Accessibility links

İlqar Məmmədov: “Siyasi Partiyalar haqqında” qanun demokratik standartlara uyğun deyil və dəyişdirilməlidir


İlqar Məmmədov: “Siyasi Partiyalar haqqında” qanun demokratik standartlara uyğun deyil və dəyişdirilməlidir
please wait

No media source currently available

0:00 0:04:16 0:00

Respublikaçı Alternativ - REAL Partiyasının sədri İlqar Məmmədov Amerikanın Səsinə müsahibəsində siyasi partiyaların yenidən qeydiyyatı ilə bağlı yarana biləcək problemlərdən danışıb.

Amerikanın Səsi: “Siyasi Partiyalar haqqında” yeni qanuna görə bütün siyasi partiyalar 180 gün müddətində yenidən dövlət qeydiyyatından keçməlidir. REAL Partiyası dövlət qeydiyyatından keçməyə hazırdır? Bu istiqamətdə hansı işlər görürsünüz?

İlqar Məmmədov: Qəbul olunmuş yeni qanunla tamamilə razı olmasaq da onun tələblərinə uyğunlaşmaq üçün indi biz işlər görürük. Son bir neçə həftədə şəxsən mən və Siyasi Komitənin üzvləri şəhər və rayonlara səfərlər edirik. Bərdədə, Gəncədə, Şəkidə, Qaxda, Qəbələdə, bu bazar günü isə Şirvan şəhərində olduq. Yerli təşkilatlarımızla əlaqələri gücləndiririk. Yeni üzvlərin partiyaya cəlb edilməsi üçün hansı işlərin görülməsi ilə bağlı üzvlərimizi təlimatlandırırıq. Bu iş hazırda ən fəal mərhələsindədir.

Amerikanın Səsi: Əgər REAL Partiyası yaxın aylarda tələb olunan 5 min üzvdən ibarət siyahını yeni qanunun tələb etdiyi kimi təqdim etməsə və yaxud rəsmi qurumlar başçılıq etdiyiniz partiyanı dövlət qeydiyyatına almasa hansı addımları ata bilərsiniz?

Biz nə özümüzdən nagümanıq, nə də hakimiyyətin bizə qarşı atacağı addımlardan bədgümanıq.

İlqar Məmmədov: Biz nə özümüzdən nagümanıq, nə də hakimiyyətin bizə qarşı atacağı addımlardan bədgümanıq. Ona görə hal-hazırda bu gümanların ümumiyyətlə yeri yoxdur. Biz o imzaları, yeni üzvlərin imzalarını toplayacağıq və hökumətə təqdim edəcəyik. Təkrar edirəm, nə özümüzdən nagümanıq, nə də hökumətdən bədgümanıq. Hərə özünə cavabdehdir. Növbəti mərhələlərdə bütün bu sualların cavabları aydın olacaq.

Amerikanın Səsi: Əgər hökumət sizin partiyanı qeydiyyata almasa hansı qaydada mübarizə aparacaqsınız?

İlqar Məmmədov: Dedim axı, biz hökumətin atacağı addımlardan hal-hazırda bədgüman deyilik.

Amerikanın Səsi: Partiyanız dövlət qeydiyyatından keçə bilməsə onun siyasi həyatda fəaliyyəti necə olacaq? Məsələn, seçkilərdə necə iştirak edəcək?

İlqar Məmmədov: Biz partiyamızın qeydiyyatını yeniləcəyik. Yəni, öz tərəfimizdən bunun üçün lazım olan bütün addımları atacağıq. O təsəvvürlə yaşamırıq ki, partiyanın qeydiyyatı sabah ləğv olunacaq. Yəni bunun sırf nəzəri ehtimalı var. Əlbəttə, nəzəri ehtimala biz əhəmiyyət verməliyik. Amma gündəlik işimizdə, strateji planlarımızda hələlik nəzəri ehtimal olunduğuna görə, ümid edirəm ki, bu proses heç zaman praktiki çərçivəyə sığmayacaq. Ona görə bu cür düşüncələrin yəni bədgümanların yeri yoxdur.

Amerikanın Səsi: Avropa Şurasının Venesiya Komissiyası yeni qanuna bu günlərdə rəy verəcək. Venesiya Komissiyası yeni qanunun Avropa Şurası standartlarına cavab vermədiyini bildirərsə hökumətin reaksiyası necə ola bilər? Qanuna yeni dəyişikliklər edilə bilərmi?

Venesiya Komissiyasının standartlarına, prinsiplərinə baxanda aydın olur ki, rəy əlbəttə mənfi olacaq. Bizim mövqeyimiz təkrarlanacaq.

İlqar Məmmədov: Venesiya Komissiyasının rəyini niyə gözləyirsiniz? Onsuz da biz demişik, onlar da eyni sözü təkrar edəcəklər. Bu qanun demokratik standartlara uyğun deyil və dəyişdirilməlidir. Biz bununla bağlı hökumətə dəfələlərlə çağırış etdik. Bizim hətta millət vəkilimiz Milli Məclisdə üç dəfə bu qanunun əleyhinə səs verdi. Bizim mövqeyimizə önəm verən olmadı. Ona görə Venesiya Komissiyasında bu baxışı da biz əslində öz əlaqələrimiz vasitəsi ilə təşkil etdik. Venesiya Komissiyasının standartlarına, prinsiplərinə baxanda aydın olur ki, rəy əlbəttə mənfi olacaq. Bizim mövqeyimiz təkrarlanacaq. Hökumət bundan nəticə çıxaracaqmı? Ola bilər nəticə çıxarsın. Amma bu o qədər zaman aparacaq ki, bəzi partiyalar üçün praktiki əhəmiyyəti olmaya bilər. Bu öz-özlüyündə də pis bir haldır. Amma hər halda biz çalışacağıq ki, yaxın aylarda yeni qanunun tələblərinə uyğun olaraq qeydiyyatımızı təzələyək. Ondan sonra isə qanunun dəyişdirilməsi üçün fəaliyyət quracağıq.

XS
SM
MD
LG