Accessibility links

Putin Ukraynadan uşaqların oğurlandığını inkar edir


İyulun 29-da Sankt-Peterburqda keçirilən iki günlük Afrika sammitinin sonunda Rusiya prezidenti Vladimir Putin Ukraynadan uşaqları qaçırması ilə bağlı hökumətinə qarşı irəli sürülən ittihamlar barədə danışıb.

Afrika liderlərinin Rusiyanın Ukrayna ilə sülh danışıqlarında vasitəçilik təklifi ilə bağlı sualın cavabında Putin deyib ki, Afrika sülh planının aspektlərindən biri ukraynalı uşaqlarla bağlı vəziyyətdir.

“Uşaq oğurluğu ilə bağlı şişirdilmiş hekayələri bilirsiniz. Biz bunu sadə dillə izah edirik: insan oğurluğu olmayıb. Müharibə zonasından çıxarılan uşaqları xilas etmək üçün cəhdlər və konkret tədbirlər görülüb” deyib Putin.

“Burada heç bir problem yoxdur. Bu uydurulmuş hekayədir,” o bildirib.

Lakin bu, doğru deyil.

Putin və prezidentin Uşaq Hüquqları üzrə müvəkkili Mariya Lvova-Belova uşaqların oğurlanmasında əlləri olduğuna görə soyqırım ittihamı ilə üzləşir. Mart ayında Beynəlxalq Cinayət Məhkəməsi (ICC) onların həbsinə order verib.

Lvova-Belova iyulun 30-da Putinə bildirib ki, Rusiya 700 min ukraynalı uşağı “qəbul edib”. Həmin hesabatda göstərilən rəqəmlər müstəqil olaraq təsdiqlənməyib.

Beynəlxalq humanitar hüquq, sağlamlıq və təhlükəsizliyi qorumaq üçün müvəqqəti təxliyələrə icazə verilsə də, uşaqların “silahlı münaqişə tərəfi tərəfindən” təxliyəsini qadağan edir və valideynlərin razılığı da tələb olunur.

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurası tərəfindən yaradılmış Ukrayna üzrə Beynəlxalq Təhqiqat Komissiyası Rusiyanın beynəlxalq humanitar hüququn tələblərini yerinə yetirmədiyini bildirib.

Dəqiq rəqəmlərin daha yüksək olmasına baxmayaraq, Ukrayna rəsmiləri deportasiya edilmiş və ya məcburi köçürülmüş ukraynalı uşaqların sayının 19 546 olduğunu müəyyən edib. Onların böyük əksəriyyəti Ukraynanın cənub və şərqində Rusiya tərəfindən işğal olunmuş rayonlardan aparılıb.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun may ayında açıqladığı hesabatda bildirilib ki, uşaqların mütəşəkkil yerdəyişməsinin ən çox göstərildiyi səbəblər təhlükəsizlik problemləri, övladlığa götürmə, himayədarlıq və ya istirahət düşərgələri deyilən yerlərdə müvəqqəti saxlanmadır.

Associated Press-in onlarla şahidlə müsahibəsi, Rusiya sənədləri və digər mənbələrə əsaslanan araşdırmasından sonra mart ayında dərc olunan sənədində deyilib ki, Rusiya “ukraynalı uşaqları razılığı olmadan Rusiyaya və ya Rusiyanın nəzarətində olan ərazilərə deportasiya edib, ata-analarının onlardan imtina etdiyi barədə onlara yalan məlumat verib və onları Rusiya ailələrinə verərək, vətəndaşlıq verib”.

Forum

XS
SM
MD
LG