Accessibility links

Gültəkin Hacıbəyli: Azərbaycanda siyasi plüralizm, fikir azadlığı, fərqli düşüncə məhv edilir


Gültəkin Hacıbəyli
Gültəkin Hacıbəyli

Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli Amerikanın Səsinə müsahibəsində Azərbaycanda siyasi fəaliyyət, media, fkir və söz azadlığının durumundan danışıb.

Amerikanın Səsi: Azərbaycanda son dövrlər siyasi hüquqlarla bağlı yerli və beynəlxalq tənqidlər sanki intensiv xarakter alıb. Sizcə bu təndiqləri doğuran səbəblər nədir?

Gültəkin Hacıbəyli: Bu tənqidlər doğrudan da haqlı tənqidlərdir. Əgər bu vaxta qədər Azərbaycan sərt avtoritarizm ölkəsi kimi səciyyələndirilirdisə və bütün beynəlxalq hesabatlarda və cədvəllərdə məhz bu kriteriyaya uyğun dövlət kimi sərgilənirdisə, son illər, xüsusilə də son aylar ərzində biz Azərbaycanda insan hüquqları və demokratiya sahəsində çox ciddi geriləmənin olduğunu müşahidə edirik. Bu, ilk növbədə media azadlığı, sərbəst toplaşma azadlığı, siyasi fəaliyyət sahəsindədir. Bilirsiniz ki, Azərbaycanda 2019-cu ildən bəri sərbəst toplaşma azadlığı ümumiyyətlə qadağan edilib. 2019-cu ilə qədər pis və ya yaxşı, məhdud səviyyədə də olsa bu azadlıq təmin olunurdu. Son illər “Media haqqında” yeni qanun qəbul ediləndən sonra, media reyestri haqqında yeni düzəlişlərdən sonra Azərbaycanda demək olar ki, azad, müstəqil medianın fəaliyyətinə də blok qoyulub. “Siyasi partiyalar haqqında” isə son mürtəce qanun və eyni zamanda bu günlərdə “Azərbaycan İnzibati Xətalar Məcəlləsi”nə edilən dəyişikliklər ölkədə ümumiyyətlə siyasi sistemin kökünə balta vuran qanunvericilik təşəbbüsləridir. Bu təşəbbüslərin gerçəkləşməsi ilə ölkə demək olar ki, qapanır. Ölkə artıq, belə deyək də, sürətlə Kamboca, Uqanda, Türkmənistan, Şimali Koreya, Eritreya standartlarına yaxınlaşır. Heç də təsadüfi deyil ki, beynəlxalq qiymətləndirmə cədvəllərində Azərbaycanın qonşuları məhz bu ölkələrdir.

Gültəkin Hacıbəyli: Azərbaycanda siyasi plüralizm, fikir azadlığı, fərqli düşüncə məhv edilir
please wait

No media source currently available

0:00 0:09:22 0:00

Amerikanın Səsi: Azərbaycanın parlamentinin qəbul etdiyi siyasi hüquqları, media və əməkçi hüquqlarını əhatə edən qanunvericilik aktları beynəlxalq tənqidlərlə yanaşı, yerlərdə etirazlara səbəb olub. Sizcə hökumət və qanunverici hakimiyyət bu etirazları hansı səbəbdən nəzərə almır?

