Accessibility links

Ələt Azad İqtisadi Zonasının açılış mərasimi olub


Ələt Azad İqtisadi Zonası (Mənbə: Prezident Administrasiyası)
Ələt Azad İqtisadi Zonası (Mənbə: Prezident Administrasiyası)

İyunun 8-də Ələt Azad İqtisadi Zonasının birinci mərhələsinin açılışı olub. Açılış mərasimində Prezident İlham Əliyev iştirak edib.

Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov bildirib ki, zonanın ümumi sahəsi 850 hektardır.

“Azad İqtisadi Zonanın ilkin inkişaf mərhələsi olan 60 hektar ərazidə tikinti işlərinə başlanılıb və bir sıra işlər görülüb. Belə ki, investorlara icarəyə veriləcək torpaq sahələri inşaat üçün artıq hazırdır. Ümumi sahəsi 297 min kvadratmetr olan torpaq sahələrinin daxilində su, kanalizasiya, işıq, qaz, rabitə şəbəkələrinə birləşmə nöqtələri təmin edilib”, o qeyd edib.

Onun sözlərinə görə, növbəti inkişaf mərhələsində 138 hektar sahəni əhatə edən standart istehsal müəssisələri və logistika mərkəzləri üçün nəzərdə tutulmuş hissədə və eyni zamanda, 211 hektar sahəni əhatə edən ağır sənaye müəssisələri üçün hissədə layihələndirmə işləri davam edir. Növbəti inkişaf mərhələsinə aid 138 hektar sahədə torpaq işlərinə tezliklə başlanılması planlaşdırılır.

Ələt Azad İqtisadi Zonasının yaradılması barədə qərar 2017-ci ildə, bununla bağlı müvafiq qanun isə 2018-ci ildə qəbul edilib.

Azad İqtisadi Zona Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və qlobal nəqliyyat dəhlizlərinin (Orta Dəhliz və Şimal-Cənub dəhlizi) üzərində yerləşir.

İqtisadi zonada investorlar əlavə dəyər vergisi, ödəmə mənbəyində vergi, mənfəət vergisi və hər hansı digər korporativ vergidən azaddır.

“Zonada idxal və ixrac zamanı gömrük rüsumları və vergilər tətbiq olunmur. Aylıq əməkhaqqı 8 min manata qədər olan işçilər üçün gəlir vergisi tətbiq olunmur. Əcnəbi hüquqi və fiziki şəxslərin Ələt Azad İqtisadi Zonasında mülkiyyət sahibi olmasına heç bir məhdudiyyət qoyulmur. Xarici investorlar üçün yerli tərəfdaş və səhmdar tələbi yoxdur. Valyuta əməliyyatları və ya mənfəətin repatriasiyasında heç bir məhdudiyyət yoxdur. İnvestorların əmlakı heç bir halda milliləşdirilə bilməz”, məlumatda qeyd edilir.

Ekspertlər hesab edir ki, Ələt Azad İqtisadi Zonasının fəaliyyətə başlaması Azərbaycana iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkənin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində Azərbaycanın strateji əhəmiyyətini daha da artıracaq.

İqtisadçı Nazim Bəydəmirli azad isqtisadi zonanın yaraılması ilə bağlı bildirib ki, azad iqtisadi zonalar vacibdir.

"Dünya təcrübəsinə baxsaq görərik ki, daha çox nəqliyyat qovşaqlarında, transmilli şirkətlərin məhsullarını istehsal etmək üçün limanların yaxınlığında yerləşən bu zonalar vergi bazasını genişləndirməyə, iqtisadi məqsədlərə xidmət edir. Amma məmur sahibkarlığına məxsus olan bəzi şirkətlər vergi və gömrük güzəştlərini alaraq, Ələt Azad İqtisadi Zonasının rezidenti olaraq bu kimi məsələlərdən yararlana bilərlər".

Bununla yanaşı o hesab edir ki, Ələt Azad İqtisadi Zonası ümumi vəziyyəti dəyişdirə bilməyəcək.

"Azərbaycanda müxtəlif yerlərdə sənaye zonaları var və orada da müxtəlif güzəştlər var. Onların rezidentlərinin sayının məhdud olması və onların böyük əksəriyyətinin məmur sahibkarlığına məxsus olması inkişafa əngəl törədir. Azərbaycan iqtisadiyyatında dönüş yaratmaq üçün məmur sahibkarlığı ləğv olunmalıdır, lisenziyaların alınması asanlaşdırılmalıdır, resurslar əlçatan olmalıdır”, ekspert qedy edib.

Bununla yanaşı, Ələt Azad İqtisadi Zonasında bir sıra beynəlxalq səviyyədə tanınmış şirkələr müəssisələr qurmaq üçün artıq danışıqlara başlayıb.

Bu günlərdə İsrailin "BioPharmax" şirkətinin Azərbaycan nümayəndəliyi bidirib ki, iqtisadi zonada tikintisi davam etdirlən müəssisələrində 50 adda tibbi məhsul istehsalı nəzərdə tutulur.

XS
SM
MD
LG