Accessibility links

Azərbaycanın humanitar yardım karvanı Ukraynaya çatıb


Azərbaycanın humanitar yardım karvanı (Foto Ukraynanın Azərbaycandakı səfirliyinindir)
Azərbaycanın humanitar yardım karvanı (Foto Ukraynanın Azərbaycandakı səfirliyinindir)

Azərbaycan tərəfindən əsas elektrik avadanlıqlarından ibarət humanitar yardım karvanının ikinci hissəsi Ukraynaya çatıb.

“Ümumi dəyəri 450.000 ABŞ dollarından çox olan 45 ədəd yüksək güc generatorları Rusiyanın barbar hava hücumlarından ən çox zərər çəkmiş bölgələrdə Ukraynanın mülki əhalisinin ehtiyaclarını ödəmək üçün göndəriləcək. Dəstək və köməyə görə dost Azərbaycana və Azərbaycan xalqına səmimi təşəkkürümüzü bildiririk!” Ukraynanın Azərbaycandakı səfirliyinin məlumatında deyilir.

Ukraynanın energetika naziri German Qaluşenko da Azərbaycanın energetika naziri Pərviz Şahbazova operativ reaksiya və səmərəli, vaxtında dəstəyə görə minnətdarlıq bildirib.

“Ukrayna xalqı ilə həmrəyliyinizə görə minnətdarıq”, o qeyd edib.

Rəsmi məlumatlara görə, Ukraynadakı böhranla bağlı Azərbaycanın göstərdiyi humanitar yardımın ümumi məbləği 30 milyon manata yaxındır.

Bununla yanaşı, müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ümumilikdə 90-a yaxın ukraynalı uşaq tibbi və sosial-psixoloji reabilitasiya məqsədilə Azərbaycana gətirilib. İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına 12 saylı məktəb tam bərpa edilib.

XS
SM
MD
LG