Accessibility links

Qubad İbadoğlunun qardaşı Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi ilə görüşüb


Qalib Toğrul
Qalib Toğrul

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun qardaşı Qalib Toğrul avqustun 7-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyinin saxlanma yerləri məsələləri üzrə nümayəndəsi ilə görüşüb.

Qalib Toğrul Amerikanın Səsinə deyib ki, görüş zamanı həbsdə olan qardaşı Qubad İbadoğlunun sağlamlıq durumu, saxlanma şəraiti ilə bağlı məlumat verib.

“Mən bildirdim ki, biz çox narahatıq. Biz istəyirik ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi öz səlahiyyətləri çərçivəsində bu məsələyə müdaxilə etsin. Onlar müəyyən qeydlər götürdülər. Bizim müraciətimizi qeydə aldılar. Çox güman ki, sabahdan artıq hərəkətə keçəcəklər . Dedilər ki, həkimlərini məlumatlandıracaqlar. Həmin həkim də Penitensiar Xidmətin həkimi ilə əlaqə yaradacaq. Bundan sonra tələb olunan addımlar atılacaq,” o deyib.

Qalib Toğrul: Beynəlxalq Qırmızı Xaç Komitəsi müraciətimi qeydə aldı.
please wait

No media source currently available

0:00 0:02:18 0:00

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədrinin səhhətinə gəldikdə isə qardaşı bildirib ki, Qubad İbadoğlunun səhhəti kritikdir.

“Həm şəkərlə bağlı problemləri var. Şəkəri stabilləşmir. Həm də qan təzyiqi ilə bağlı problemi var. Bundan əlavə ürəyində problemi var. Aortanın genişlənməsindən əziyyət çəkir. Problemləri çoxdur. Artıq şəkər bədənin digər orqanlarında fəsadlar törətməyə başlayıb. Şəkəri davamlı şəkildə yüksək olduğuna görə artıq sol gözündə zəifləmə qeydə alınıb. Eyni zamanda böyrəyində müəyyən fəsadlar qeydə alınıb. Bütün bunlar Penitensiar Xidmətin həkim müayinələrinin nəticəsidir. Bəlkə də çox şeyləri bizdən gizlədirlər, demirlər. Amma bizə deyiblər ki, bu cür problemlər var. Bizi çox narahat edir”, Qalib Toğrul bildirib.

O, Qubad İbadoğlunun saxlanma şəraitinə toxunaraq, havasız şəraitdə saxlaılmasının səhhətinə mənfi təsir etdiyini deyib.

“Eyni zamanda ailəsi ilə görüşə verilmir. Psixoloji təzyiqdir. Əsəb içərisindədir. Onda yeni bir xəstəlik də qeydə alınıb. Qalxanabənzər vəzdə düyünlər əmələ gəlib. Bu da əsəbi şəraitdə olması ilə bağlıdır. Bütün bunlar bizi çox narahat edir. Çox qayğılandırır. Ona görə də çalışırıq ki, Qubad bəy ən tez zamanda həbsxanadan azad olunsun,” o qeyd edib.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyi Amerikanın Səsinin Qalib Toğrulun görüşü ilə bağlı sorğusuna hələ cavab verməyib. Öz növbəsində, Penitensiar Xidmət də Qubad İbadoğlunun sağlamlıq durumu ilə bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

Bu arada amerikalı senator Bob Menendez Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun həbsinə reaksiya verib.

“Mən azərbaycanlı müxalifət liderinin və Rutgers Universiteninin keçmiş qonaq professorunun həbsindən narahatam və yaxından izləyirəm”, Menendez bildirib.

“Mən Qubad İbadoğlunun Rutgersdəki həmkarlarının, eləcə də ailəsinin yanındayam və Dövlət Departamentini Azərbaycan hökuməti ilə bütün təmaslarda onun azadlığa buraxılmasını prioritet tutmağa çağırıram”, o bildirib.

Oxşar bəyanatla ABŞ Nümayəndələr Palatasının üzvü Kris Smit çıxış edib.

