Accessibility links

Rusiya Ukraynanın Moskvanı hədəf alan dronlarını vurduğunu bildirir


Moskva meri Sergey Sobyanin
Moskva meri Sergey Sobyanin

Rusiya Müdafiə Nazirliyi çərşənbə axşamı səhər saatlarında Ukraynanın Rusiyanın paytaxtını hədəf alan azı üç dronunu vurduğunu bildirib.

Nazirliyin bildirdiyinə görə, Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Moskva vilayəti ilə həmsərhəd olan Kaluqa və Tver vilayətləri üzərində iki, paytaxta daha yaxın, Moskva vilayətinin İstra rayonu üzərində bir dronu məhv edib.

Moskva meri Sergey Sobyanin dronların "Moskvaya hücum etməyə çalışdığını" və Kremldən təxminən 65 km şimal-qərbdə yerləşən İstra rayonunda məişət xidmətləri obyektini zədələdiyini bildirib.

Müdafiə nazirliyi bəyan edib ki, başqa yerlərdə dağıntı və tələfat yoxdur. Reuters agentliyi xəbərləri müstəqil şəkildə yoxlaya bilməyib.

Sobyanin bildirib ki, Tver vilayətində dronun qalıqları Zavidovo kəndinə düşüb. RİA dövlət xəbər agentliyinin məlumatına görə, Zavidovoda Rusiya prezidentinin rəsmi iqamətgahı - "Rusiya" sarayı yerləşir.

Prezident Vladimir Putinin əsas iqamətgahları Moskva vilayətindəki Novo-Oqaryovo və rəsmi tədbirlərin keçirildiyi Böyük Kreml Sarayıdır.

Rusiya xəbər agentlikləri çərşənbə axşamı səhər saatlarında paytaxt ətrafındakı dörd böyük hava limanından - Vnukovo, Domodedovo, Şeremetyevo və Jukovskidən təxminən 50 uçuşun ləğv edildiyini və ya təxirə salındığını bildirib.

Mayın əvvəlində Kreml üzərində iki dron məhv edildikdən sonra əsasən də 2014-cü ildə Moskva tərəfindən ilhaq edilmiş Krımda və Ukrayna ilə həmsərhəd bölgələrdə Rusiya hədəflərinə pilotsuz təyyarələrin hücumları demək olar ki, mütəmadi hal alıb.

Forum

XS
SM
MD
LG