Azərbaycan Ukraynaya humanitar minatəmizləmə maşını göndərib.
Bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti Facebook səhifəsində məlumat yayıb.
“Azərbaycan Poltava bölgəsində ukraynalı istehkamçılara “Revival P” mexanikləşdirilmiş minatəmizləmə maşını verib. Avadanlığın istehsalçı şirkətinin nümayəndələri də mütəxəssislərimiz üçün təlim keçirmək üçün Ukraynaya gəliblər. Minatəmizləmə maşını işğaldan azad edilmiş ərazilərin humanitar minatəmizləmə işlərini həyata keçirən istehkamçılara təhvil veriləcək”, xəbərdə qeyd edilir.
Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev də X hesabında yazıb ki, Azərbaycan bu ilin iyununda Londonda keçirilən Ukraynanın Bərpası Konfransında vəd etdiyi humanitar minatəmizləmə maşınını Ukraynaya bağışlayıb.
“Improtex Industries” istehsalçı şirkətinin mütəxəssisləri onun istismarı ilə bağlı ukraynalı mütəxəssislərə təlimlərə başlayıblar", o qeyd edib.
Azərbaycan Rusiya-Ukrayna müharibəsinin ilk günlərindən başlayaraq Ukraynaya humanitar yardımlarını davam etdirir.
Azərbaycan bundan öncə Ukraynaya noyabrın 24-də və 21-də, oktyabrın 30-da elektrik avadanlıqlarından ibarət humanitar yüklər yola salıb.
Belə ki, Azərbaycan Prezidenti iyulun 17-də Ukraynaya elektrik avadanlıqlarından ibarət humanitar yardım üçün 7,6 milyon ABŞ dolları ayırıb.
Azərbaycanın Ukraynaya göstərdiyi humanitar, o cümlədən bərpa və yenidənqurma işlərinə dəstək xarakterli yardımların ümumi məbləği artıq 33 milyon ABŞ dollarından çoxdur. Müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ümumilikdə 154 ukraynalı uşaq Azərbaycanda tibbi və sosial-psixoloji reabilitasiya keçib.
Ukraynanın İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına “Linqvist” humanitar liseyi tam bərpa edilib, habelə həmin şəhərdə ciddi dağıntılara məruz qalmış bir sıra sosial təyinatlı obyektlərin Azərbaycan tərəfindən əsaslı bərpası ilə bağlı hazırda müvafiq işlər aparılmaqdadır.
Forum