Gültəkin Hacıbəyli: Bunun bir neçə səbəbi var. Birinci səbəb ondan ibarətdir ki, beynəlxalq etirazlar ciddi deyil. Azərbaycan o qədər böyük dövlət deyil, Azərbyacanın resursları o qədər hədsiz-hüdudsuz deyil. Azərbaycan hakimiyyəti ümumiyyətlə xalq arasında dəstəyi olmayan bir hakimiyyətdir. Ona görə də beynəlxalq təzyiqlər qarşısında davamlılığı olan bir hakimiyyət sayıla bilməz. Bu baxımdan, əgər beynəlxalq təzyiqlər ciddiləşərsə, daha maddi xarakter alarsa Azərbaycan hakimiyyətinin geri addım atmaqdan başqa şansı qalmayacaq. Amma nə yazıq ki, biz bu gün nə ABŞ, nə Avropa Birliyi tərəfindən ciddi təzyiqlərin şahidi olmuruq. Müəyyən deklarasiyalar edilir, müəyyən etirazlar şifahi formada, bəyanat şəklində ifadə edilir. Amma sözdən uzağa gedilmir. Məhz, bu da Azərbaycan hakimiyyətində bir özgüvən yaradır ki, hələ bu yolda davam etmək olar. Yəni, bu ilk növbədə beynəlxalq təpkilərin zəifliyi və dişsizliyi ilə bağlıdır. Amma digər tərəfdən başqa bir səbəb də var. Bu səbəb ondan ibarətdir ki, Azərbaycan hakimiyyəti beynəlxlaq konyekturu bilir və anlayır ki, hal-hazırda dünya həlləedici dönəmdədir, geosiyasi maraqların toqquşduğu çox çətin anlar yaşanır. Bu anlar bitdikdən sonra, yəni bunu Rusiya-Ukrayna qarşıdurmasını nəzərə alarq deyirəm. Rusiya-Ukrayna qarşıdurması heç şübhəsiz ki, Ukraynanın və demokratiyanın qalibiyyəti ilə bitdikdən sonra, mən buna zərrə qədər də şübhə etmirəm, dünyada yeni düzən yaranacaq. Bu düzəndə avtoritarizmə yer olmayacaq. Bu düzəndə korrupsioner-avtoritar liderlərə yer olmayacaq. Azərbaycan hakimiyyəti sanki həmin dövrə hazırlaşır. Özünü həmin dövrə hazırlayır. Həmin dövrə qədər ölkədə olan bütün etiraz potensialını boğub, cəmiyyəti Türkmənistanlaşdırmaq, cəmiyyətdə müqavimət gücünü sıfırlamaq və bundan sonra isə növbəti mərhələyə artıq müqavimətsiz, dişsiz, etiraz gücü olmayan bir cəmiyyətlə daxil olmaq istəyir. Azərbaycan hakimiyətinin indiki məqamda yaranmış fürsətdən istifadə edərək həyata keçirdiyi siyasət budur. Amma burada üçüncü bir faktor da var. Bu da ondan ibarətdir ki¸ Qarabağ nizamlanması, Azərbaycan-Ermənistan nizamlanmasının indiki mərhələsində Azərbyacan hakimiyyəti hesab edir ki, onun üçün uğurlu beynəlxalq konyektur yaranıb və qərb institutları Azərbaycan hakimiyyətinin insan haqları və demokratiya məsələlərində bir çox “şıltaqlılarına”, bir çox sərt davranışlarına göz yuma bilər. Gerçəkdən də belədir. O baxımdan yaranmış fürsətdən istifadə edib, ölkə daxilində bütövlükdə siyasi sistemi məhv edib, özünü postmüharibə dövrünə hazırlamaq istəyir.

Amerikanın Səsi: Dünyanın bir sıra nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanı götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırır. Sizcə Azərbaycan hansı sahələrdə beynəlxalq öhdəliklərini yerinə yetirməyib? Bu hansı nəticələr doğura bilər?

