"Siyasi Partiyalar haqqında" yeni qanuna uyğun olaraq siyasi partiyalar iyulun 12-dək yenidən qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinə müraciət etməlidir.
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinə müraciət edib. AXCP sədri Əli Kərimlinin məlumatına görə, Ədliyyə Nazirliyinin məktubunda siyahı ilə bağlı qeyd olunmuş çatışmazlıqlar qeyri-dəqiq və mücərrəddir:
"Nazirliyə təqdim etdiyimiz reyestrdə 5315 nəfər AXCP üzvü haqqında məlumatlar təqdim etmişik. Nazirlik bizə cavabında yazır ki, bizim təqdim etdiyimiz reyestrdə guya 5138 nəfər (177 nəfər az) haqda məlumatlar təqdim olunub. Sonra da nazirlik iddia edir ki, reyestrə daxil edilmiş 2497 nəfər barədə məlumatlar (adı, soyadı, ata adı, doğulduğu tarix) düzgün göstərilmədiyindən dəqiqləşdirilməlidir. Haradan bilək ki, hansı partiya üzvünün məlumatı sizin tərəfdən düz kimi, hansının məlumatı "düzgün göstərilməyən" kimi qəbul olunur? Çatışmazlıq nədədir?"
Partiya sədri qeyd edib ki, onların 5 min üzvü Ədliyyə Nazirliyinin təyin etdiyi vaxtda toplaşıb nazirliyin qarşısına gələ bilər, nazirlik onları əyani şəkildə görsün və saysın.
Əli Kərimli əlavə edib ki, Ədliyyə Nazirliyinin məktubunda göstərilmiş digər çatışmazlıqlara isə 119 nəfərin başqa partiyaların üzvü olması, 59 şəxs barədə məlumatların təkrarlanması, 609 nəfərin AXCP üzvü olmaması daxildir.
"Digər iradlar da qətiyyən inandırıcı deyil və siyasi mülahizələrlə tərtib olunub. Ədliyyə Nazirliyi AXCP üzvlərinin reyestrində səhv, çatışmazlıq hesab etdiyi məlumatları dəqiq və ünvanlı göstərməlidir. Bizim bilməyə haqqımız var ki, reyestrə daxil edilmiş partiya üzvlərindən konkret kimlər digər partiyaların üzvü hesab olunub, konkret kimlər AXCP üzvü olmadığını deyib Ədliyyə Nazirliyinə, hansı partiya üzvlərinin adı reyestdə təkrarlanıb", deyə AXCP sədri bildirib.
Kərimli bununla bağlı Ədliyyə Nazirliyinə məktub göndərəcəklərini, onlara detallı və əsaslandırılmış şəkildə cavab verilməsini tələb edəcəklərini vurğulayıb:
"Bütün bəhanələri kəsməyə hazırıq. İstəyirlər, partiya üzvlərinin şəxsiyyət vəsiqələrinin surətini də toplayıb təqdim edək nazirliyə. İstəyirlər, yazının əvvəlində yazdığım kimi, birbaşa toplaşaq nazirliyin qarşısına. Bütün hüquqi yollardan istifadə edəcəyik. Hüquqi yollar tıxananda da siyasi yollar var qarşımızda. Biz hakimiyyətin real müxalifəti məhv etmək, təkpartiyalı sistem yaratmaq siyasətilə barışmayacağıq".
Ədliyyə Nazirliyindən Azərbaycan Xalq Cəbhəsi Partiyasına verdiyi cavabla bağlı şərh almaq mümkün olmayıb.
İyulun 17-də Ədliyyə Nazirliyi REAL Partiyasına da mənfi cavab vermişdi. Nazirliyin cavabında partiyanın 463 nəfərinin keçərli olduğu qeyd olunmuşdu. İyulun 19-da isə Müsavat Partiyasına da Ədliyyə Nazirliyi tərəfindən oxşar cavab verilib.
Son bir neçə ayda Azərbaycanda 30-dan çox partiya özünü buraxıb. Bu sıraya Müstəqil Xalq Partiyası (MXP), Azərbaycan Milli Demokrat Partiyası (AMDP), Yeni Yol Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik Partiyası, Aydınlar Partiyası, Kommunist Partiyası, Vahid Azərbaycan Milli Birlik və Azərbaycan Azad Respublikaçılar Partiyası və digərləri daxildir.
