Accessibility links

Azərbaycan Ukraynaya minatəmizləyən maşın göndəriləcəyini elan edib


Azərbaycan Ukraynaya mina təmizləmək üçün maşın göndəriləcəyini elan edib.

Bu barədə Amerikanın Səsinə Azərbaycan Xarici İşlər Nazirliyindən bildiriblər.

Öz növbəsində Ukrayna hökumət saytının məlumatıan görə, Ukrayna daxili işlər nazirinin müavini Boqdan Drapyatı Azərbaycanın bu ölkədəki səfiri Seymur Mərdəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Danışıqlarda əsas mövzu Ukraynanın minalardan təmizlənməsi və bu istiqamətdə Azərbaycanın yardımı məsələsi olub.

“Rusiya Federasiyasının hərbi təcavüzü nəticəsində təxminən 174 min kvadrat kilometr ərazi mina və digər partlayıcı obyektlərlə potensial olaraq çirklənib. Ukraynanın çaylarının, su anbarlarının və Azov, Qara dənizlərin sahil sularının, hidrotexniki qurğuların və dəniz limanlarının, o cümlədən təxminən 14 min kvadrat kilometr akvatoriyanı minalardan və digər partlayıcı obyektlərdən təmizləmək lazımdır,” daxili işlər nazirinin müavini bildirib.

Bundan başqa, tərəflər humanitar minatəmizləmə sahəsində təcrübə mübadiləsi üçün Azərbaycan ərazisində gələcək təlimlərin təşkili məsələsini müzakirə ediblər.

“Biz Ukraynaya humanitar minatəmizləmə məsələsi də daxil olmaqla, yardım paketinin həcmini artırmaq qərarına gəldik,” səfir deyib.

Görüşün sonunda Azərbaycan tərəfi Ukraynaya mexanikləşdirilmiş minalardan təmizləmə maşınının daxil olacağı yeni yardım paketini elan edib.

Xatırlatma

Müharibənin ilk günlərindən Azərbaycan Ukraynaya humanitar yardım göndərməyə başlayıb. İlk yardım müharibənin başlamasından üç gün sonra, 27 fevralda çatdırılıb.

Rəsmi məlumatlara görə, Ukraynadakı böhranla bağlı Azərbaycanın göstərdiyi humanitar yardımın ümumi məbləği 30 milyon manatdan çoxdur. Bununla yanaşı, müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ümumilikdə 90-a yaxın ukraynalı uşaq tibbi və sosial-psixoloji reabilitasiya məqsədilə Azərbaycana gətirilib. İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına 12 saylı məktəb tam bərpa edilib.

Azərbaycan Dövlət Neft Şirkətinin Ukrayna nümayəndəliyi (SOCAR Energy Ukraine) müharibə başlayandan humanitar yardım olaraq təcili tibbi yardım və yanğınsöndürən avtomobillərini pulsuz yanacaqla təmin edir.

Ukrayna Prezidenti Volodimir Zelenski humanitar yardıma görə Azərbaycana və digər ölkələrə təşəkkür edib.

Prezident Zelenski bu barədə video müraciətində bildirib.

“Enerji və minalardan təmizləmə sahəsində humanitar yardıma görə Azərbaycana təşəkkür edirəm,” Ukrayna lideri qeyd edib.

Forum

XS
SM
MD
LG