Accessibility links

Qubad İbadoğlu ev dustaqlığına buraxılmadı, vəkil onun 9 kiloqram çəki itirdiyini deyir


Qubad İbadoğlu
Qubad İbadoğlu

Avqustun 7-də Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri, iqtisadçı, London İqtisadi və Siyasi Elmlər Məktəbinin professoru Qubad İbadoğlunun ev dustaqlığına buraxılması ilə bağlı Nərimanov Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə baxılıb.

Avqustun 1-də Nərimanov Rayon Məhkəməsində Qubad İbadoğlunun həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı verilmiş vəsatət təmin olunmayıb. Vəkil Zibeydə Sadıqova həmin qərardan apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsində qapalı keçirilən prosesə Qubad İbadoğlunun özü də gətirilib.

Zibeydə Sadıqova bildirib ki, partiya sədri səhhətindəki problemləri məhkəmənin diqqətinə çatdırıb.

Zibeydə Sadıqova
Zibeydə Sadıqova

"O bildirdi ki, həbs olunanda onun çəkisi 94 kiloqram idi. Bakı İstintaq Təcridxanasında olduğu müddətdə Qubad bəy 5 kiloqram itirib, həbs olunan gündən bəri isə ümumilikdə 9 kiloqram zəifləyib".

Qubad İbadoğlu 1 saylı Bakı İstintaq Təcridxanasında müayinə edilməsini təsdiq edib.

"Avqustun 3-də o, təcridxanada müayinə olunub, amma bu, cəmi 1 dəfə olunan müayinədir. Müayinədən sonra həkimlər mütləq onu nəzarətdə saxlamalıdırlar, davamlı müayinə olunmalıdır. Çox təəssüf ki, Bakı İstintaq Təcridxanasında belə bir şərait yoxdur. Bütün bunların nəzərə alınmasını xahiş etdik, lakin çox təəssüf ki, məhkəmə bizim vəsatətimizi təmin etmədi", vəkil bildirib.

Zibeydə Sadıqova Qubad İbadoğlunun tanınmış professor olduğunu, onun istintaqdan yayınmaq niyyətinin olmadığını deyib:

"O, bu cinayət işinin sonadək araşdırılmasında və bəraət almaqda israrlıdır".

Penitensiar Xidmət Qubad İbadoğlunun sağlamlıq durumu ilə bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

Avqustun 4-də Qubad İbadoğlunun qardaşı Qalib Toğrul ictimaiyyətə çağırış edərək bildirib ki, Qubad İbadoğlunun həyatına yaranmış təhdid təhlükəli həddə çatıb.

Avqustun 5-də Qubad İbadoğlunun hüquqlarını Müdafiə Komitəsi onun sərbəst buraxılması tələbi ilə bəyanat, ölkənin onlarla tanınmış ziyalısı eyni xahişlə Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçilib.

İyulun 28-də Qubad İbadoğlu barəsində seçilmiş həbs qətimkan tədbirindən verilmiş apellyasiya şikayəti təmin olunmayıb.

Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandrıb.

Qubad İbadoğlu vaxtı ilə Fulbrayt proqramı çərçivəsində ABŞ-da təhsil alıb. O, ölkədə və beynəlxalq aləmdə iqtisadiyyat sahəsində tanınan alimlərdəndir. İqtisad elmləri doktoru İbadoğlu London İqtisadiyyat Məktəbi, ABŞ-ın Duke və Ratqers Universitetlərinin professoru olub. İqtisadiyyat üzrə ən nüfuzlu beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib.

Uzun illər xaricdə yaşadıqdan sonra bu yaxınlarda Azərbaycana qayıdan İbadoğlu ötən ay mühacirətdə olan bir neçə aparıcı azərbaycanlı siyasətçi və fəalla birlikdə Londonda Azərbaycan Gənclərinin Təhsil Fondunun yaradılmasını elan edib. Qubad İbadoğlu Azərbaycan məmurlarının xarici ölkələrdə olan qanunsuz yolla qazandıqları vəsaitlərin bu fonda köçürülməsinə və gənclərin təhsilinə sərf olunmasına çağırıb.

Çoxsaylı yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Departamenti Qubad İbadoğlunun həbsindən narahatlığını bildirib, onun azad edilməsini tələb edib.

"İnsan hüquqları hər zaman Birləşmiş Ştatlar üçün masadadır və biz öz narahatlığımızı açıq və fərdi qaydada ifadə edirik", Dövlət Departamentinin sözçüsü Metyu Miller İbadoğlunun həbsinə münasibət bildirərkən deyib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG