Accessibility links

Bakıda qolodomor qurbanlarının xatirəsi anılıb


Bakıda Qolodomor qurbanlarının xatirəsinə həsr olunmuş tədbir (Mənbə: Ukrayna səfirliyi)
Bakıda Qolodomor qurbanlarının xatirəsinə həsr olunmuş tədbir (Mənbə: Ukrayna səfirliyi)

Bakıda 1932-1933-cü illərdə Ukraynada baş vermiş qolodomorun 90 illiyinə həsr olunmuş tematik gecə keçirilib.

Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vyaçeslav Kanevski Facebook səhifəsində məlumat yayıb.

Birləşmiş Azərbaycan Ukraynalıları İcması və Ukrayna Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində “Ukraynalıların mühakimə olunmamış soyqırımı təkrarlanır” adlı sərgi də təqdim olunub.

"Sərgidə bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli cinayətlərdən birinə dair film nümayiş olunub. Vurğulanıb ki, 1932-1933-cü illərdə sovet totalitar rejimi Ukrayna xalqının soyqırımını törədib, Qolodomor milyonlarla ukraynalının həyatına son qoyub. Bu gün Kreml Ukrayna xalqına qarşı növbəti soyqırım müharibəsi aparır və yeni soyqırımı törətmək niyyətini gizlətmir. Müasir rus hərbi cinayətkarları Ukraynada öz sələflərinin etdiklərini təkrarlamağa çalışırlar: total nəzarət, terror, deportasiya, əmlak və ərzaqların ələ keçirilməsi.

90 il əvvəl olduğu kimi Rusiya indi də ərzaqdan silah kimi istifadə edir. Ukrayna taxılını oğurlamaq, Ukrayna limanlarını bağlamaq Kremlin 21-ci əsrdə Stalinin aclıq üsullarını canlandırmaq üçün növbəti cəhdidir", səfir Kanevski qeyd edib.

O bildirib ki, prezident Volodimir Zelenskinin təşəbbüsü ilə həyata keçirilən "Ukraynadan taxıl" proqramı son dərəcə vacibdir.

"Bütün çağırışlara və təhdidlərə baxmayaraq Ukrayna qlobal ərzaq təhlükəsizliyinin qarantı olmaqda davam edəcək" Ukrayna səfiri deyib.

Bakıda Qolodomor qurbanlarının xatirəsinə həsr olunmuş sərgi (Mənbə: Ukrayna səfirliyi)
Bakıda Qolodomor qurbanlarının xatirəsinə həsr olunmuş sərgi (Mənbə: Ukrayna səfirliyi)

Hər il noyabrın 25-də 1932-1933-cü illərdə Ukraynada kütləvi aclıq - qolodomor qurbanlarının xatirəsini anılır.

2006-cı ildə qolodomor Ukrayna Ali Radası (parlament) tərəfindən soyqırım kimi tanınıb.

Tarixi məlumatlara görə 1932-1933-cü illərdə Sovet İttifaqının "taxıl anbarı" adlandırılan Ukraynada Stalin kommunist rejimi milyonlarla ukraynalıya qarşı soyqırım aktı həyata keçirib.

Belə ki, 1920-1930-cu illərdə Ukrayna kommunistlərinin Moskvadan daha geniş muxtariyyət almağa cəhd göstərməsi kommunist Stalinin ukraynalılara qarşı açıq repressiyasına səbəb olub.

1932-ci il avqustun 7-də Sove İttifaqında "Sosialist əmlakın qorunması haqqında" qətnamə qəbul edilib. Kolxoz əmlakının talanmasına görə güllələnmə və ya 10 il azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutan bu qətnamənin qəbulu kütləvi həbslərə və güllələnmələrə şərait yaradıb. Hətta uşaqlar da tarlalardan taxıl sünbülü yığdıqda amansızcasına cəzalandırılıb. Xalq arasında qətnamə "Beş sünbül haqqında qanun" adını alıb.

Ukrayna Milli Elmlər Akademiyasının Demoqrafiya və Sosial Tədqiqatlar İnstitutunun məlumatına görə, qolodomor faciəsi nəticəsində 3 milyon 943 min ukraynalı həlak olub. Tarixçilər isə qurbanların sayının təqribən 7-10 milyon olduğunu iddia edirlər.

Forum

XS
SM
MD
LG