Accessibility links

İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı Qubad İbadoğlunu dərhal azad etməyə çağırır


Qubad İbadoğlu (VOA-arxiv foto)
Qubad İbadoğlu (VOA-arxiv foto)

İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı (OMCT)və digər hüquq müdafiə təşkilatları Azərbaycanda vətəndaş fəalı və iqtisadçı alim Qubad İbadoğlunun üzləşdiyi həbs, saxlanma və ağır həbs şəraitindən dərin narahatlığını bildirib.

Bu barədə təşkilatın avqustun 8-də yaydığı bəyanatda deyilir.

“Biz təcili olaraq Azərbaycan hakimiyyətini Qubad İbadoğlu və İradə Bayramovanın(Qubad İbadoğlunun həyat yoldaşı) saxlanılması və həbsi ilə bağlı müstəqil, qərəzsiz araşdırma aparmağa çağırırıq. Biz Qubad İbadoğluna qarşı ittihamların saxta olduğuna və siyasi motivlərlə irəli sürüldüyünə əmin olduğumuz üçün onun dərhal azadlığa buraxılmasını tələb edirik”, bəyanatda deyilir.

Bundan əlavə təşkilat bəyanatında qeyd edir ki, Qubad İbadoğlunun saxlanma şəraitinin ağır olmasından da narahatdır.

“Həddindən artıq güc tətbiqi, pis rəftar, tibbi yardımdan imtina və pis saxlanma şəraiti qeyri-insani və ləyaqəti alçaldan rəftardır ki, bu həm Azərbaycan qanunvericiliyi, həm də Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq insan hüquqları müqavilələri ilə qəti qadağandır”, bəyanatda qeyd edilir.

İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı hesab edir ki, bu müqavilələrin iştirakçısı olan dövlət kimi Azərbaycan bütün şəxslərin, o cümlədən məhbusların ləyaqətini, hüquqlarını qorumağa və onlara hörmətlə yanaşmağı, adekvat tibbi yardım, humanist saxlama şəraiti və istənilən formada müdafiəni təmin etməyə borcludur.

“İnsan hüquqları və qanunun aliliyi prinsiplərini qorumaq üçün bu öhdəliklərin hər hansı pozulması hərtərəfli araşdırılmalı və aradan qaldırılmalıdır”, bəyanatda deyilir.

Təşkilat həmçinin hesabatında iqtisadçı alim Qubad İbadoğlunun vəkili ilə görüşündə üzləşdiyi maneələri də vurğulayıb.

Qurum bəyanatında qeyd edir ki, Azərbaycan hakimiyyəti ifadə azadlığı hüququna hörmət etməli və onu qorumalı, ona öz fikirlərini, tənqidlərini təqib və ya təqiblərdən qorxmadan sərbəst ifadə etməyə imkan verməlidir.

“Biz bu çətin dövrdə Qubad İbadoğlu, İradə Bayramova və onların ailəsi ilə həmrəyik və ədalətin bərqərar olması və insan hüquqlarının qorunması üçün bundan sonra da əlimizdən gələni edəcəyik”, bəyanatda qeyd edilir.

Bununla bağlı Amerikanın Səsi olaraq Azərbaycanın aidiyyatı rəsmi qurumlarından şərh almaq cəhdi baş tutmayıb. Amma Rəsmi Bakı bu tipli bəyanatları qərəzli hesab edir. Hakimiyyət ölkədə davamlı islahatların aparıldığını bildirir. İnsanların əqidəsində görə təqib edilmədiyini, vətəndaşların qanun qarşısında bərabər olduğunu bəyan edir. Dövlət rəhbərləri ölkədə siyasi məhbusların oldğunu qəbul etməsə də Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi fəaliyyət göstərib.

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçilib.

Qubad İbadoğlu barəsində seçilmiş həbs qətimkan tədbirindən verilmiş apellyasiya şikayətləri təmin olunmayıb.

Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandrıb.

Qubad İbadoğlu vaxtı ilə Fulbrayt proqramı çərçivəsində ABŞ-da təhsil alıb. O, ölkədə və beynəlxalq aləmdə iqtisadiyyat sahəsində tanınan alimlərdəndir. İqtisad elmləri doktoru İbadoğlu London İqtisadiyyat Məktəbi, ABŞ-ın Duke və Ratqers Universitetlərinin professoru olub. İqtisadiyyat üzrə ən nüfuzlu beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib.

Uzun illər xaricdə yaşadıqdan sonra bu yaxınlarda Azərbaycana qayıdan İbadoğlu ötən ay mühacirətdə olan bir neçə aparıcı azərbaycanlı siyasətçi və fəalla birlikdə Londonda Azərbaycan Gənclərinin Təhsil Fondunun yaradılmasını elan edib. Qubad İbadoğlu Azərbaycan məmurlarının xarici ölkələrdə olan qanunsuz yolla qazandıqları vəsaitlərin bu fonda köçürülməsinə və gənclərin təhsilinə sərf olunmasına çağırıb.

Çoxsaylı yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Deparatmenti Qubad İbadoğlunun həbsindən narahatlığını bildirib, onun azad edilməsini tələb edib.

“İnsan hüquqları hər zaman Birləşmiş Ştatlar üçün masadadır və biz öz narahatlığımızı açıq və fərdi qaydada ifadə edirik”, Dövlət Departamentinin sözçüsü Metyu Miller Qubad İbadoğlunun həbsinə münasibət bildirərkən deyib.

Forum

XS
SM
MD
LG