Noyabrın 9-da Azərbaycan tərəfindən göndərilən elektrik avadanlıqlarından ibarət humanitar yardım karvanı Ukrayna hökumətinə təhvil verilib.
AZƏRTAC dövlət agentliynin məlumatına görə, Ukraynanın Xmelnitski vilayətində humanitar yardımın təhvilvermə mərasimi keçirilib.
Azərbaycanın Ukraynadakı səfirliynin əməkdaşı Sabir Rzayev bildirib ki, Azərbaycan Energetika Nazirliyinin tədarük etdiyi humanitar yükə 555 min metrdən çox elektrik kabelləri və naqilləri daxildir. 14 TIR-dan ibarət yük avtomobili karvanının daşıdığı humanitar məqsədli mallar Ukraynadakı mövcud vəziyyətlə əlaqədar zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpasına dəstək üçün göndərilib.
Ukrayna Energetika Nazirliynin nümayəndəsi Petro Lutsiv isə bildirib ki, yenidən dost Azərbaycandan kabel məhsulları alınıb.
“Biz Azərbaycandan olan həmkarlarımıza və bütün Azərbaycan xalqına mübarizəmizi davam etdirməkdə və Ukrayna ərazisində düşmən təcavüzünə qalib gəlməkdə bizə göstərdikləri əvəzsiz köməyə görə son dərəcə minnətdarıq. Biz belə çətin bir zamanda Ukraynaya göstərilən dəstəyi yüksək qiymətləndiririk”, Petro Lutsiv qeyd edib.
Azərbaycan Enegetika Nazirliyinin məlumatına görə, nazirliyin tədarük etdiyi humanitar yardımın dəyəri 1,5 milyon manatdan çoxdur.
Nazirlik bildirir ki, Ukrayna tərəfindən daxil olmuş müraciətlər əsasında Prezident İlham Əliyevin sərəncamı ilə ayrılmış ümumi dəyəri 7,6 milyon ABŞ dolları olan yardımın növbəti hissələrinin yaxın müddət ərzində yola salınması planlaşdırılır.
Azərbaycanın Ukraynaya göstərdiyi humanitar, o cümlədən bərpa və yenidənqurma işlərinə dəstək xarakterli yardımların ümumi məbləği artıq 33 milyon ABŞ dollarından çoxdur. Müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ümumilikdə 154 ukraynalı uşaq Azərbaycanda tibbi və sosial-psixoloji reabilitasiya keçib.
Ukraynanın İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına “Linqvist” humanitar liseyi tam bərpa edilib, habelə həmin şəhərdə ciddi dağıntılara məruz qalmış bir sıra sosial təyinatlı obyektlərin Azərbaycan tərəfindən əsaslı bərpası ilə bağlı hazırda müvafiq işlər aparılmaqdadır.
Forum