Gültəkin Hacıbəyli: Azərbaycan bir çox sahələrdə öz öhdəliklərini yerinə yetirməyib. Məsələn, Azərbaycan Avropa Şurasının üzvüdür və Avropa Şurasına daxil olarkən Azərbaycan üzərinə bir neçə blokdan olan öhdəliklər götürüb. O öhdəliklərin icra vəziyyəti gerçəkdən də bərbaddır. Müəyyən dövrdə öhdəliklərin bir qismi yerinə yetirilib. Məsələn, Azərbaycan Avropa Şurasına daxil olarkən 716 nəfər siyasi məhbus problemi həll olunmuşdu və demək olar ki, o, böyük siyahı çox az istisnalarla qapanmışdı. Amma bu gün, 2023-cü ildə biz o qədər acınacaqlı durumdayıq ki, bu gün Azərbaycanda iki yüzdən çox yeni siyasi məhbus var. 2001-ci ildə Azərbaycan Avropa Şurasına daxil olarkən qapanılan siyahı yenidən açılıb. Hüquq müdafiə təşkilatlarının bildirdiyinə görə, bu gün artıq iki yüzdən çox siyasi məhbus var. Məsələn, Azərbaycan Avropa Şurasına daxil olduğu ərəfədə, hətta üzv olduğu illər ərzində də Azərbaycanda məhbud səviyyədə də olsa sərbəst toplaşma azadlığı təmin olunurdu. Bu gün bu azadlıq ümumiyyətlə qadağan edilib. Faktiki olaraq Azərbaycan konstitusiyasında Azərbaycan vətəndaşlarına verilən bu hüquq bir butaforiya xarakteri daşıyır. Mən eyni sözləri media, fikir, söz azadlığı sahəsi haqqında da deyə bilərəm. Çünki Azərbaycanda müstəqil yerli informasiya kanalları mövcud deyil. Bu informasiya kanllarını, azad medianı Azərbaycan hökuməti ümumiyyətlə qadağan edib. İnsanlar informasiyanı məcburiyyət qarşısında internet üzərindən, müxtəlif YouTube kanallarından, digər sosial şəbəkələrdən alırlar. O baxımdan burada da acınacaqlıdır. Ölkədə demokratiyanın son işartıları, son elementləri öz fədəkarlığı hesabına, verdiyi böyük qurbanlar hesabına mücadilə edən siyasi müxalifətdir. Azərbaycan hakimiyyəti uzun illər hər şey edib ki, bu müxalifətin fəaliyyətini marginallaşdırsın, bu müxalif hərəkatı dissident hərəkatına çevirsin, dissident formatına salsın və sonra ümumiyyətlə ləğv etsin. Çünki bu zaman həm də onun təsiri zəifləyəcək, az olacaq. Azərbaycan hakimiyyətinin bu günlərdə qəbul etdiyi “Siyasi partiyalar haqqında” yeni qanun, o cümlədən bu qanunun icrası ilə bağlı “İnzibati Xətalar Məcəlləsi”nə edilən dəyişiklik ölkədə elə bir situasiya yaradır ki, biz faktiki olaraq Sovetlər Birliyinin siyasi mənzərəsini yenidən gözümüz önündə canlandırırıq. Yəni, Sovetlər dönəmində də bir siyasi partiya var idi. Sovet İttifaqı konstitusiyasının 6-cı maddəsinə görə ölkədə yalnız bir siyasi partiyanın, Kommunist partiyasının rəhbər rolu qeyd edilirdi. Ölkədə ümumiyyətlə başqa siyasi partiya yox idi. Yəni, çoxpartiyalılıq bir sistem olaraq ləğv edilmişdi. Bu gün Azərbaycan “uğurla” bu istiqamətdə gedir. Azərbaycan siyasi hakimiyyəti ölkədə siyasi fəaliyyəti demək olar ki, qapadır. Siyasi fəaliyyətlə məşğul olanlara, hətta özünü dövlətin qadağan etdiyi siyasi partiyanın üzvü kimi təqdim edənlərə qarşı “İnzibati Xətalar Məcəlləsi”ndə təqiblər nəzərdə tutulur. Ola bilsin ki, sonradan bu cür təqidblərlə bağlı “Cinayət Məcəlləsinə” də sanksiyalar daxil edildi. Faktiki olaraq Azərbaycanda siyasi fəaliyyəti, belə deyək, qeyri-qanuni bir fəaliyyət şəklinə gətirirlər. Bu isə o deməkdir ki, Azərbaycanda demokratiyanın ən əsas sütunlarından biri olan siyasi plüralizm, fikir azadlığı, fərqli düşüncə məhv edilir. Bu da nə Azərbaycan üçün, nə də bölgəmiz üçün yaxşı heç nə vəd etmir.

Qeyd: Bu Gültəkin Hacıbəylinin fikirləridir. Rəsmi Bakı ölkədə fundamrntal azadlıqların tam təmin edildiyini, insanların iradəsinə görə təqib edilmədiyini bildirir. Hökumət rəsmiləri ölkədə siyasi məhbusların olması, siyasi plüralizmin, mətbuat azadlığının boğulması ilə bağlı fikirləri isə ümumiyyətlə qəbul etmir. Dövlət və hökumət rəsmiləri bu sahələrdə tənqidləri qərəzli sayır.

Bununla yanaşı, son zamanlar Azərbaycanda qəbul edilmiş “Media haqqında”, “Siyasi partiyalar haqqında” qanunlar sərt beynəlxalq tənqidlərlə qarşılanıb, Avropa Şurasının Venesiya Komissiyası həmin qanunvericilik aktlarının Avropa standartlarına cavab vermədiyini bəyan edib. Venesiya Komissiyası rəsmi Bakıya bu qanunların yenidən işlənməsini tövsiyə edib.

Siyasi məhbus məsələsinə gəlincə Avropa Şurası Parlament Assambleyası 2021-ci ildə Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib. Bu qurumda Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi fəaliyyətdədir.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG