Accessibility links

Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 50 faiz artıb


TRACECA
TRACECA

Ötən il Azərbaycan-Çin ticarət əlaqələrinin həcmi əvvəlki illə müqayisədə 21 faizdən çox artaraq, təxminən 2,2 milyard ABŞ dolları təşkil edib. Bu müsbət dinamika bu il də davam edir və ilin 9 ayında qarşılıqlı ticarətin həcmi təxminən 50 faiz artıb.

Bu barədə Çinin Sian şəhərində davam edən 7-ci İpək Yolu Beynəlxalq Sərgisi çərçivəsində Çin (Şansi)-Azərbaycan iqtisadiyyat, ticarət, mədəniyyət və turizm təşviqatı konfransında Azərbaycanın Çindəki səfiri Bünyad Hüseyov bildirib.

Azərbaycanın Çinin Cənubi Qafqazdakı ən böyük ticarət tərəfdaşı olduğunu vurğulayan səfir Hüseynov, enerji sahəsinin ikitərəfli əməkdaşlığın mühüm komponenti olduğunu, Çinin alternativ enerji sahəsində qabaqcıl təcrübəsinin və texnologiyasının Azərbaycan üçün maraq kəsb etdiyini bildirib.

O, nəqliyyat-tranzit sahəsinin əməkdaşlığından danışarkən deyib ki, Azərbaycandan keçən nəqliyyat arteriyaları, yaradılmış müasir infrastruktur, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və digər layihələr Çindən Avropaya və geriyə yüklərin daşınması üçün ən qısa və səmərəli nəqliyyat marşrutlarını formalaşdırıb.

“Çinin tranzit operatorlarının və logistika şirkətlərinin "Orta dəhliz”ə marağı getdikcə artır. Bu xüsusda blok qatarlarının formalaşdırılması, logistika məlumatlarının mübadiləsi və yüklərin yerləşdirilməsi sahəsində əməkdaşlıq vacibdir”, o qeyd edib.

Orta dəhliz - Çindən Türkiyəyə və eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarını nəzərdə tutur.

Belə ki, TRACECA (Transport Corridor Europe-Caucasus-Asia) Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi Müstəqil Dövlətlər Birliyinə göstərilən texniki yardım (TASİS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir. Layihə 1993-cü ilin mayında Brüsseldə keçirilən konfransda 8 ölkənin (5 Mərkəzi Asiya, Qazaxıstan və 3 Qafqaz respublikası) iştirakı ilə qəbul edilib.

TRACECA, həmçinin maraqları bir araya gətirmək, qarşılıqlı və faydalı əməkdaşlığın qurulmasının optimal yollarını tapmaq, o cümlədən Avropa, Qara dəniz, Qafqaz, Xəzər dənizi və Asiya regionlarında iqtisadi əlaqələri, ticarət və nəqliyyat kommunikasiyalarını inkişaf etdirmək üçün sabit platformadır.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG