Accessibility links

Ukraynada müharibədən əziyyət çəkən 30 uşaq Azərbaycana gətirilib


Ukraynda müharibədən əziyyət çəkən 30 uşaq Azərbaycana gətirilib (Mənbə: Ukraynanın Azərbaycandakı səfirliyi)
Ukraynda müharibədən əziyyət çəkən 30 uşaq Azərbaycana gətirilib (Mənbə: Ukraynanın Azərbaycandakı səfirliyi)

Avqustun 4-də Ukraynada müharibədən əziyyət çəkən daha 30 uşaq Azərbaycana gətirilib.

Rəsmi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkil etdiyi düşərgəyə cəlb edilən uşaqlar Bakı, Şamaxı Qəbələ və Şəki şəhərlərində 14 günlük müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunacaq.

Peşəkar psixoloqlar tərəfindən keçirilən fərdi konsultasiyalar, qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, psixo-sosial təlimlər, ustad dərsləri vasitəsilə həmin uşaqların emosional vəziyyətlərinin stabilləşməsi, cəmiyyətə inteqrasiyaları təmin ediləcək.

Onlar üçün ingilis dili kursları, ölkənin tarixi yerlərinə, muzeylərinə ekskursiyalar təşkil olunacaq.

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski bildirib ki, artıq ikinci ildir “azərbaycanlı dostlarla birlikdə Rusiyanın Ukraynaya silahlı təcavüzü nəticəsində zərər çəkmiş ukraynalı uşaqların reabilitasiyası və istirahəti layihəsi”nin icrası davam etdirilir.

“Bu dəfə qonaqpərvər Azərbaycana Ukraynanın suverenliyini və ərazi bütövlüyünü rus işğalçılarından müdafiə edən və ya təəssüf ki, vətənimizin işıqlı gələcəyi naminə canlarından keçmiş şəxslərin uşaqları təşrif buyurdular. Qarşıda uşaqlarımızı zəngin iki həftəlik proqram, çoxlu rəngarəng və müsbət emosiyalar gözləyir”, səfir qeyd edib.

Müharibənin ilk günlərindən Azərbaycan Ukraynaya humanitar yardım göstərməyə başlayıb. İlk yardım müharibənin başlamasından üç gün sonra, 27 fevralda çatdırılıb.

Rəsmi məlumatlara görə, Ukraynadakı böhranla bağlı Azərbaycanın göstərdiyi humanitar yardımın ümumi məbləği 43 milyon manatdan çoxdur. Bununla yanaşı, müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ümumilikdə 120 ukraynalı uşaq tibbi və sosial-psixoloji reabilitasiya məqsədilə Azərbaycana gətirilib. İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına 12 saylı məktəb tam bərpa edilib.

Azərbaycan Dövlət Neft Şirkətinin Ukrayna nümayəndəliyi, SOCAR Energy Ukraine, müharibə başlayandan humanitar yardım olaraq təcili tibbi yardım və yanğınsöndürən avtomobillərini pulsuz yanacaqla təmin edir.

Azərbaycan Ukraynaya sonuncu dəfə iyunun 9-da humanitar yardım göndərib.

İyulun 17-də isə Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya humanitar yardım məqsədilə elektrik avadanlığının satın alınması və göndərilməsi üçün 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Energetika Nazirliyinə 7,6 milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrıb.

Buna qədər Azərbaycan Ukraynaya Kaxovka Su Elelktrik Stansiyasının dağıntılarının nəticələrinin aradan qaldırılması üçün humanitar yardım qismində generatorlar, nasoslar və digər avadanlıqlar, həmçinin ərzaq, dərman və tibbi ləvazimatlar göndərib.

Forum

XS
SM
MD
LG