Accessibility links

Pənah Hüseyn: Yeni qanun siyasi fəaliyyəti məhdudlaşdırır


Pənah Hüseyn
Pənah Hüseyn

Azərbaycanın keçmiş baş naziri, Xalq Partiyasının sədri Pənah Hüseyn Amerikanın Səsinə müsahibəsində “Siyasi Partiyalar haqqında” yeni qanunun icrası ilə bağlı yaranan problemlərdən danışıb. Bütün siyasi partiyalar yenidən qeydiyyatdan keçmək üçün iyulun 12-dək Ədliyyə Nazirliyinə müraciət etməlidir.

Amerikanın Səsi: “Siyasi Partiyalar haqqında” yeni qanuna görə, bütün siyasi partiyalar iyulun 12-dək yenidən dövlət qeydiyyatından keçmək üçün Ədliyyə Nazirliyinə müraciət etməlidir. Yenidən qeydiyyat üçün siyasi partiyanın 5000 nəfər üzvü olmalıdır. Yerli medianın məlumatına görə, siyasi partiyaların əksəriyyəti yeni qeydiyyat üçün müraciət etməyib. Sizin rəhbərlik etdiyiniz partiya necə, yenidən qeydiyyat üçün müracət edib?

Pənah Hüseyn: Əvvəldən qeyd edim ki, “Siyasi Partiyalar haqqında” qanun özündə antidemokratik müddəaları ehtiva edir. Bundan sonra demokratik qüvvələri təmsil edənlərin, müxalifətin əsas prioritet təşkil edən fəaliyyət istiqamətlərindən biri bu qanunun dəyişdirilməsinə nail olmaqdır. Xüsusən iki məsələnin üzərində dayanmaq istəyirəm. Dövlət qeydiyyatından keçməyən partiyaların fəaliyyətinə qadağa qoyulması və buna görə məsuliyyət müəyyən edilməsi, ikincisi isə həddindən artıq qeyri-adekvat bir şəkildə icra hakimiyyəti orqanlarının siyasi partiyalar üzərində nəzarətini özündə əks etdirən müddəaların olmasıdır. Həmçinin qanunda yeni partiyaların yaranması üçün olduqca çətin şərtlər qoyulmasıdır. Digər başqa antidemokratik müddəlar da var. Bir halda ki, qanun artıq qəbul edilib, hazırda qüvvədədir. Ona görə də bizim partiya son qurultayında yeni qanuna müvafiq olaraq fəaliyyətini davam etdirmək barədə qərar qəbul etdi. 50 nəfərdən ibarət işçi qrupu yaratdıq. Bir neçə gün əvvəl işçi qrupu mənə məlumat verdi ki, artıq 5700-6000 civarında partiya üzvünün siyahısı hazırdır. Bu gün son tamamlama işləri aparırıq. Böyük ehtimalla sabah və ya biri gün sənədlər Ədliyyə Nazirliyinə təqdim ediləcək. Məndə olan məlumata görə, indiyədək REAL Partiyası sənədləri təqdim edib. Elə indi Milli İstiqlal Partiyası (AMİP) daxil omaqla bir neçə partiya ilə müşavirədən gəlirəm. Bu gün AMİP daxil olmaqla bir neçə partiya artıq sənədlərini Ədliyyə Nazirliyinə təqdim edib.

Pənah Hüseyn: Yeni qanun siyasi fəaliyyəti məhdudlaşdırır
please wait

No media source currently available

0:00 0:06:18 0:00

Amerikanın Səsi: 2022-ci ilin yekunlarına görə Ədliyyə Nazirliyində 59 siyasi partiya dövlət qeydiyyatından keçib. Bu partiyalardan bir neçəsi parlamentdə təmsil olunur. Dövlət qeydiyyatından keçə bilməsə, həmin siyasi partiyaların taleyi necə olacaq?

Pənah Hüseyn: Qeydiyyatdan keçə bilməyən siyasi partiyalar ləğv olunacaq. Qeydiyyatdan keçə bilməyəcək partriyalar üçün sənəddəki səhvlərin düzəldilməsi üçün hələ bir ay da vaxt var. Konstitusiyanın 58-ci maddəsində insanların birləşmək hüququ, o cümlədən siyasi partiyalarda birləşmək hüququ təsbit olunub. Yeri gəlmişkən, bizim təkliflərimizdən biri odur ki, konstitusiyada siyasi partiyalar haqqında müddəa ayrıca bir maddə şəklində təsbit olunsun və bu demokratik prosesin əsas ünsürü kimi qeydə alınsın. Amma bu o demək deyil ki, siyasi fəaliyyətlə yalnız siyasi partiya formasında məşğul olmaq olar. Mənə elə gəlir ki, fiziki şəxslər də və yaxud müxtəlif qeyri-formal ictimai-siyasi xarakterli müəyyən birliklər vasitəsi ilə də siyasi fəaliyyətlə məşğul olmaq mümkündür. Əksinə hər bir qanunun müsbət və mənfi tərəfləri olur. Mən qanunun prinsipial strateji xarakterli mənfi tərəflərindən danışdım. Amma eyni zamanda bu qanun imkan verir ki, biz partiyalar kütlələrin içərisində iş aparaq, müəyyən qədər də səfərbər olub fəallaşaq. Eləcə də, mənim fikrimcə, partiyaların bir çoxunun bu şəkildə ləğvindən sonra özünün ictimai-siyasi xarakterli fəaliyyətini qeyri-formal şəkildə həyata keçirəcək təşkilatlar güclənəcək. Bu mütləq nəzərə alınmalıdır. Yeri gəlmişkən siyasi partiyalar da bunu nəzərə almalıdır.

