Accessibility links

Ədliyyə Nazirliyi REAL Partiyasının 4500-dən çox üzvündən cəmi 463 nəfərini keçərli sayıb


REAL Partiyası (Mənbə: VOA)
REAL Partiyası (Mənbə: VOA)

“Siyasi Partiyalar haqqında” yeni qanuna uyğun olaraq siyasi partiyalar iyulun 12-dək yenidən qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinə müraciət etməlidir.

Respublikaçı Alterantiv (REAL) Partiyası qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinə müraciət edib. Ədliyyə Nazirliyi bu partuiyanın siyahısında olan üzvlərinin cəmi 463 nəfrinin keçərli olduğunu bildirib.

REAL Partitasının məlumatında deyilir: “Ədliyyə Nazirliyindən REAL partiyası olaraq rəsmi cavab aldıq. Deyir, reyestrdə adlarını göstərdiyiniz üzvlərlə əlaqə saxladıq. 986 nəfər partiyaya üzv olmadığını bildirdi. Daha 1058 nəfərin telefon nömrəsi kimi ofisinizin nömrəsini göstərmisiniz, bunu isə məqbul saymırıq. 2527 nəfər barədə məlumatlar (adı, soyadı, doğum tarixi) Əhalinin Dövlət Reyestrində tapılmadı (yəqin hərf səhvi kimi səbəblərə görə). Nəhayət, 68 nəfərin adı təkrar gedib, 16 nəfər isə ölüb. Beləliklə, Partiyamızın siyahısında cəmi 463 nəfərim adı “keçərli” oldu. Qanuna əsasən növbəti 30 gün ərzində ya 4500+ nəfərin məlumatlarını “düzəltməli”, ya da eyni qədər yeni üzv toplamalı, ya da partiyanı buraxmalıyıq. Bu həftə qərarımız haqda ictimaiyyətə məlumat verəcəyik”, REAL Partiyasının məlumatında deyilir.

REAL Partiyasının sədri İlqar Məmmədov Amerikanın Səsinə deyib ki, Azərbaycan hakimiyyəti özünün 30 illik rəqibləri ilə siyasi şoularını davam etmək istəyir.

“Azərbaycan hakimiyyəti seçkilərdə həqiqi respublikaçı müxalifətlə üz-üzə gəlmək istəmir”, o qeyd edib.

Ədliyyə Nazirliyindən REAL Partiyasına cavabla bağlı şərh almaq mümkün olmayıb.

Prezident İlham Əliyev Siyasi Partiyalar haqqında yeni qanunu imzalayıb. Qanunun mətni bu il yanvarın 11-də rəsmi mediada dərc olunub və bununla da icra qüvvəsinə minib. Sənəd müxalifətdə olan bir çox siyasi partiyalar tərəfindən kəskin tənqidlərə səbəb olub.

Müxaliftətdə olan siyasi partiyalar yeni qanunun siyasi fəaliyyətin məhdudlaşdırılmasına, müxalifət partiyalarının sıradan çıxarılmasına yönəldiyini bildirib.

“Siyasi Partiyalar haqqında” qanun siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinin yoxlanılması, dayandırılması və bərpası, ləğvi qaydasını, həmçinin siyasi partiyanın fəaliyyətinin təşkili, üzvlük və maddi təminat məsələlərini müəyyən edir.

Sənəddə deyilir ki, Azərbaycanda tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaş (təsisçilər) siyasi partiya təsis edə bilər. Siyasi partiyaların dövlət qeydiyyatına alınması üçün 5000 nəfər üzvü olmalıdır. Bununla yanaşı dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayının 4500-dən aşağı olması halında həmin siyasi partiyanın dövlət qeydiyyatının ləğvi barədə məhkəmədə iddia qaldırılır. Həmçinin siyasi partiya üzvlərinin reyestri aparılır.

Qanuna görə, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir. Sənəddə deyilir ki, siyasi partiyalara il ərzində ianələrin yuxarı həddi minimum əmək haqqının 35 mislindən (hazırki anda 10500 manat) artıq ola bilməz.

Azərbaycanın yerli müstəqil ekspertləri hesab edir ki, yeni qəbul edilən qanun demokratik standartlara uyğun deyil və dəyişdirilməlidir.

Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov Amerikanın Səsinə deyib ki, son günlərdə yenidən qeydiyyat üçün müraciət edən bir sıra müxalif siyasi partiyaların üzvlərinə dövlət orqanlarından zəng edərək siyasi iradələri ilə bağlı suallar verilməsi qorxu mühiti yarada bilər.

“Siyasi partiyaların qeydiyyatı ilə bağlı üzvlərinin reyesteri yaradılıb. Bu səbəbdən üzvlərin reallığını yoxlamaq vasitələrindən biri də canlı sual-cavab etməkdir. Burada formal olaraq hər hansı problem yoxdur. Amma Azərbaycanda siyasi mühitin kontekstini nəzərə alanda təbii ki, bu həm də çəkindirici bir metod kimi başa düşülə bilir. Azərbaycan mühitində üzvlərə zəng edərək sorğu-sual etmək qorxu mühiti yarada bilərmi? Bəli, qorxu yarada bilər. Çünki Azərbaycanın dövlət qurumu ilə siyasi opponent olan tərəflər arasında normal kommunikasiya yoxdur”, o qeyd edib.

Akif Qurbanov hesab edir ki, Azərbaycan hakimiyyəti təkcə Siyasi Partiyalar haqqında qanunla yox, həm də Media haqqında, eləcə də QHT-lər haqqında qanunla icazəli mühit formalaşdırır.

“İcazəli vətəndaş cəmiyyəti, icazəli media, yəni sistemin mediası, sistemin vətəndaş cəmiyyəti, indi də sistemin, özlərinin siyasi partiyalarını yaradırlar. İcazəli siyasət formalaşdırırlar, siyasi təhlilçi belə düşünür.

Avropa Şurası Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycanın Siyasi Partiyalar haqqında yeni qanunu haqqında birgə rəyində deyilir ki, yeni qanun “ölkədə plüralizmə məhdudlaşdırıcı təsir göstərə biləcək bir sıra yeni problemli müddəalar tətdiq edib.

Rəsmi Bakı isə bildirib ki, Avropa Şurasının Venesiya Komissisyasının, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun razılaşmadığı məqamlar qanuna mənfi prizmadan baxılması və sənədə yenidən baxılması üçün heç bir əsas yaratmır.

XS
SM
MD
LG