“İndiyədək Prezident Əliyev bir çox ağır insan haqları pozuntusuna görə məsuliyyət daşıyıb - lakin fərdin qəsdən yaxud ehtiyatsız şəkildə öldürülməsi üçün hədəf alınması hələ ki, bu sıraya daxil deyil”, Smit bəyan edib. “Beynəlxalq sivil cəmiyyətin üzvləri ilə bərabər mən Əliyevə müraciət edərək onu Dr. İbadoğlunu azad etməyə çağırıram ki, o, təcili ehtiyac duyduğu həyat əhəmiyyətli tibbi qayğını ala bilsin”o bildirib.

The Washington Post qəzeti bazar günü dərc etdiyi baş məqalədə Qubad İbadoğlunuhn həbsini onun Azərbaycandakı kelptokraiya və korrupsiyanı tənqid etməsi ilə əsaslandırıb.

Redaksiya heyəti hazırda iqtisadçı alimə qarşı irəli sürülən saxta pul, Fətullah Gülən hərəkatı ilə əlaqədar ittihamları “absurd” adlandırıb.

“Onun saxlanmasının həqiqi səbəbi daha çox iyun ayındakı hadisələrlə əlaqədardır. Həmin vaxt o, yeni nəsil azərbaycanlı peşəkarlar yetişdirmək üçün Britaniyada Azərbaycan Gənc Təhsil Fondu təsis etmişdi. Cənab İbadoğlu demişdi ki, bu fond donorlar, ələlxüsus korrupsioner Azərbaycan siyasətçilərinin dövlətdən oğurlayıb Britaniyada yığdıqları maliyyə vəsaitləri hesabına maliyyələşdiriləcək,” baş məqalədə qeyd olunur.

Avqustun 4-də Qubad İbadoğlunun qardaşı Qalib Toğrul ictimaiyyətə çağırış edərək bildirib ki, Qubad İbadoğlunun həyatına yaranmış təhdid təhlükəli həddə çatıb.

Avqustun 5-də Qubad İbadoğlunun hüquqlarını Müdafiə Komitəsi onun sərbəst buraxılması tələbi ilə bəyanat, ölkənin onlarla tanınmış ziyalısı eyni xahişlə Prezident İlham Əliyevə müraciət qəbul edib.

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçilib.

Qubad İbadoğlu barəsində seçilmiş həbs qətimkan tədbirindən verilmiş apellyasiya şikayətləri təmin olunmayıb.

Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandrıb.

Qubad İbadoğlu vaxtı ilə Fulbrayt proqramı çərçivəsində ABŞ-da təhsil alıb. O, ölkədə və beynəlxalq aləmdə iqtisadiyyat sahəsində tanınan alimlərdəndir. İqtisad elmləri doktoru İbadoğlu London İqtisadiyyat Məktəbi, ABŞ-ın Duke və Ratqers Universitetlərinin professoru olub. İqtisadiyyat üzrə ən nüfuzlu beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib.

Uzun illər xaricdə yaşadıqdan sonra bu yaxınlarda Azərbaycana qayıdan İbadoğlu ötən ay mühacirətdə olan bir neçə aparıcı azərbaycanlı siyasətçi və fəalla birlikdə Londonda Azərbaycan Gənclərinin Təhsil Fondunun yaradılmasını elan edib. Qubad İbadoğlu Azərbaycan məmurlarının xarici ölkələrdə olan qanunsuz yolla qazandıqları vəsaitlərin bu fonda köçürülməsinə və gənclərin təhsilinə sərf olunmasına çağırıb.

Çoxsaylı yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Deparatmenti Qubad İbadoğlunun həbsindən narahatlığını bildirib, onun azad edilməsini tələb edib.

“İnsan hüquqları hər zaman Birləşmiş Ştatlar üçün masadadır və biz öz narahatlığımızı açıq və fərdi qaydada ifadə edirik”, Dövlət Departamentinin sözçüsü Metyu Miller ibadoğlunun həbsinə münasibət bildirərkən deyib.

Forum

XS
SM
MD
LG