Accessibility links

Nəsimi Məmmədli: Azərbaycanda insan hüquqları sahəsində kompleks tədbirlərə ehtiyac var


Nəsimi Məmmədli: Azərbaycanda insan hüquqları sahəsində kompleks tədbirlərə ehtiyac var
please wait

No media source currently available

0:00 0:07:45 0:00

Siyasi şərhçi Nəsimi Məmmədli Amerikanın Səsinə müsahibəsində Azərbaycanın ABŞ-da təşkil olunan Demokratiya sammitinə dəvət edilməməsinin səbəblərindən, o cümlədən son illər beynəlxalq təşkilatların ölkədə hüquq və azadlıqların vəziyyəti ilə bağlı tənqidlərindən danışıb.

Amerikanın Səsi: Son zamanlar Azərbaycan insan hüquqları ilə bağlı beynəlxalq hesabatlarda kəskin tənqid olunur. Belə ki, Avropa Şurasının Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun birgə rəyində "Siyasi Partiyalar haqqında" qanunun Avropa standartlarına uyğun olmadığı bildirilib. Bundan sonra Dövlət Departamentinin illlik hesabatında ölkədə insan hüquqlarına dair durum neqativ kontekstdə göstərilib. Daha sonra Azərbaycan ABŞ tərəfindən təşkil olunan Demokratiya sammitinə dəvət edilməyib. Bu baxışlar beynəlxalq aləmdə Azərbaycan üçün hansı fəsadlar yarada bilər?

Nəsimi Məmmədli: Əslində Azərbaycan son illər doğrudan da hüquq və azadlıqların vəziyyəti ilə bağlı haqlı olaraq beynəlxalq tənqidlərə məruz qalır. Azərbaycan qeyri-azad ölkələr sırasındadır. Təəssüflər olsun ki, Azərbaycan hakimiyyəti bu vəziyyəti dəyişmək üçün ölkə daxilində hər hansı bir ciddi addım atmır. Hətta niyyətində olduğunu belə ifadə etmir, göstərmir. Sanki belə bir qənaət yaranır ki, doğrudan da bu beynəlxalq neqativ identifikasiyadan haradasa Azərbaycan hakimiyyəti məmnundur. Sanki onun işinə bu cür qiymətləndirmələr yarayır. Əlbəttə, müəyyən fəsadlar ola bilər. Bu, xüsusilə Ermənistan-Azərbaycan arasındakı danışıqlarda öz təsirini göstərə bilər. Amma hələ ki, bir reallıq da var. On ildən çoxdur ki, vəziyyət pisləşərək gedir. Amma buna baxmayaraq, həm beynəlxalq qurumlarla, həm ayrı-ayrı Qərb dövlətləri ilə Azərbaycan əlaqələrində iqtisadi-ticarət əməkdaşlığında hansısa nəzərə çarpan problemlər yoxdur.

Amerikanın Səsi: Beynəlxalq demokratik təsisatların və Qərb dövlətlərinin Azərbaycanda insan hüquqları ilə vəziyyətə təsir etmək alətləri varmı? Qərbin geopolitik və enerji maraqları demokratiya məsələlərində rəsmi Bakı ilə dialoqa təsir göstərirmi?

Nəsimi Məmmədli: Xüsusi təsir rıçaqları yoxdur. Bu gün onu açıq şəkildə görürük. Digər tərəfdən qərb dövlətləri ilə qərbin demokratik institutlarının regionlara, xüsusilə bizim kimi ölkələr münasibətində müəyyən bir fərqliliklər var. Hökumətlər daha çox öz dövlətlərinin milli maraqlarını əsas götürərək siyasət yürüdür. Ona görə, məcburən bütün ölkələrlə onların demokratik vəziyyətinin hansı şəkildə olmasına baxmayaraq əməkdaşlıq edirlər. Amma əlbəttə, demokratik institutlar tənqidlərini davamlı olaraq səsləndirir, hökümətlərinə tövsiyə verirlər. Mən düşünürəm ki, bu proses hələ bizim regionumuzda xüsusilə müəyyən müddət belə davam edəcək.

Amerikanın Səsi: Beynəlxalq demokratik qurumlar Azərbaycanda vətəndaş cəmiyyəti institularına dəstək göstərirmi, bu sahədə əməkdaşlıq hansı formada həyata keçirilə bilər?

