Accessibility links

Ceyhun Bayramov: Azərbaycan Ukraynada bərpa işlərinə dəstəyini davam etdirəcək


"Azərbaycan minatəmizləmə sahəsində Ukrayna üçün avadanlıq təmin etmək niyyətindədir".

Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığa işgüzar səfəri çərçivəsində Ukrayna Bərpa Konfransında çıxışı zamanı bildirib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına görə, nazir çoxsaylı insan təlafatı və humanitar fəlakətə səbəb olan Ukrayna ətrafında yaranmış vəziyyətin Avropada sülh və təhlükəsizliyə böyük təhdid olduğunu deyib.

"Bu xüsusda, Azərbaycanın yaranmış bu böhranın Ukraynanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində ən qısa zamanda həllini tapmasını dəstəklədiyi qeyd olunub", məlumatda bildirilir.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatında Ceyhun Bayramovun Azərbaycanın 27 fevral 2022-ci il tarixindən başlayaraq Ukraynaya ilk humanitar yardımlarını göndərdiyini diqqətə çatdırdığı qeyd edilir.

"Nazir Azərbaycanın ötən əsrin 90-cı illərindəki acı təcrübəsinə istinadən müharibə və münaqişə dövründə mülki əhalinin, xüsusilə də uşaqların cəmiyyətin ən həssas seqmentlərindən birini təşkil etdiyini yaxşı anlanıldığını bildirib" , məlumatda deyilir.

"Bu xüsusda, ölkəmiz tərəfindən Ukraynadan olan 100 uşağa tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib. Ilin sonuna qədər bu rəqəmin iki dəfə artırılmasını planlaşdırırıq", Ceyhun Bayramov qeyd edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatında Azərbaycanın postmünaqişə dövründə bərpa və yenidənqurma təcrübəsinə istinad edən Ceyhun Bayramovun Ermənistanın işğalından azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işlərinin aparıldığını qeyd etdiyi bildirilir.

Ceyhun Bayramovun mövcud çətinliklərə baxmayaraq, Azərbaycanın mina təmizləmə sahəsində də Ukraynanı avadanlıqla təmin etmək niyyətində olduğunu dediyi qeyd edilir.

"Bayramov Azərbaycanın post-münaqişə dövründə bərpa işləri ilə bağlı təcrübəsini və dəstəyini əsirgəmədiyini diqqətə çatrdıraraq, ölkəsinin artıq Ukraynada aparılan bir sıra quruculuq işlərinə, o cümlədən İrpin şəhərində məktəbin bərpa edilməsinə dəstək göstərdiyini qeyd edib" , Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatında deyilir.

Ceyhun Bayramov Ukraynada bərpa və yenidənqurma səylərinə Azərbaycanın göstərdiyi dəstəyin bundan sonra da davam etdiriləcəyini deyib.

Rəsmi məlumatlara görə, Ukraynadakı böhranla bağlı Azərbaycanın göstərdiyi humanitar yardımın ümumi məbləği 30 milyon manatdan çoxdur. Bununla yanaşı, müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ümumilikdə 90-a yaxın ukraynalı uşaq tibbi və sosial-psixoloji reabilitasiya məqsədilə Azərbaycana gətirilib. İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına 12 saylı məktəb tam bərpa edilib.

Azərbaycan Dövlət Neft Şirkətinin Ukrayna nümayəndəliyi (SOCAR Energy Ukraine) müharibə başlayandan humanitar yardım olaraq təcili tibbi yardım və yanğınsöndürən avtomobillərini pulsuz yanacaqla təmin edir.

Azərbaycan Ukraynaya növbəti humanitar yardımını iyunun 9-da göndərib.

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski bildirib ki, Rusiya "terrorçu rejimi" tərəfindən Kaxovka Su Elektrik Stansiyasının bəndinin partladılması üzrə yaranmış fəsadların aradan qaldırılması üçün Azərbaycan Ukraynaya çox ehtiyac duyulan yardım göndərən ilk ölkələrdəndir.

"Humanitar yardıma nasoslar, motorlu nasoslar, şişmə qayıqlar, qoruyucu kostyumlar, xilasedici jiletlər və sairələr daxildir. Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri bu, dost Azərbaycanın Ukraynaya göndərdiyi humanitar yüklü artıq 11-ci təyyarədir. Bundan başqa Azərbaycan tərəfi xilasetmə işlərində iştirak edən avtomobil və su nəqliyyatı üçün əlavə olaraq 20 ton yanacaq verib" , səfir qeyd edib.

XS
SM
MD
LG