Accessibility links

Ukrayna Prezidenti humanitar yardımlara görə Azərbaycana və digər ölkələrə minnətdarlığını bildirib


Ukrayna Prezidenti Volodimir Zelenski humanitar yardıma görə Azərbaycana və digər ölkələrə təşəkkür edib.

Prezident Zelenski bu barədə video müraciətində bildirib.

“Enerji və minalardan təmizləmə sahəsində humanitar yardıma görə Azərbaycana təşəkkür edirəm”, Ukrayna lideri Twitter hesabında yazıb.

“Bu həftə dövlətimizə, xalqımıza, ordumuza, bütün vətəndaşlarımıza dəstək olaraq yeni qərarlar qəbul edən bütün ölkələrə təşəkkür etmək istəyirəm”, Zelenski qeyd edib.

Zelenski həmçinin Koreyaya, İsveçə, Yaponiyaya, Avstraliyaya, Kanadaya, Birləşmiş Krallığa, ABŞ-a, Almaniyaya yardımlarına görə minnətdarlığını bildirib.

İyulun 17-də Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya humanitar yardım məqsədilə elektrik avadanlığının satın alınması və göndərilməsi üçün 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Energetika Nazirliyinə 7,6 milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrıb.

Buna qədər Azərbaycan Ukraynaya Kaxovka Su Elelktrik Stansiyasının dağıntılarının nəticələrinin aradan qaldırılması üçün humanitar yardım qismində generatorlar, nasoslar və digər avadanlıqlar, həmçinin ərzaq, dərman və tibbi ləvazimatlar göndərib.

Müharibənin ilk günlərindən Azərbaycan Ukraynaya humanitar yardım göndərməyə başlayıb. İlk yardım müharibənin başlamasından üç gün sonra, 27 fevralda çatdırılıb.

Rəsmi məlumatlara görə, Ukraynadakı böhranla bağlı Azərbaycanın göstərdiyi humanitar yardımın ümumi məbləği 30 milyon manatdan çoxdur. Bununla yanaşı, müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ümumilikdə 90-a yaxın ukraynalı uşaq tibbi və sosial-psixoloji reabilitasiya məqsədilə Azərbaycana gətirilib. İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına 12 saylı məktəb tam bərpa edilib.

Azərbaycan Dövlət Neft Şirkətinin Ukrayna nümayəndəliyi, SOCAR Energy Ukraine, müharibə başlayandan humanitar yardım olaraq təcili tibbi yardım və yanğınsöndürən avtomobillərini pulsuz yanacaqla təmin edir.

Azərbaycan Ukraynaya sonuncu dəfə iyunun 9-da humanitar yardım göndərib.

XS
SM
MD
LG