“Siyasi partiyalar haqqında” yeni qanun qüvvəyə mindiyi tarixdən ötən müddətdə 31 siyasi partiya öz təşəbbüsü ilə ləğv olunmaları barədə bəyanat verib.
Bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidməti bildirir ki, digər 27 siyasi partiya üzvlərinin adı, soyadı, atasının adı, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı və əlaqə telefon nömrəsini əks etdirən reyestrini Ədliyyə Nazirliyinə təqdim edib.
“Nazirlik tərəfindən “Siyasi partiyalar haqqında” qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində bir sıra qüsurlar, o cümlədən - üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması və sair müəyyən olunub. Bununla bağlı partiyalara müvafiq məlumat verilib, reyestrdə aşkar olunmuş çatışmamazlıqların qanunla müəyyən edilmiş müddətdə aradan qaldırılmasının zəruriliyi diqqətə çatdırılıb. Eyni zamanda Ədliyyə Nazirliyi tərəfindən bu sahədə tədbirlər davam etdirilir və partiyalara müraciət edilərək qüsurların aradan qaldırılması üçün lazımi yardımın göstərilməsi məqsədilə onlarla görüşlərin keçirilməsinə hazır olduğu bildirilir”, məlumatda qeyd edilir.
Siyasi təhlilçi Nəsimi Məmmədli Amerikanın Səsinə deyib ki, Azərbaycanda siyasi partiyaların fəaliyyəti üçün geniş imkanlar, siyasi pluralizm, sərbəst toplaşmaq azadlığı təmin edildiyi, birləşmək hüququ ilə bağlı problemlərin olmadığı təqdirdə bu tipli bəyanatları səmimi qəbul etmək olardı.
“İndi hər kəs üçün aydınır ki, ölkədə siyasi azadlıqlar yox səviyyəsindədir. Belə bir mühitdə siyasi partiyaların özünü buraxması könüllü fəaliyyət ola bilməz. Bu daha çox təzyiq nəticəsində baş verib. Partiyaların hansı səbəbdən özünü buraxması ilə bağlı cəmiyyətdə aydın məlumat yoxdur. Həmin siyasi partiyaların cəmiyyətə verdiyi açıqlamalar da qənatbəxş deyil. Bir çoxları qanunun onların üzərində yaradacağı təhdidləri nəzərə alaraq bu addımı atıb. Bəziləri açıq ifadə edirlər ki, təhdidlərlə üzləşiblər. O baxımdan düşünürəm ki, bu, ölkədə demokratiyanın geriləməsini göstərən bir amildir”, o qeyd edib.
Siyasi təhlilçi eyni zamanda deyib ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra 66 siyasi partiya dövlət qeydiyyatına alınıb.
“Bunlardan 1993-cü ildə iki partiya məhkəmə qaydasında ləğv edilib. 2021-ci ildə 6 partiya Yeni Azərbaycan Partiyasının sıralarına qoşulduğunu bildirib. Bundan sonra qeydiyyatda olan 58 siyasi partiya var idi. Bu partiyaların çoxluğu nə cəmiyyətdə demokratik proseslər yarada bilmədi, nə vətəndaşların siyasi partiyalara qoşulması üçün hansısa bir müsbət impuls yarada bilmədi. O cəhətdən düşünürəm ki, partiyaların çoxluğu, bu istiqamətdə olan fəaliyyətlər heç də cəmiyyətin demokatikləşməsinə, plüralizmə gətirib çıxarmadı”, o bildirib.
“Partiyaların sayının azalması, özlərini buraxması ölkədə demokratik proseslərə mane olub-olmayaacağı” sualının cavabında Nəsimi Məmmədli deyib ki, indiki anda bu suala birmənalı cavab vermək çətindir.
“Bu suala da cavab vermək çətindir. Müsbət təsir göstərəcəkmi? Bunu da iddia etmək çətindir. Hər halda bunları zaman göstərəcək”, o qeyd edib.
Qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət etmiş 27 siyasi partiyanın neçəsinin qeydiyyatdan keçmək imkanları ilə bağlı sualın cavabında siyasi təhlilçi deyib ki, belə görünür ki, burada qanunvericiliyin norma və tələblərindən daha çox siyasi qərarlar həlldedici olacaq.
“Ədliyyə Nazirliyinin təkcə telefon zəngləri ilə insanların partiyaya üzv olub-olmadığını müəyyənləşdirməsi çətin məsələdir. Üzvlərin müəyyənləşdirilməsi üçün başqa metodlar da seçilməlidir. Təkcə telefon zənginə istinad edilməsi gələcəkdə hüquqi nəticələr doğuracaq. Razı olmayan partiyalar məhkəmələrə müraciət edəcək və Avropa İnsan Haqları Məhkəməsi siyasi hüquqları təmin edəcək və bununla dövlətin də üzərinə müəyyəb bir məsuliyyət qoyacaq. Bu nöqteyi-nəzərdən üzvlərin yoxlanılması fəqrli, daha doğrusu daha şəffaf olsa idi o zaman bu daha etimadlı ola bilərdi. Hər halda vətəndaş cəmiyyətinin, nazirliklərin yanındakı ictimai şuraların, onun da etimadlı üzvlərinin iştirakı ilə bu yoxalmalar həyata keçirilə bilərdi. Digər tərəfdən də düşünürəm ki, Azərbaycan kimi antidemokratik bir ölkədə beş min nəfərin bir partiyaya üzv olması çətin məsələdir. Xüsusilə də hakimiyyətin müxalif yönümlü siyasi təşkilatlara münasibətinin nə qədər basqıçı olduğunu nəzərə alsaq, həqiqət bundan ibatərdir ki, hətta müxalif siyasi partiyalara üzv olan insanlar bunu gizlədir. Ona görə ki, bu təqiblərlə, onların işlərini itirməsi ilə, yaxınlarına təzyiqlərlə nəticələnir. Ona görə də düşünürəm ki, Ədliyyə Nazirliyinin seçdiyi metod, siyasi partiyalar, o cümlədən də müxalif siyasi partiyalar üçün çətin bir vəziyyət yaradıq”, Məmmədli belə düşünür.