Accessibility links

Qubad İbadoğlunun evində aparılan axtarışla bağlı verilən şikayət təmin olunmayıb


Qubad İbadoğlu (Gubad Ibadoghlu)
Qubad İbadoğlu (Gubad Ibadoghlu)

Avqustun 2-də Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri, iqtisadçı, London İqtisadi və Siyasi Elmlər Məktəbinin professoru Qubad İbadoğlunun mənzilində və bağ evində aparılan axtarışla bağlı Nərimanov Rayon Məhkəməsinin qərarından apellyasiya şikayətinə baxılıb.

Vəkil Zibeydə Sadıqova bildirib ki, onlar Bakı Apellyasiya Məhkəməsinə Qubad İbadoğlunun Yasamalda və Novxanıdakı evlərində aparılan axtarışla bağlı məhkəmə qərarının əsassız olduğunu bildiriblər:

"Çünki heç bir əsaslandırma olmamışdı. Axtarışda Qubad müəllimin və evin mülkiyyətçisinin iştirakı təmin olunmamışdı. Məhkəmədən xahiş etdik ki, həmin qərarı qanunsuz hesab etsin, lakin təəssüf ki, məhkəmə bizim şikayətimizi təmin etmədi".

Vəkilin sözlərinə görə, Qubad İbadoğlu özü də məhkəmədə iştirak edib.

"Qubad müəllim şikayətini müdafiə etdi və birinci axtarışda iştirak etmişdi, həmin məsələlərə məhkəmədə aydınlıq gətirdi. Məhkəmə bizim arqumentlərimizi nəzərə almadı".

İyulun 24-də Nərimanov Rayon Məhkəməsində Qubad İbadoğlu barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

İyulun 28-də Qubad İbadoğlu barəsində seçilmiş həbs qətimkan tədbirindən verilmiş apellyasiya şikayəti təmin olunmayıb.

Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandrıb.

Qubad İbadoğlu vaxtı ilə Fulbrayt proqramı çərçivəsində ABŞ-da təhsil alıb. O, ölkədə və beynəlxalq aləmdə iqtisadiyyat sahəsində tanınan alimlərdəndir. İqtisad elmləri doktoru İbadoğlu London İqtisadiyyat Məktəbi, ABŞ-ın Duke və Ratqers Universitetlərinin professoru olub. İqtisadiyyat üzrə ən nüfuzlu beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib.

Uzun illər xaricdə yaşadıqdan sonra bu yaxınlarda Azərbaycana qayıdan İbadoğlu ötən ay mühacirətdə olan bir neçə aparıcı azərbaycanlı siyasətçi və fəalla birlikdə Londonda Azərbaycan Gənclərinin Təhsil Fondunun yaradılmasını elan edib. Qubad İbadoğlu Azərbaycan məmurlarının xarici ölkələrdə olan qanunsuz yolla qazandıqları vəsaitlərin bu fonda köçürülməsinə və gənclərin təhsilinə sərf olunmasına çağırıb.

Forum

XS
SM
MD
LG