Accessibility links

Nyu-Yorkda GUAM Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib


GUAM xarici işlərr nazirləri Ceyhun Bayramov, İliya Darçiaşvili, Niku Popesku, Dmitro Kuleba (Foto Azərbaycan Xarici İşlər Nazirliyinindir)
GUAM xarici işlərr nazirləri Ceyhun Bayramov, İliya Darçiaşvili, Niku Popesku, Dmitro Kuleba (Foto Azərbaycan Xarici İşlər Nazirliyinindir)

Sentyabrın 20-də Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti İdarəsinin məlumatına görə, iclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili, Moldovanın xarici işlər və Avropa inteqrasiyası naziri Niku Popesku, Ukraynanın xarici işlər naziri Dmitro Kuleba iştirak edib.

İclas zamanı üzv dövlətlər "Azad ticarət zonasının yaradılması haqqında Sazişə malların mənşə ölkəsinin müəyyən edilməsi qaydaları haqqında Protokol"u və "Konsulluq məsələləri sahəsində qarşılıqlı yardım haqqında Demokratiya və İqtisadi İnkişaf naminəTəşkilat - GUAM Konvensiyası"nı imzalayıblar.

Nazir Ceyhun Bayramov ticarət, nəqliyyat və kommunikasiya, parlamentlərarası əməkdaşlıq istiqamətlərində GUAM çərçivəsində həyata keçirilən işlər və perspektivlər barədə fikirləri ilə bölüşüb, təşkilat çərçivəsində əməkdaşlığın vacib olduğunu bildirib.

Nazir Azərbaycan-Ermənistan sərhədindəki son durum, post-münaqişə dövründə Ermənistanla keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması məqsədilə səyləri barədə məlumat verib. O, regionda bərpa və yenidənqurma tədbirləri, məcburi köçkünlərin geri qayıdışı, bölgədə yaşayan etnik ermənilərin reinteqrasiyası üçün bəzi layihələr, habelə bölgədə mina təhlükəsi barədə iştirakçıları məlumatlandırıb.

"Bayramov, həmçinin Ukraynadakı vəziyyətin ciddi narahatlıq doğurduğunu, problemin diplomatik yolla beynəlxalq hüquq əsasında, xüsusilə də dövlətlərin beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenlik prinsiplərinə uyğun həllinin vacib olduğunu qeyd edib. Azərbaycanın Ukraynaya humanitar yardım əlini uzadan ilk ölkələrdən olduğu və indiyə qədər 15 milyon avro məbləğində Ukraynaya yardım göstərildiyi bildirilib. Nazir Ceyhun Bayramov çıxışının sonunda Ukraynanın 2023-cü il üzrə GUAM sədrliyini təhvil alması münasibətilə təbrik edib" , məlumatda qeyd edilir.

GUAM - Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna prezidentlərinin 1997-ci il oktyabrın 10-u Strasburqda əsasını qoyduqları birlik kimi fəaliyyətə başlayıb.

Prezidentlərin imzaladığı sənəddə birliyin suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, demokratiya, insan hüquqlarına hörmət prinsipləri əsasında Avropada sabitliyin və təhlükəsizliyin gücləndirilməsi məqsədilə dördtərəfli əməkdaşlıq formatında yaradıldığı bəyan edilib.

XS
SM
MD
LG