilir.

Sentyabrın 20-də Qarabağ ermənilərinin təmsilçiləri və rəsmi Bakı arasında əldə edilmiş razılaşmaya uyğun olaraq, silahların yığılmasını Rusiya Sülhməramlı Kontingenti tərəfindən həyata keçirir.

“Döyüş əməliyyatlarının dayandırılması ilə bağlı əldə edilmiş razılaşmaya uyğun olaraq, Qarabağın silahlı birləşmələri Rusiya sülhməramlılarının nəzarəti altında silah və hərbi texnikanın təhvil verilməsini davam etdirir. Sentyabrın 23-nə olan məlumata görə, altı ədəd zirehli texnika, 800-dən çox atıcı silah, tank əleyhinə silahlar və zenit raket kompleksi, 22 minə yaxın döyüş sursatı təhvil verilib”, məlumatda qeyd edilir.

Azərbaycan rəsmiləri Qarabağ bölgəsində toplanıldığı deyilən silah və sursatı xarici səfirliklərin hərbi attaşelərinə nümayiş etdirərkən.
Azərbaycan rəsmiləri Qarabağ bölgəsində toplanıldığı deyilən silah və sursatı xarici səfirliklərin hərbi attaşelərinə nümayiş etdirərkən.

Rusiya sülhməramlı kontingenti 436-sı uşaq olmaqla 810 mülki vətəndaşı qəbul etməkdə davam edir. Onların yaşayışı, qidalanması və tibbi xidməti təşkil olunur.

Bu arada, sentyabrın 23-də Ağdərə rayonu ərazisində atəşkəs rejiminin pozulması faktı qeydə alınıb. Rusiya Müdafiə Nazirliyinin “Dağlıq Qarabağdakı Sülhməramlı Kontingentinin” məlumatında deyilir ki, atışma nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin bir hərbi qulluqçusu yaralanıb.

Rusiya sülhməramlıları Azərbaycan-Ermənistan sərhədi yaxınlığında.
Rusiya sülhməramlıları Azərbaycan-Ermənistan sərhədi yaxınlığında.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev X (keçmiş twitter) sosial şəbəkəsində yazıb ki, tərksilah və demobilizasiya reinteqrasiya üçün əsas komponentlərdir.

“Qarabağda üçgünlük tərksilah prosesi göstərdi ki, bu bölgə işğal dövründə hərbi anbarların, toplanan silah-sursatın sayına görə dünyanın ən hərbiləşdirilmiş zonasına və bölgəmizin barıt çəlləyinə çevrilib. Əhalinin sayına və ərazinin böyüklüyünə görə bölgənin bu dərəcədə hərbiləşdiriləcəyini heç gözləmirdik," Hacıyev qeyd edib.

Ermənistan rəhbərliyi Qarabağı tərk edən erməni sakinləri qəbul etməyə hazır olduğunu bəyan edib. Qarabağ ermənilərinin təmsilçiləri isə regiondakı əksər ermənilərin Azərbaycan hakimiyyəti altında yaşamaqdan çəkindiyini deyib.

"Bizim insanlar Azərbaycanın tərkibində yaşamaq istəmirlər," tanınmamış Dağlıq Qarabağ respublikasının prezidenti kimi təqdim edilən Samvel Şahramanyanın müşaviri David Babayan Reuters agentliyinə bildirib. "99.9 faiz tarixi torpaqlarımızı tərk etməyə üstünlük verir."

Ermənistan baş naziri Nikol Paşinyan xalqa müraciət edərkən (24 sentyabr, 2023)
Ermənistan baş naziri Nikol Paşinyan xalqa müraciət edərkən (24 sentyabr, 2023)

Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycan hökumətinin etnik təmizlənmənin qarşısını almaq üçün effektiv mexanizm yaradacağına ümid bəslədiyini ifadə edib:

"Əgər Dağlıq Qarabağ erməniləri üçün öz evlərində yaşamağa lazımi şərait yaradılmasa və etnik təmzilənmənin qarşısını almaq üçün effektiv qorunma mexanizmləri yaradılmasa, onda güman ki, Dağlıq Qarabağ ermənilərinin öz yurdlarını tərk etmək ehtimalı artacaq, çünki onlar köçməyi öz həyatlarını və şəxsiyyətlərini qorumağın yeganə yolu kimi görəcəklər."

Bu arada Ermənistanın hökuməti sentyabrın 24-ü gecə saatlarına qədər 1050 Qarabağ ermənisinin ölkəyə gəldiyini bildirib. Reuters agentliyi şahidlərə əsasən bildirir ki, Qarabağın erməni sakinlərinin yaşadığı bölgədə maşını və yanacağı olan insanlar kütləvi şəkildə bölgəni tərk edirlər.

Qarabağ erməniləri Ermənistanın Kornidzor kəndində qurulmuş müvəqqəti düşərgəyə yola düşərkən.
Qarabağ erməniləri Ermənistanın Kornidzor kəndində qurulmuş müvəqqəti düşərgəyə yola düşərkən.

Azərbaycan rəsmilərinin bildirdiyinə görə, Qarabağda yaşayan erməni sakinlərə humanitar yardımlar da davam etdirlir. Rəsmi məlumata görə, Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus yanacaqla dolu 2 nəqliyyat vasitəsi Ağdam-Əsgəran-Xankəndi yolu ilə 24 ton Aİ 92 markalı benzin, 40 ton dizel yanacağını Xankəndi şəhərinə çatdırıb. Yanacağın ilk növbədə bağçalar, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinə paylanılacağı bildirilir.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) məlumatına görə isə Qarabağ erməniləri üçün nəzərdə tutulmuş 70 ton yük Beynəlxalq Qızıl Xaç Komitəsinin karvanıyla Laçın yolu ilə keçib. Məlumatda deyilir ki, ehtiyacı olan icmalar üçün nəzərdə tutulan yükə 66 ton un, 2 700 kiloqram duz, 450 kiloqram quru maya və 375 litr günəbaxan yağı daxildir.

Qarabağ erməniləri üçün nəzərdə tutulmuş Beynəlxalq Qızıl Xaç Komitəsinin humanitar yardımını daşıyan yük avtomobili.
Qarabağ erməniləri üçün nəzərdə tutulmuş Beynəlxalq Qızıl Xaç Komitəsinin humanitar yardımını daşıyan yük avtomobili.

Sentyabrın 24-də Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Elşad Hacıyev deyib ki, 20 sentyabrda əldə olunmuş razılaşmaya uyğun olaraq, silahı yerə qoyaraq tərksilah və tərxis olunan Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Azərbaycanın Qarabağ bölgəsindən Laçın-Xankəndi və Kəlbəcər-Basarkeçər istiqamətində çıxışı təmin olunacaq.

Nazirliyin sözçüsü əlavə edib ki, keçidin təmin olunması üçün avtobuslar və şəxsi nəqliyyat vasitələrindən istifadə olunacaq.

Sentyabrın 24-də həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsi 23 təcilli tibbi yardım avtomobili ilə ağır yaralıları Ermənistana aparıb.

Forum

XS
SM
MD
LG