Amerikanın Səsi: Yeni qanun siyasi mübarizəni necə stimullaşdıracaq? Əgər ölkədə proporsional seçki sistemi bərpa olunarsa dövlət qeydiyyatından keçə bilməyən siyasi partiyalar seçki mübarizəsinə necə qoşulacaq?

Pənah Hüseyn: Məncə, yeni qanun siyasi fəaliyyəti prinsipcə stimullaşdırmır. Əksinə məhdudlaşdırır. O ki, qaldı qeydiyyata alınmayan partiyalardakı şəxslərə... Yeri gəlmişkən, biz konstitusiyada dəyişikliklər gözləyirik, xeyli müddətdir bu barədə danışıqlar gedir. Böyük ehtimalla bu il referendum və konstitusiyada dəyişiklik gözlənilir, o cümlədən də majoritar seçki sistemi ilə yanaşı proporsional seçki sistemi olsun, ehtimal böyüdür ki, qarışıq seçki sistemi tətbiq olunacaq. Onsuz da yeni “Seçki Məcəlləsi” işlənib hazırlanmalıdır. Bunları yeni “Seçki Məcəlləsi” qəbul eildikdən sonra danışmaq daha doğru olacaq. Amma bir də var, təkrar edirəm majoritar seçki sistemi qalacaq. İkinci tərəfdən isə (hələ demək tezdir) istər siyasi partiyalar arasında, xüsusən müxalifətdə olan siyasi partiyalar arasında, o cümlədən ictimai sektorda olan və yaxud müstəqli siyasi fəaliyyət göstərən şəxslər və partiyalar arasında müəyyən anlaşmalar, sazişlər olmalıdır, danışıqlar aparılmalıdır və böyük qeyri-iqtidar bir seçki blokunun formalaşdırılması daha doğru olar. Bunu hələ ümumi şəkildə ifadə edirəm. Bu formada və yaxud ayrı-ayrı yerlərdə nüfuzlu şəxslərin, fəalların, blogerlərin, jurnalistlərin seçkilərdə müstəqil şəkildə iştirakı istisna olunmur. Təkrar edirəm, gözləmək lazımdır ki, “Seçki Məcəlləsi” hansı formada olacaq.

Amerikanın Səsi: Yeni qanuna görə, dövlət qeydiyyatı olmayan siyasi partiyalar fəaliyyət göstərə bilməyəcək. Sizcə, ölkədə dövlət qeydiyyatından keçən siyasi partiyalardan fərqli siyasi iradəyə malik insanlar seçki prosesində necə iştitrak edə bilər?

Pənah Hüseyn: Bu məsələyə artıq toxundum. Siyasi partiyaların seçki siyahılarında yalnız partiya üzvləri olmur. Bu yaxınlarda biz Türkiyədəki seçkilərdə bunu müşahidə etdik. İkinci isə müstəqil şəkildə də iştirak etmək olar. Yeni seçki qanununda ola bilsin ki, ayrı-ayrı şəxslərin müstəqil seçki blokları müddəası əksini tapsın və ya başqa mexanizmlər olsun. Yaxud müstəqil fiziki şəxs, vətəndaş olaraq da seçkilərə aktiv şəkildə qatılıb namizədliyi irəli sürmək mümkündür. Amma Azərbaycandakı vəziyyət məncə tələb edir ki, siyasi qüvvələr birləşdirilsin və bu birləşmənin ən əsas əlverişli formalarından biri siyasi partiyalardır.

Qeyd: Prezident İlham Əliyev “Siyasi Partiyalar haqqında” yeni qanunu imzalayıb. Qanunun mətni bu il yanvarın 11-də rəsmi mediada dərc olunub və bununla da icra qüvvəsinə minib. Sənəd müxalifətdə olan bir çox siyasi partiyalar tərəfindən kəskin tənqidlərə səbəb olub. Müxaliftətdə olan siyasi partiyalar yeni qanunun siyasi fəaliyyətin məhdudlaşdırılmasına, müxalifət partiyalarının sıradan çıxarılmasına yönəldiyini bildirib.

“Siyasi Partiyalar haqqında” qanun siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinin yoxlanılması, dayandırılması və bərpası, ləğvi qaydasını, həmçinin siyasi partiyanın fəaliyyətinin təşkili, üzvlük və maddi təminat məsələlərini müəyyən edir.

Sənəddə deyilir ki, Azərbaycanda tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaş (təsisçilər) siyasi partiya təsis edə bilər. Siyasi partiyaların dövlət qeydiyyatına alınması üçün 5000 nəfər üzvü olmalıdır. Bununla yanaşı dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayının 4500-dən aşağı olması halında həmin siyasi partiyanın dövlət qeydiyyatının ləğvi barədə məhkəmədə iddia qaldırılır. Həmçinin siyasi partiya üzvlərinin reyestri aparılır.

Qanuna görə, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir. Sənəddə deyilir ki, siyasi partiyalara il ərzində ianələrin yuxarı həddi minimum əmək haqqının 35 mislindən (hazırki anda 10500 manat) artıq ola bilməz.

Azərbaycanın yerli müstəqil ekspertləri hesab edir ki, yeni qəbul edilən qanun demokratik standartlara uyğun deyil və dəyişdirilməlidir.

Avropa Şurası Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycanın “Siyasi Partiyalar haqqında” yeni qanunu haqqında birgə rəyində deyilir ki, yeni qanun “ölkədə plüralizmə məhdudlaşdırıcı təsir göstərə biləcək bir sıra yeni problemli müddəalar tətdiq edib”.

Rəsmi Bakı isə bildirib ki, Avropa Şurasının Venesiya Komissisyasının, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun razılaşmadığı məqamlar qanuna mənfi prizmadan baxılması və sənədə yenidən baxılması üçün heç bir əsas yaratmır.

XS
SM
MD
LG