Accessibility links

Qalib Toğrul: Qardaşım məhkəməsiz-filansız, qurama ittihamlarla təcridxanada ölümə məhkum edilib


Qubad İbadoğlu
Qubad İbadoğlu

Avqustun 4-də Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri, iqtisadçı, London İqtisadi və Siyasi Elmlər Məktəbinin professoru Qubad İbadoğlunun qardaşı Qalib Toğrul ictimaiyyətə çağırış edib.

O bildirib ki, Qubad İbadoğlunun həyatına yaranmış təhdid təhlükəli həddə çatıb:

"13 gündür ki, şəkəri və qan təzyiqi normadan xeyli yüksək olan qardaşım sürətlə çəki itirir. Hətta dərmanları vaxtında və normasında qəbul etsə belə, bunun heç bir faydası olmayacaq. Çünki hazırki saxlanma şəraiti ilə (havasızlıq, hərəkətsizlik, antisanitariya, ailəsi ilə görüşə icazə verilməməsi və digər yollarla formalaşdırılan davamlı psixoloji təzyiq səbəbindən) səhhətindəki yaxşılaşmadan danışmaq yersizdir".

Qalib Toğrul bildirib ki, 1 saylı Bakı İstintaq Təcridxanasının rəhbərliyi bu gün qardaşının ürəyinin exokardioloji müayinəsinin aparılmasını təşkil edib.

"Məlum olub ki, aortanın kökündəki genişlənmə son 2 həftədə 37 mm-dən 41 mm-ə yüksəlib. Bu, artıq sonuncu həyəcan siqnalıdır. Aortanın anevrizması xəstəliyində reqres mümkün deyil, yəni böyümənin geri dönüşü yoxdur, bu xəstəliyin müalicəsində məqsəd proqresin qarşısını almaqdır. Qubad İbadoğlunun arterial təzyiqi hər gün 150-100, şəkəri normadan 2-3 qat artıq olur. Bu gedişlə aortanın genişlənən hissəsinin partlaması, yəni ölüm riski qaçılmazdır", deyə çağırışda deyilir.

Qalib Toğrul Qubad İbadoğlunun həyatından narahat olduğunu qeyd edib və beynəlxalq, həmçinin yerli təşkilatları biganə yanaşmamağa çağırıb:

"Qardaşım məhkəməsiz-filansız, qurama ittihamlarla Kürdəxanı təcridxanasında ölümə məhkum edilib. Beynəlxalq və yerli insan hüquqları təşkilatlarını, ölkəmizdəki diplomatik korpusları, hamını, hər kəsi - bütün gücü və iradəsi çatanları Qubad İbadoğlunun ölüm hökmünün icrasının dayandırılmasına dəstək olmağa çağırıram".

Məsələ ilə bağlı Penitensiar Xidmətdən, hələlik, mövqe almaq mümkün olmayıb.

İyulun 24-də Nərimanov Rayon Məhkəməsində Qubad İbadoğlu barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

İyulun 28-də Qubad İbadoğlu barəsində seçilmiş həbs qətimkan tədbirindən verilmiş apellyasiya şikayəti təmin olunmayıb.

Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandrıb.

Qubad İbadoğlu vaxtı ilə Fulbrayt proqramı çərçivəsində ABŞ-da təhsil alıb. O, ölkədə və beynəlxalq aləmdə iqtisadiyyat sahəsində tanınan alimlərdəndir. İqtisad elmləri doktoru İbadoğlu London İqtisadiyyat Məktəbi, ABŞ-ın Duke və Ratqers Universitetlərinin professoru olub. İqtisadiyyat üzrə ən nüfuzlu beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib.

Uzun illər xaricdə yaşadıqdan sonra bu yaxınlarda Azərbaycana qayıdan İbadoğlu ötən ay mühacirətdə olan bir neçə aparıcı azərbaycanlı siyasətçi və fəalla birlikdə Londonda Azərbaycan Gənclərinin Təhsil Fondunun yaradılmasını elan edib. Qubad İbadoğlu Azərbaycan məmurlarının xarici ölkələrdə olan qanunsuz yolla qazandıqları vəsaitlərin bu fonda köçürülməsinə və gənclərin təhsilinə sərf olunmasına çağırıb.

Forum

XS
SM
MD
LG