2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub.
Prezident İlham Əliyev "Siyasi Partiyalar haqqında" yeni qanunu imzalayıb. Qanunun mətni bu il yanvarın 11-də rəsmi mediada dərc olunub və bununla da icra qüvvəsinə minib.
Sənəd müxalif partiyalar tərəfindən kəskin tənqidlərə səbəb olub.
Siyasi partiyalar yeni qanunun siyasi fəaliyyətin məhdudlaşdırılmasına, müxalifət partiyalarının sıradan çıxarılmasına yönəldiyini bildirib.
"Siyasi Partiyalar haqqında" qanun siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinin yoxlanılması, dayandırılması və bərpası, ləğvi qaydasını, həmçinin siyasi partiyanın fəaliyyətinin təşkili, üzvlük və maddi təminat məsələlərini müəyyən edir.
Sənəddə deyilir ki, Azərbaycanda tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaş (təsisçilər) siyasi partiya təsis edə bilər. Siyasi partiyaların dövlət qeydiyyatına alınması üçün 5000 nəfər üzvü olmalıdır. Bununla yanaşı dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayının 4500-dən aşağı olması halında həmin siyasi partiyanın dövlət qeydiyyatının ləğvi barədə məhkəmədə iddia qaldırılır. Həmçinin siyasi partiya üzvlərinin reyestri aparılır.
Qanuna görə, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir. Sənəddə deyilir ki, siyasi partiyalara il ərzində ianələrin yuxarı həddi minimum əmək haqqının 35 mislindən (hazırki anda 10500 manat) artıq ola bilməz.
Azərbaycanın yerli müstəqil ekspertləri hesab edir ki, yeni qəbul edilən qanun demokratik standartlara uyğun deyil və dəyişdirilməlidir.
Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov Amerikanın Səsinə deyib ki, son günlərdə yenidən qeydiyyat üçün müraciət edən bir sıra müxalif siyasi partiyaların üzvlərinə dövlət orqanlarından zəng edərək siyasi iradələri ilə bağlı suallar verilməsi qorxu mühiti yarada bilər.
"Siyasi partiyaların qeydiyyatı ilə bağlı üzvlərinin reyesteri yaradılıb. Bu səbəbdən üzvlərin reallığını yoxlamaq vasitələrindən biri də canlı sual-cavab etməkdir. Burada formal olaraq hər hansı problem yoxdur. Amma Azərbaycanda siyasi mühitin kontekstini nəzərə alanda təbii ki, bu həm də çəkindirici bir metod kimi başa düşülə bilir. Azərbaycan mühitində üzvlərə zəng edərək sorğu-sual etmək qorxu mühiti yarada bilərmi? Bəli, qorxu yarada bilər. Çünki Azərbaycanın dövlət qurumu ilə siyasi opponent olan tərəflər arasında normal kommunikasiya yoxdur", o qeyd edib.
Akif Qurbanov hesab edir ki, Azərbaycan hakimiyyəti təkcə "Siyasi Partiyalar haqqında" qanunla yox, həm də "Media haqqında", eləcə də "QHT-lər haqqında" qanunla icazəli mühit formalaşdırır.
"İcazəli vətəndaş cəmiyyəti, icazəli media, yəni sistemin mediası, sistemin vətəndaş cəmiyyəti, indi də sistemin, özlərinin siyasi partiyalarını yaradırlar. İcazəli siyasət formalaşdırırlar", deyə Qurbanov qeyd edib.
Avropa Şurası Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycanın "Siyasi Partiyalar haqqında" yeni qanunu haqqında birgə rəyində deyilir ki, yeni qanun "ölkədə plüralizmə məhdudlaşdırıcı təsir göstərə biləcək bir sıra yeni problemli müddəalar tətdiq edib".
Azərbaycan rəsmiləri isə bildirib ki, Avropa Şurasının Venesiya Komissisyasının, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun razılaşmadığı məqamlar qanuna mənfi prizmadan baxılması və sənədə yenidən baxılması üçün heç bir əsas yaratmır.