Accessibility links

Siyasi təhlilçi qanunvericiliyə dəyişiklikləri hökumətin “icazəli siyasət” formalaşdırması kimi qiymətləndirir 


Milli Məclis (Arxiv foto. Mənbə: VOA)
Milli Məclis (Arxiv foto. Mənbə: VOA)

İyulun 14-də Milli Məclis “Siyasi partiyalar haqqında” qanunvericiliyin pozulmasına görə yeni cərimələrin müəyyən edilməsi ilə bağlı “İnzibati Xətalar Məcəlləsi”nə dəyişiklikləri qəbul edib.

Dəyişikliklərə görə, Azərbaycan ərazisində xarici dövlətlərin siyasi partiyalarının, habelə onların bölmələrinin və təşkilatlarının təsis edilməsinə və ya fəaliyyətinə görə fiziki şəxslər 700 manatdan 1000 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək, hüquqi şəxslər 6 000 manatdan 8 000 manatadək cərimə olunacaq.

Siyasi partiyanın səlahiyyət müddəti bitmiş orqanları (struktur qurumları) tərəfindən partiyanın fəaliyyəti ilə əlaqədar hər hansı hərəkətlərin edilməsinə, o cümlədən qərarların qəbul edilməsinə və ya sənədlərin imzalanmasına görə fiziki şəxslər 700 manatdan 1 000 manatadək məbləğdə cərimələnəcək.

Siyasi partiya üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə "Siyasi partiyalar haqqında" qanunla müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumatın təqdim edilməməsinə görə vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək, hüquqi şəxslər 2 000 manatdan 3 000 manatadək cərimə olunacaq.

İctimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materiallarının hazırlanması və satışı istisna olmaqla, siyasi partiyanın sahibkarlıq fəaliyyətinin digər növləri ilə məşğul olmasına görə inzibati xəta nəticəsində vurulan ziyanın (əldə edilmiş gəlirin) 2 mislindən 4 mislinədək miqdarda cərimə ediləcək.

Siyasi partiya tərəfindən dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinə, həmçinin digər şəxslərin sahibkarlıq fəaliyyətinə müdaxilə edilməsinə görə vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək məbləğdə, hüquqi şəxslər 3 000 manatdan 5 000 manatadək məbləğdə cərimə olunacaq.

Siyasi partiyanın digər ölkələrin siyasi partiyaları ilə sazişin bağlanması və ya siyasi partiyaların beynəlxalq ittifaqlarına üzvlüyə daxil olması barədə "Siyasi partiyalar haqqında" qanunla müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməməsinə görə vəzifəli şəxslər 500 manatdan 700 manatadək, hüquqi şəxslər 1 500 manatdan 2 000 manatadək cərimə ediləcək.

Siyasi partiyanın "Siyasi partiyalar haqqında" qanunun tələblərini pozmaqla qəbul etdiyi ianəni həmin qanunla müəyyən edilmiş müddətdə geri qaytarmamasına, bu mümkün olmadığı halda isə onu dövlət büdcəsinə köçürməməsinə görə inzibati xətanın bilavasitə obyekti olmuş ianə məbləğinin 60 faizindən 80 faizinədək məbləğdə cərimə olunacaq.

Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov Amerikanın Səsinə deyib ki, formal baxımdan qanunun pozulmasına görə sanksiyaların tətbiqi normal prosesdir.

Akif Qurbanov: Hökumət "icazəli siyasət" formalaşdırır
please wait

No media source currently available

0:00 0:05:16 0:00

“Eyni zamanda “İnzibati Xətalar Məcəlləsi”nə edilən dəyişikliklərin mahiyyətinə baxanda görünür ki, qanunda göstərilən sərt məhdudiyyətlər, xüsusən qeydiyyata alınmayan siyasi partiyaların qadağan oluması ilə bağlı tələb var, həm də bunun məsuliyyətini yaradıblar. Yəni qeydiyyata alınmayan partiya fəaliyyət göstərərsə məsuliyyət yaradır. Bununla da ölkəyə icazəli siyasət gətirilir. Halbuki siyasi fəaliyyət birləşmə və ifadə azadlığından doğur. Birləşmə və ifadə azadlığını isə zəruri tələblər olmadan və adekvat tədbir görmədən dövlət məhdudlaşdıra bilməz. Təbi ki, dövlətin bu azadlıqları müəyyən müddət məhdulaşdırması da cəmiyyətdə sosial zərurətdən doğmalıdır, məhdudiyyət adekvat və proporsional olmalıdır”, o qeyd edib.

Onun fikrincə, qanunvericlikdə müəyyən edilən məhdudiyyət zərurətdən yaranmır, proporsional deyil.

“Yəni, insanlar hər hansı bir partiya adı altında fəaliyyət göstərsələr nə baş verər? O nöqteyi-nəzərdən cəzalar tətbiq etməklə qorxu mühitini bir alətə çevirirlər ki, çəkindirmə icraya yönəlsin”.

Siyasi təhlilçi eyni zamanda son günlərdə yenidən qeydiyyat üçün müraciət edən bir sıra müxalif siyasi partiyaların üzvlərinə dövlət orqanlarından zəng edərək siyasi iradələri ilə bağlı suallar verilməsinə də münasibət bildirib.

“Siyasi partiyaların qeydiyyatı ilə bağlı üzvlərinin reyesteri yaradılıb. Bu səbəbdən üzvlərin reallığını yoxlamaq vasitələrindən biri də canlı sual-cavab etməkdir. Burada formal olaraq hər hansı problem yoxdur. Amma Azərbaycanda siyasi mühitin kontekstini nəzərə alanda təbii ki, bu həm də çəkindirici bir metod kimi başa düşülə bilir. Azərbaycan mühitində üzvlərə zəng edərək sorğu-sual etmək qorxu mühiti yarada bilərmi? Bəli, qorxu yarada bilər. Çünki Azərbaycanın dövlət qurumu ilə siyasi opponent olan tərəflər arasında normal kommunikasiya yoxdur”, o qeyd edib.

Akif Qurbanov hesab edir ki, Azərbaycan hakimiyyəti təkcə “Siyasi Partiyalar haqqında” qanunla yox, həm də “Media haqqında”, eləcə də “QHT-lər haqqında” qanunla icazəli mühit formalaşdırır.

“İcazəli vətəndaş cəmiyyəti, icazəli media, yəni sistemin mediası, sistemin vətəndaş cəmiyyəti, indi də sistemin, özlərinin siyasi partiyalarını yaradırlar. İcazəli siyasət formalaşdırırlar”, siyasi təhlilçi belə düşünür.

XS
SM
MD
LG