Accessibility links

Qubad İbadoğlu ev dustaqlığına buraxılmadı


Qubad İbadoğlu (Gubad Ibadoghlu)
Qubad İbadoğlu (Gubad Ibadoghlu)

Avqustun 1-də Nərimanov Rayon Məhkəməsində Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri, iqtisadçı, London İqtisadi və Siyasi Elmlər Məktəbinin professoru Qubad İbadoğlunun ev dustaqlığına buraxılması üçün verilmiş vəsat təmin olunmayıb. Bu barədə vəkil Zibeydə Sadıqova məlumat verib.

Vəkilin sözlərinə görə, qapalı keçirilən məhkəmədə professorun özü də iştirak edib.

"Qubad İbadoğlu bildirdi ki, yarımçıq qalmış məqalələri və tədqiqatları var. Deyir ki, heç vaxt bu qədər vaxt itirməyib. Həyatı boyu zehni işlə məşğul olub. İndi isə kamerada işləməyə şəraiti yoxdur. Sonuncu məqaləsi isə ilk onluqda olan məşhur Resources Policy jurnalında dərc edilib", o bildirib.

Zibeydə Sadıqova məhkəməyə Qubad İbadoğlunun səhhətindəki problemləri təsdiqləyən tibbi sənədlər də təqdim edib.

"Qubad bəy şəkər, təzyiq xəstəliklərindən əziyyət çəkir. Onun kamera şəraitində saxlanması vəziyyətinin ağırlaşmasına gətirib çıxarır. Təəssüf ki, məhkəmə vəsatətimizi təmin etmədi", o vurğulayıb.

Vəkil Nərimanov Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verəcəklərini bildirib.

Qubad İbadoğlunun qardaşı Qalib Bayramov bildirib ki, artıq 10 gündür ki, ailə üzvləri onunla görüşə bilmir.

"Məhkəmələrə arxa qapıdan gətirib-aparırlar ki, bir neçə saniyə olsa belə, bir-birimizi görə bilməyək. Bu, psixoloji təzyiqdir. Bu, hüququ heçə saymaqdır" o bildirib.

İyulun 24-də Nərimanov Rayon Məhkəməsində Qubad İbadoğlu barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

İyulun 28-də Qubad İbadoğlu barəsində seçilmiş həbs qətimkan tədbirindən verilmiş apellyasiya şikayəti təmin olunmayıb.

Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandrıb.

Qubad İbadoğlu vaxtı ilə Fulbrayt proqramı çərçivəsində ABŞ-da təhsil alıb. O, ölkədə və beynəlxalq aləmdə iqtisadiyyat sahəsində tanınan alimlərdəndir. İqtisad elmləri doktoru İbadoğlu London İqtisadiyyat Məktəbi, ABŞ-ın Duke və Ratqers Universitetlərinin professoru olub. İqtisadiyyat üzrə ən nüfuzlu beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib.

Uzun illər xaricdə yaşadıqdan sonra bu yaxınlarda Azərbaycana qayıdan İbadoğlu ötən ay mühacirətdə olan bir neçə aparıcı azərbaycanlı siyasətçi və fəalla birlikdə Londonda Azərbaycan Gənclərinin Təhsil Fondunun yaradılmasını elan edib. Qubad İbadoğlu Azərbaycan məmurlarının xarici ölkələrdə olan qanunsuz yolla qazandıqları vəsaitlərin bu fonda köçürülməsinə və gənclərin təhsilinə sərf olunmasına çağırıb.

Forum

XS
SM
MD
LG