Accessibility links

Azərbaycan və Ukrayna xarici işlər nazirləri görüşüb


Ceyhun Bayramov və Dmitro Kuleba (Mənbə: Xarici İşlər Nazirliyi)
Ceyhun Bayramov və Dmitro Kuleba (Mənbə: Xarici İşlər Nazirliyi)

Iyunun 21-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığa işgüzar səfəri çərçivəsində Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, görüşdə iki ölkə arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, Ukraynada vəziyyət və bölgədə post-münaqişə səyləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycan və Ukrayna arasında diplomatik münasibətlərin qurulmasından ötən illər ərzində iki ölkənin müxtəlif, o cümlədən siyasi, iqtisadi, mədəni, humanitar sahələr üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunduğunu bildirib.

Nazir Ukraynanın ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləyən Azərbaycanın Ukrayna ətrafında yaranmış böhran ilə əlaqədar göstərdiyi humanitar yardımları bundan sonra da davam etdirəcəyini bildirib.

Nazir Ceyhun Bayramov, həmçinin bölgədə mövcud vəziyyət, post-münaqişə dövründə Azərbaycanın sülh və quruculuq səyləri, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar, mövcud çağırışlar barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

Nazir Dmitro Kuleba, Azərbaycan və Ukrayna arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıqdan bəhs edərək, bu istiqamətdə iki ölkənin liderləri arasında intensiv xarakter daşıyan təmasların rolunu vurğulayıb. Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardım minnətdarlıqla qeyd olunub.

Rəsmi məlumatlara görə, Ukraynadakı böhranla bağlı Azərbaycanın göstərdiyi humanitar yardımın ümumi məbləği 30 milyon manatdan çoxdur. Bununla yanaşı, müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ümumilikdə 90-a yaxın ukraynalı uşaq tibbi və sosial-psixoloji reabilitasiya məqsədilə Azərbaycana gətirilib. İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına 12 saylı məktəb tam bərpa edilib.

Azərbaycan Dövlət Neft Şirkətinin Ukrayna nümayəndəliyi (SOCAR Energy Ukraine) müharibə başlayandan humanitar yardım olaraq təcili tibbi yardım və yanğınsöndürən avtomobillərini pulsuz yanacaqla təmin edir.

Azərbaycan Ukraynaya növbəti humanitar yardımı iyunun 9-da göndərib.

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski jurnalistlərə bildirib ki, Rusiya "terrorçu rejimi" tərəfindən Kaxovka Su Elektrik Stansiyasının bəndinin partladılması üzrə yaranmış fəsadların aradan qaldırılması üçün Azərbaycan Ukraynaya çox ehtiyac duyulan yardım göndərən ilk ölkələrdəndir.

XS
SM
MD
LG