Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Ukraynanın Kyiv şəhərinin meri Vitali Kliçko ilə görüşüb.
Bu barədə səfir “X” (keçmiş Twitter) mikrobloqunda yazıb.
"Bu gün Kyivin meri Vitali Kliçko ilə görüşməyə şad oldum. Azərbaycan və Kyiv arasında əməkdaşlığın, həmçinin qardaş şəhərlər Bakı və Kyiv arasında tərəfdaşlığın gücləndirilməsi üzrə məhsuldar fikir mübadiləsi apardıq", səfir qeyd edib.
Müharibənin ilk günlərindən Azərbaycan Ukraynaya humanitar yardım göstərməyə başlayıb. İlk yardım müharibənin başlamasından üç gün sonra, 27 fevralda çatdırılıb.
Rəsmi məlumatlara görə, Ukraynadakı böhranla bağlı Azərbaycanın göstərdiyi humanitar yardımın ümumi məbləği 43 milyon manatdan çoxdur. Bununla yanaşı, müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ümumilikdə 120 ukraynalı uşaq tibbi və sosial-psixoloji reabilitasiya məqsədilə Azərbaycana gətirilib. İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına 12 saylı məktəb tam bərpa edilib.
Azərbaycan Dövlət Neft Şirkətinin Ukrayna nümayəndəliyi, SOCAR Energy Ukraine, müharibə başlayandan humanitar yardım olaraq təcili tibbi yardım və yanğınsöndürən avtomobillərini pulsuz yanacaqla təmin edir.
İyulun 17-də isə Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya humanitar yardım məqsədilə elektrik avadanlığının satın alınması və göndərilməsi üçün 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Energetika Nazirliyinə 7,6 milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayırıb.
Buna qədər Azərbaycan Ukraynaya Kaxovka Su Elelktrik Stansiyasının dağıntılarının nəticələrinin aradan qaldırılması üçün humanitar yardım qismində generatorlar, nasoslar və digər avadanlıqlar, həmçinin ərzaq, dərman və tibbi ləvazimatlar göndərib.
Forum