Nəsimi Məmmədli: Əslində müəyyən bir dəstək var. Amma bu Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyətini yaxşılaşdırmağa yetərli olan dəstək deyil. Xüsusilə də nəzərə alsaq ki, biz 2013-cü ildən etibarən Azərbaycanda QHT-lərlə və vətəndaş cəmiyyəti ilə bağlı həm qanunvericiliyin sərtləşməsi prosesi, eyni zamanda praktikada Azərbaycan hakimiyyətinin atdığı addımlar faktiki olraq QHT sektorunda demək olar ki, elə bir vəziyyət yaradıb ki, Azərbaycan vətəndaş cəmiyyəti əsasən sıradan çıxarılıb. Bu gün beynəlxalq təşkilatlarla əməkdaşlıq edəcək qurumlar barmaqla sayılacaq qədər kiçik qruplardır. Məsələnin bir tərəfi budur. Digər tərəfi budur ki, beynəlxalq qurumlar indi təəssüf ki, Azərbaycanda daha çox marginal qruplara dəstək verirlər. Bu qruplara verilən dəstək cəmiyyətdə özünün ictimai təsirini göstərmir. Nə də həmin o qrupların özündən faydalanan lokal maraq qrupları var, hətta onların özünə təsirləri belə xeyli dərəcədə minimumdur. Ona görə bu yanaşma dəyişməlidir. Beynəlxalq qurumların Azərbaycanda QHT-lərə, vətəndaş cəmiyyətinə dəstəyi şəffaf olmalıdır. Düzdür mən anlayıram ki, qanunvericilikdə müəyyən məhdudiyyətlər var. Bununla bağlı problemlər var. Amma buna baxmayaraq əgər belə bir şəffaflıq olarsa bəlkə Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün daha çox şərait yaranmış olar.

Amerikanın Səsi: Bir sıra Qərb institutları Azərbaycana qarşı sanksiya tətbiq edilməsinə ehtiyac olduğunu bildirirlər. Sizcə gələcəkdə Azərbaycanı sanksiya gözləyə bilərmi?

Nəsimi Məmmədli: Beynəlxalq sanksiyalar hansı ölkələrə tətbiq olunubdursa, son on illərin təcrübəsi göstərir ki, bu, ölkələrin heç birində demokratik inkişafa gətirib çıxarmayıb. O sanksiyalar daha çox Qərb dövlətləri ilə həmin milli hakimiyyətləri, milli dövlətləri sanki qarşı-qarşı gətirib. Münasibətlər düzəlmək əvəzinə, ziddiyyətlər daha da dərinləşib. Əlbəttə, incə bir cizgi var. Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyəti çox bərbaddır. Mən deyərdim ki, biz doğrudan da 57 qeyri-azad ölkələr sırasında 9-cu yerdə qərar tutmuşuq. Onu göstərir ki, Azərbaycanda gerçəkdən də vəziyyət çox mürəkkəbdir. Amma bunun düzəlməsi üçün atılacaq addımlarda sanksiya müəyyən müsbət təsir göstərə bilərmi sualına mən birmənalı olaraq cavab verməyə çətinlik çəkirəm. Dediyim kimi təcrübə onu göstərir ki, bu heç də hər zaman effektli nəticə doğurmayıb. Amma əlbəttə, müəyyən addımlar atılmalıdır. Bu şəkildə ola bilməz. Azərbaycanda insan hüquqlarının düzəlməsi üçün müəyyən kompleks tədbirlər görülməyə ehtiyac var.

Amerikanın Səsi: Hakimiyyətin hazırkı münasibəti fonunda ölkənin demokratik inkişaf perspektivlərini necə görürsünüz?

Nəsimi Məmmədli: Vəziyyət xüsusilə 2020-ci ilin 44 günlük müharibəsindən sonra Azərbaycanda mürəkkəbəşməyə doğru gedir. Əgər əvvəllər cəmiyyətin özündə hansısa kiçik demokratikləşmə ilə bağlı meyllər var idisə, indi artıq o tendensiya da xeyli dərəcədə arxa plana keçib. Sanki cəmiyyətdə bir ətalət var. Bu, iki halda mümkündür. Ya Azərbaycan hakimiyyəti özü yuxarıdan müəyyən islahatlara getməlidir. Ya da Azərbaycan cəmiyyətinin özündə bütövlükdə bu dəyişiklikər, demokratik proseslər üçün təşəbbüslər olmalıdır. Bunların olmayacağı təqdirdə Qərbin hər hansı bir formada Azərbaycanda bu prosesi sürətləndirməsi real deyil. Bu məsələ mütləq Azərbaycan cəmiyyətinin özünün daxilində yoğrulmalıdır. Ondan sonra cəmiyyətdə ifadə olunmalıdır.

XS
SM
MD
LG