Accessibility links

Azərbaycan və Ukrayna regional əməkdaşlıq məsələlərini müzakirə edib


Ceyhun Bayramov və Dmitro Kuleba (Mənbə: Azərbaycan Xarici İşlər Nazirliyi)
Ceyhun Bayramov və Dmitro Kuleba (Mənbə: Azərbaycan Xarici İşlər Nazirliyi)

Dekabrın 11-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Brüsseldə keçirilən Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin görüşü çərçivəsində Ukrayna xarici işlər naziri Dmitro Kuleba ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, nazirlər iki ölkə arasında mövcud olan dost və tərəfdaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayıb.

“Tərəflər Azərbaycan ilə Ukrayna arasında müxtəlif sahələrdə, o cümlədən nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlıq perspektivləri üzrə fikir mübadiləsi aparıblar.​ Çoxtərəfli platformalarda əməkdaşlığın davam etdirilməsi, o cümlədən GUAM çərçivəsində bir sıra istiqamətlər üzrə fəaliyyət qeyd olunub”, məlumatda qeyd edilir.​

Nazirlik bildirir ki, görüş zamanı nazir Ceyhun Bayramov qarşı tərəfə regionda baş verən son hadisələr və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi barədə məlumat verib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Jeyhun Bayramov X platformasında yazıb ki, Ukrayna xarici işlər naziri ilə görüşündən məmnun qalıb.

“Görüşdə regional vəziyyət və ölkələrimiz arasında çoxşaxəli əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi apardıq”, Bayramov qeyd edib.

Dmitro Kuleba da X sosial media platformasında Azərbaycanlı həmkarı ilə görüşdən məmnun qaldığını bildirib.

“Ceyhun Bayramovla görüşmək xoş oldu. Biz sülh formulu və ikitərəfli əməkdaşlığımızı müzakirə etdik. Mən Ukraynanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü, eləcə də Xəzər və Qara dənizlər arasında məkanda regional əməkdaşlığın inkişaf etdirilməsi təşəbbüslərini dəstəklədiyini bir daha vurğuladım”, Kuleba qeyd edib.

Forum

XS
SM
MD
LG