Accessibility links

Azərbaycan Ukraynaya enerji avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib


"Oktyabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ayrılmış 7,6 milyon ABŞ dolları vəsaiti hesabına alınmış enerji avadanlığının daha bir partiyası Ukraynaya göndərilib".

Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Facebook səhifəsində məlumat yayıb.

Səfir bildirib ki, Azərbaycanın göndərdiyi avadanlıqlar Ukraynanın energetika sənayesinə yüz minlərlə Ukrayna evini istilik, elektrik enerjisi və su ilə təmin etməyə, minlərlə Ukrayna müəssisə və şirkətlərini enerji ilə təmin etməyə kömək edəcək.

“Rusiya hakimiyyəti Ukraynanın şəhər və kəndlərinin, xəstəxanaların, məktəblərin cinayətkar irimiqyaslı bombardmanını bir günlük belə dayandırmır, uşaqları, qadınları və yaşlıları kütləvi şəkildə qətlə yetirməkdə davam edir. Soyuq havaların başlaması ilə Rusiya hərbi cinayətkarları Ukraynanın enerji sisteminə qarşı yeni zərbələr üçün planlar hazırlayır”, Kanevski qeyd edib.

Onun fikrincə, Ukraynanın enerji sənayesinə dəstək Ukrayna-Azərbaycan strateji tərəfdaşlığının danılmaz təzahürüdür.

“Bu dəstək bizə əzm verəcək və qələbə qazanmağa kömək edəcək. Bu vacib köməyə görə Azərbaycan Respublikasının rəhbərliyinə təşəkkür edirik! Yaşasın Ukrayna! Yaşasın Azərbaycan!” səfir qeyd edib.

Azərbaycanın Energetika Nazirliyinin Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdiri Ələsgər Həsənov bildirib ki, bu gün Ukraynaya göndərilən yardımın ümumi dəyəri 1,5 milyon manatdan çoxdur.

"Yardım Ukrayna tərəfinin istəyi əsasında onların zəruri ehtiyac hiss elədiyi şəhərlərə göndərilir”, o qeyd edib.

Humanitar yardım Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.

Azərbaycan Enegetika Nazirliyinin məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü il 17 iyul tarixli Sərəncamına uyğun olaraq Energetika Nazirliyinin tədarük etdiyi humanitar yükə 555 min metrdən çox elektrik kabelləri və naqilləri daxildir. 14 TIR-dan ibarət yük avtomobili karvanının daşıdığı humanitar məqsədli mallar Ukraynadakı mövcud vəziyyətlə əlaqədar zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpasına dəstək üçün göndərilir.

Ukrayna tərəfindən daxil olmuş müraciətlər əsasında təşkil olunan və ümumi dəyəri 7,6 milyon ABŞ dolları olan yardımın növbəti hissələrinin yaxın müddət ərzində yola salınması planlaşdırılır.

Azərbaycanın Ukraynaya göstərdiyi humanitar, o cümlədən bərpa və yenidənqurma işlərinə dəstək xarakterli yardımların ümumi məbləği artıq 33 milyon ABŞ dollarından çoxdur. Müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ümumilikdə 154 ukraynalı uşaq Azərbaycanda tibbi və sosial-psixoloji reabilitasiya keçib.

Ukraynanın İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına “Linqvist” humanitar liseyi tam bərpa edilib, habelə həmin şəhərdə ciddi dağıntılara məruz qalmış bir sıra sosial təyinatlı obyektlərin Azərbaycan tərəfindən əsaslı bərpası ilə bağlı hazırda müvafiq işlər aparılmaqdadır.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG